Sosial Tədqiqatlar Mərkəzi (STM) azərbaycanlılarla ermənilərin birgəyaşayışına və müharibənin yenidən başlamasına münasibəti öyrənmək üçün əhali arasında sorğu keçirib.
Boyukmillet.com xəbər verir ki, sorğuda təsadüfi üsulla seçilmiş 603 respondent iştirak edib.
Sorğunun aparılmasında telefon müsahibəsi üsulundan istifadə olunub.
Tədqiqat Bakı, Abşeron və 7 iqtisadi rayon üzrə (Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ) şəhər, rayon və kənd əhalisi arasında aparılıb.
Seçmənin sayı əsasında statistik xəta əmsalı 2,8%, əminlik dərəcəsi 95%-dir.
Tədqiqat 2020-ci ilin 1-4 dekabr tarixlərində keçirilib. Telefon zəngləri saat 10:00-21:00 arasında keçirilmişdir.
Sorğunun orta keçirilmə müddəti 12 dəqiqə 15 saniyədir.
Sorğuda iştirak edən respondentlər əhalinin bütün sosial-demoqrafik qruplarını təmsil edib.
Əhalinin mühüm bir hissəsi (66.2%) Qarabağın inzibati ərazilərində azərbaycanlılarla ermənilərin birgəyaşayışının heç zaman mümkün olmayacağını, 19.4% isə bir neçə ildən sonra mümkün ola biləcəyini düşünür. Cəmi 4.8% respondent hesab edir ki, bu, yaxın gələcəkdə mümkündür.
Qadınlar (74.4%) kişilərlə (58.0%) müqayisədə azərbaycanlılarla ermənilərin birgəyaşayışının heç zaman mümkün olmayacağını qeyd edib. Bunun əksinə kişilər (25.5%) qadınlardan fərqli olaraq (13.3%) birgəyaşayışın bir neçə ildən sonra mümkün ola biləcəyini düşünür.
Ermənilərlə birgəyaşayışın mümkün olmayacağını bildirən gənclər digər yaş qrupundan olan respondentlərlə müqayisədə üstünlük təşkil edir.
Şəki-Zaqatala və Yuxarı Qarabağ əhalisinin 80.0%-dən çoxu birgəyaşayışın əleyhinə mövqe sərgiləyib. Abşeronda yaşayanların da əhəmiyyətli hissəsi eyni rəyi bölüşür (73.7%).
Birgəyaşayışın qeyri-mümkünlüyünü ümumi orta təhsillilərin 75.0%-i, peşə-ixtisas/kollec məzunlarının 71.7%-i, tam orta təhsillilərin 69.0%-i, ali təhsillilərin isə 57.7%-i bölüşür.
Nəzərə çatdıraq ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 09-13 oktyabr 2020-ci il tarixlərində məcburi köçkünlər arasında keçirilən “Qarabağa Böyük Qayıdış” sorğusunda məcburi köçkün respondentlərin 72.0%-i digər etnik azlıqlar kimi Qarabağda erməni əhalisi ilə birgəyaşayışın qeyri-mümkün olduğunu düşünsə də, cəmi 14.0% bu halın yalnız uzun müddətdən sonra mümkün olacağı qənaətində idi. Sözügedən sorğuda həmçinin 90.3% respondent şəxsən özünün gələcəkdə o torpaqlarda ermənilərlə birlikdə yaşamayacağını, təxminən 8% respondent isə yaşaya biləcəyini bildirmişdi.
Cəmiyyətin daha böyük bir hissəsi (66.0%) Ermənistanla Azərbaycan arasında hərbi münaqişənin bir daha yenidən alovlanmayacağını düşünməsə də, 28.6% respondentin bunun əksini düşünməsi narahatedici məqamdır. Başqa sözlə, bu nəticə əhalinin müəyyən qisminin (28.6%) münaqişənin tam bitməməsini düşündüyündən xəbər verir.
Gənclər arasında Ermənistanla Azərbaycan arasında hərbi münaqişənin yenidən alovlanacağını düşünənlər digər yaş qrupları ilə müqayisədə üstünlük təşkil edir. Belə ki, gənc respondentlərin 37.3%-i hərbi münaqişənin yenidən alovlanacağını düşünür.