Bütün liftlərdə, apteklərdə, marketlərdə və digər qapalı məkanlarda, hətta COVİD-19 xəstələri olan evlərdə, COVİD-19 xəstəxanalarında ultrabənövşəyi şüalar saçan lampalar quraşdırılsa, yaxşı olar. Çünki ultrabənövşəyi şüalar havada və səthlərdə olan koronavirusları və digər zərərli mikroorqanizmləri bir neçə saniyəyə məhv edir.
Boyukmillet.com xəbər verir ki, bunu radioloq həkim Aydın Əliyev qeyd edib. O bildirib ki, sözügedən lampalar bu məkanlarda gün ərzində 3-4 dəfə təqribən 5-10 dəqiqə ərzində, liftlərdə isə daimi istifadə edilsə, məqsədəuyğun olar.
A.Əliyev korona peyvəndinin ölkəyə tez gətirilməsinin və hər kəsə tez bir zamanda peyvənd vurulmasının lazım olduğunu bildirib:
“Peyvənddən sonra normal – əvvəlki həyatımıza dönə bilərik. Peyvənd barədə deyilən neqativ fikirlərə əhəmiyyət verməyin. Vaksinasiyanı istəməyənlər xalqın düşmənləridir”.
Həkim rəsmi statistik məlumatlarda yoluxma sayının azalmasına görə arxayın olmamağı da məsləhət görüb:
“Rəsmi statistika bizi aldatmamalıdır. Xəstə sayı əslində daha çoxdur. Testi pozitiv olub evdən çıxanlara cinayət işi açıldığına görə bir çox insan qorxusundan test analizi vermir”.