Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Qardaş Türkiyənin Çaldıran şəhərində Qarabağ məhəlləsi və Azərbaycan prospekti – böyük Zəfərin sədaları…

Samir Adıgözəlli: “…biz HDP-nin bu planını pozduq”

“Biz Çaldıranda Azərbaycan prospekti və Qarabağ məhəlləsi ilə yanaşı, Rəcəb Tayib Ərdoğan adına məhəllənin açılışını etdik”

Azərbaycan dövlətinin Qarabağ cəbhəsində qazandığı zəfərin ardınca ölkəmizdə olduğu kimi, qardaş Türkiyədə də bir sıra yaddaqalan layihələr həyata keçirilir. Belə ki, Beynəlxalq Diaspor Mərkəzinin və Əsilsiz erməni soyqırımı iddialarına qarşı Mücadilə Dərnəyinin təşəbbüsü, Çaldıran Bələdiyyəsinin qərarı ilə Çaldıranda Azərbaycan prospektinin və Qarabağ məhəlləsinin açılışı olub.

Boyukmillet.com xəbər verir ki, bunu “Bakı-Xəbər”ə açıqlamasında İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırma Mərkəzinin sədri Samir Adıgözəlli bildirdi ki, Azərbaycanın qazandığı zəfər qardaş ölkədə böyük ruh yüksəkliyi ilə qarşılanır: “Biz Çaldıranda böyük bir layihəni gerçəkləşdirdik, Azərbaycan prospektinin və Qarabağ məhəlləsinin açılışını etdik. Çaldıranın bələdiyyə başqanı, icra nümayəndəsi, AK partiya başqanı, eləcə də bütövlükdə Van əyalətinin Çaldıran rayonunun rəsmi şəxsləri bu tədbirdə iştirak edirdilər. Pandemiya dövrü olmasına baxmayaraq, sakinlər də tədbirə qatılmışdılar.

Azərbaycan prospekti Çaldıranın əsas ana küçəsində yerləşir və oradan İpək yolu keçir və bura Vanın qapısı adlandırılır. Bu layihənin gerçəkləşdirilməsi Beynəlxalq Diaspor Mərkəzinin və Əsilsiz erməni soyqırımı iddialarına qarşı Mücadilə Dərnəyinin təşəbbüsü ilə keçən il Çaldıran Bələdiyyəsi ilə qərara alınıb. Sizə məlumat kimi bir məsələni də deyim ki, keçən il  kürdlərin PKK-ya yaxın HDP partiyasının həmin prospektin “Ararat prospekti” adlandırılması ilə bağlı layihəsi vardı, ancaq biz HDP-nin bu planını pozduq, Van prospekti adlandırılan həmin prospekt Azərbaycan prospekti adlandırıldı. Onu deyim ki, biz Çaldıranda Azərbaycan prospekti və Qarabağ məhəlləsi ilə yanaşı, Rəcəb Tayib Ərdoğan adına məhəllənin açılışını etdik. Açılışda Çaldıran kaymakamı (icra hakimiyyəti), bələdiyyə sədi Şefiq Əlsari, AK partinin başkanı, media rəhbərləri, bələdiyyə sədrlərinin müavinləri, bələdiyyə məclisinin üzvləri iştirak etdilər. Çox möhtəşəm açılış oldu. Pandemiya dövründə Azərbaycan prospektinin açılması çox əhəmiyyətlidir. Onu da qeyd edim ki, Çaldıranın çox böyük əhəmiyyəti var. Çaldıranda tarixdə iki qardaşın acı səhifəsi var. Amma bu gün Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olması, aramızdakı qardaşlıq əlaqələrinin qırılmazlığı həmin acı səhifəni çoxdan qapadıb. Bir də Çaldıranda Azərbaycan prospektinin açılması çağdaş dövrdə tarixə çox böyük bir möhür vurdu”.

S.Adıgözəlli qeyd etdi ki, Azərbaycan heyəti olaraq həmin tədbirə o və Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev qatılıb: “Demək olar ki, beş gündən artıqdır ki, biz buradayıq. İqdırda çox yaxşı görüşlər keçirdik. Kərbəlayi İsmayıl Çimənin məzarını ziyarət etdik, işğaldan azad olunmuş torpaqlardan Qarabağdan, (Şuşadan, Laçından, Kəlbəcərdən) gətirdiyimiz torpağı onun məzarına tökdük. Bu gün isə yolumuz Qarsadır. Orada da Soltan bəy Paşa bəy oğlunun məzarını ziyarət edəcəyik, Laçından gətirilən torpağı onun məzarına tökəcəyik”.

Qeyd edək ki, Çaldıran Bələdiyyə Başkanlığı tərəfindən Azərbaycan dövlətinin öz torpaqlarını işğaldan azad edərək zəfər qazanması münasibətilə Prezident İlham Əliyevə rəsmi təbrik məktubu ünvanlanıb. 

İradə SARIYEVA  

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …