Şənbə , 23 Noyabr 2024
Drone Cameras

25 illik fədakar dövr və Naxçıvanın bu günü

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Muxtar Respublikaya rəhbərliyinin 25 ili tamam oldu. Siyasi iradə, fədakarlıq, xalq sevgisi və böyük əmək sərf edilən ömür yolu ilə bağlı yazı yazmışdım. Onu bir daha oxucularımıza təqdim etmək istəyirəm.
Antik yunan filosofu Aristotel “Politika” əsərində yazır ki, inam uğuru təmin edən mühüm vasitə kimi siyasətin ayrılmaz hissəsidir. Bu mənada, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin sədri Vasif Talıbov da böyük siyasətdə və dövlət idarəçiliyində bütün uğurlara məhz xalqın böyük sevgisi, mənəvi dəstəyi, etimadı sayəsində nail olub. Ən mühüm fakt odur ki, cənab Vasif Talıbov blokada şəraitində yerləşən Naxçıvanda iqtisadi uğurlarla yanaşı, cəmiyyətin mənəvi bütövlüyünü yarada bilib. Əsl rəhbər digər insanlardan onunla seçilir ki, ətrafda baş verən hadisə və proseslərə münasibətdə passiv müşahidəçi mövqeyindən çıxış etmir, hadisələrə biganəlik-laqeydlik göstərmir. Öz iradəsi, qətiyyəti, hadisələrə operativ qiymət vermək bacarığı, heç bir riskdən çəkinməməsi ilə sübuta yetirir ki, onun hədəfləri xalqın xoşbəxt gələcəyi, işıqlı sabahıdır.

Ulu öndər Heydər Əliyev məktəbinin layiqli davamçısı olan Vasif Talıbovun milli dövlətçiliyi qorumaq üçün nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq, bu mənada, onun həm də yüksək liderlik əzmini nümayiş etdirir. Naxçıvanın 1990-cı illərdə düşdüyü siyasi, iqtisadi vəziyyəti hamımıza yaxşı məlumdur. Məhz həmin çətin illərdə Heydər Əliyevin xeyir-duası ilə Naxçıvana rəhbər təyin edildi. O, çətin və mürəkkəb siyasi şəraitdə məsuliyyətdən boyun qaçırmadı, əksinə xalqının, dövlətinin problemlərinə biganə qalmayaraq əzmkarlığını, xalqına olan sevgisini nümayiş etdirdi. Vasif Talıbov üzərinə düşən missiyanın öhdəsindən bu müddət ərzində və bu gün də uğurla gəlməkdədir.

Ulu öndərimizin müəyyənləşdirdiyi inkişaf strategiyasının reallaşdırılması sayəsində 25 ildir ki, Naxçıvan Muxtar Respublikasının tərəqqisi ilə fəxr edir, qürurlanırıq. Bütün bunlar həm də nümunəvi vətənpərvərliyin, dövlətçiliyə dərin sədaqətin, sabitliyin, sosial-iqtisadi yüksəlişin təmin edilməsinin, ən əsası isə rəhbər qayğısının nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan səfərlərindən birində “Heydər Əliyev öz vətəninə, doğulduğu yerə-Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”,- deməklə Naxçıvanın ictimai-siyasi həyatında mühüm addımlar atıldığını və muxtar respublika rəhbərliyinin bu istiqamətdə xalq üçün nə qədər mühüm işlər həyata keçirdiyini vurğulayıb.

Siyasi fəaliyyətdə uğur qazanmaq üçün ictimai inam və etibar başlıca şərtdir. Yalnız öz fəaliyyətini xalqa layiqli xidmət prinsipi üzərində quran və bunu əməli işi ilə sübuta yetirən şəxslər yüksək etimada layiqdirlər. Elə bu səbəbdən də ictimai rəyə əsaslanan, insanların maraq və mənafeyinə xidmət edən siyasi fəaliyyət hər zaman dəstəklənir, təqdir olunur. Müstəqillik dövründə muxtar respublikada inkişafın mükəmməl modeli yaradılıb. Bu model dövlət müstəqilliyimizin və davamlı inkişafın qarantı olan Heydər Əliyev siyasi xəttinə sonsuz sədaqət və xalqa xidmət prinsipləri üzərində qurulub. Böyük fransız maarifçisi Volter vaxtilə yazırdı ki, “İş ideya üçün yaranmır – ideya iş üçün yaranır”. Bu illərdə Naxçıvan Muxtar Respublikasının keçdiyi hərtərəfli inkişaf yolu da məhz xalq və dövlət üçün formalaşan ideyanın real həyatda təzahürünə çevrilmişdir. Bu gün Naxçıvanda Naxçıvan Muxtar Respublikasının hansı sahəyə baxsan, orada kompleks islahatların aparıldığının şahidi olursan. Ötən dövr ərzində elə böyük nailiyyətlər əldə edilmişdir ki, bu uğurların blokada şəraitində qazanılması inanılmaz gerçəklikdir. Naxçıvanın inkişafdan intibaha qovuşması böyük siyasi xadim, dövlət adamı Ali Məclis Sədrinin düzgün idarəetməsinin nəticəsi, vətən sevgisinin, yurd sahibliyinin misilsiz nümunəsidir. Ulu öndər Heydər Əliyev çıxışlarından birində “…Naxçıvanda işlər lazımi səviyyədə gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun çox xüsusiyyətlərini bilirdim. O, sübut etdi ki, Vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər görə bilər”,- demişdir. Bu ifadə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun ulu öndər Heydər Əliyevin etimadının doğrultması nəticəsində deyilib.

1995-ci il 16 dekabr tarixi Naxçıvan üçün böyük dönüş ili oldu. Bu illər ərzində Naxçıvan Muxtar Respublikasının əldə etdiyi nailiyyətlər məhz ulu öndər Heydər Əliyev məktəbinin layiqli davamçısı Vasif Talıbovun rəhbərliyi altında həyata keçirilib. Naxçıvan tarixi boyu bugünkü qədər böyük inkişaf yolu keçməyib. Əsrin dörddə biri qədər dövr ərzində muxtar respublika demək olar ki, bütün sahələrdə sürətli inkişaf əldə edib. Unutmayaq ki, bütün bunlar blokada şəraitində baş verib. Düşmən ölkə ilə əhatələnmiş bir halda, paytaxt Bakı ilə quru sərhəddin olmadığı bir vəziyyətdə bu qədər uğurun əldə edilməsi fövqəladə bir bacarıq, idarəetmə üstünlüyü və ən əsası vətənə məhəbbətdən qaynaqlanır. Naxçıvan Muxtar Respublikasının bütün şəhər, rayon, qəsəbə hətta ucqar kəndlərində belə müasir üslubda inzibati, sosial, təhsil və digər obyektlər qurulub, modern yollar və bütün infrastruktur çağdaş tələblərə tam cavab verməkdədir.

Doğulduğum Ordubad rayonuna və kəndlərinə səfər etdikdə insanın ürəyi fərəhlənir. Burada köklü yeniliklər, hər kəsin zövqünə xoş təsir bağışlayan abadlıq tikinti işlərini xüsusi olaraq qeyd edim. Onu da qeyd etməyi özümə borc bilirəm ki, 13 yanvar 2020-ci il tarixində Vənənd kəndində yeni sosial obyektlər istifadəyə verilib. Bu yeniliklər əhali arasında böyük sevincə səbəb olub. Obyektlərin açılış mərasimində şəxsən iştirak edən Ali Məclis Sədrinə yerli sakinlər hansı sevgi, ehtiramla öz minnətdarlıqlarını bildirdilər. Bu rəhbərlə xalqın arasında olan, qırılmaz tellərlə bağlanan sevginin təcəssümü idi. Hər kəs onu öz doğması kimi qarşılayıb, ürək sözlərini deyirdi. Baxın, budur xalqın məhəbbətini öz əməli işi ilə qazanmaq.

İndi Naxçıvana gələn hər bir qonaq, turist böyük razılıqla geri dönərək bir daha bura qayıtmaq arzusunu bildirir. Bu münasibət Naxçıvanın təmiz, abad, müasir görkəm almasının nəticəsidir. Bu gün Naxçıvan, burada həyata keçirilən geniş layihələr haqqında deyilən hər bir xoş söz tərif deyil, Naxçıvanın gerçək və danılmaz həqiqətləridir.

Ən çox qiymətləndirilən məqamlardan biri də modernləşən, müasirləşən Naxçıvanda milli-mənəvi dəyərlərin itməməsi, adət-ənənələrin bu gün də layiqincə yaşadılması, ailə modelinin, ənənələrinin dəyişməməsidir. Azərbaycan mədəniyyətinin Naxçıvanda qorunub saxlanılmasıdır. Yəni müasirləşmə prinsipləri milli köklər, təməllər üzərində qoyulanda onun ömrü də uzun olur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi altında həyata keçirilən quruculuq tədbirlərini, xüsusilə də Naxçıvanın bu illər ərzində təhlükəsizliyi, müdafiəsi istiqamətində fasiləsiz görülən işləri bir vətəndaş olaraq dəyərləndirməyi özümə borc bilirəm. Həm qorunub müdafiə edilən, həm də yenidən qurulub yaradılan müasir Naxçıvanın bu günü tarixə qızıl hərflərlə yazılacaq. Qızıl hərflərlə tarixə yazılan Naxçıvan Muxtar Respublikası tarixində isə Vasif Talıbovun adı artıq çoxdan qızıl hərflərlə tarixə düşüb.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qazandığı böyük Qələbə bütöv Azərbaycanımızı və ayrılmaz parçası olan Naxçıvanımızı daha böyük parlaq gələcəyə daşıyacaqdır.


Samir Adıgözəlli
İSBAM sədri.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …