Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Hər kəs ağlını başına yığsın, Türkiyə Azərbaycana dəstəyini əsirgəməyəcək” – Hülusi Akar

“Cinayətkar Xəlifə Haftar və tərəfdarları bilməlidirlər ki, türk hərbçilərinə qarşı hər hansı hücum olarsa, onlar qanuni hərbi hədəfə çevriləcəklər”.

Bunu Liviyada səfərdə olan Türkiyə Müdafiə Naziri Hulusi Akar Liviya Vəzifə Qrup Komandirliyində çıxışı zamanı bildirib.

Nazir Yunanıstanın Cənubi Kipr və Şimali Kipr arasında yaratdığı münaqişə ilə əlaqədar da mesaj ünvanlayıb: “Adada həqiqi bir həll yolu tapılması üçün yunanlar inadkar davranışlarından əl çəkməli və türklərin varlığını qəbul etməlidirlər”.

Hulusi Akar Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftarın rəsmi Ankaraya qarşı ittihamlarına cavab olaraq deyib: “Haftar müharibə cinayətkarıdır, qatildir. O və himayədarları bilməlidirlər ki, Türkiyə ordusuna qarşı hər hansı bir hücum zamanı onlar qanuni hərbi hədəfə çevriləcəklər. Dolaysıyla hər kəsə ağlını başına yığmağı məsləhət görürəm”.

Bundan əlavə, Akar Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan, Liviya və Şimali Kipr kimi dost və qardaş ölkələrin təhlükəsizliyinə dəstək üçün köməyini əsirgəməyəcəyini qeyd edib: “Türkiyə dost və qardaş Azərbaycan, Şimali Kipr, Liviya kimi ölkələrin təhlükəsizliyinə dəstək üçün köməyini əsirgəməyəcək. Biz başda qonşu ölkələr olmaqla bütün ölkələrin ərazi bütövlüyünə, siyasi birliyinə sayğı ilə yanaşırıq”.

O,  qonşuların siyasi birliyinə və ərazi bütövlüyünə hörmət etdiyini vurğulayıb: “Milli Razılaşma Hökuməti Liviyada BMT tərəfindən tanınan yeganə qanuni hökumətdir. Liviyadakı əsas problem Haftarın və müttəfiqlərinin qanunsuz silahlı birləşmələridir”.

Müdafiə nazirinin sözlərinə görə, Haftarın müharibə cinayətlərinin diqqətçəkən dəlili Liviyanın Tərhun şəhərində tapılan 21 kütləvi məzarlıqdır. Akar Şərqi Aralıq dənizindəki vəziyyətə də toxunaraq bildirib ki, Türkiyə bütün münaqişələrin yaxşı qonşuluq və beynəlxalq hüquq prinsiplərinə əsaslanan siyasi yollarla həll edilməsinin tərəfdarıdır: “Kipr münaqişəsini həll etmək üçün yunan tərəfi inadkar mövqeyindən imtina etməli və Kipr türklərinin hüquqlarını tanımalıdır”.

H.Akar deyib ki, Türkiyə regionda sülh və sabitliyi bərqərar etmək səyləri ilə yanaşı 83 milyon əhalisinin təhlükəsizliyini tam təminatı üçün də bütün qüvvəsi ilə fəaliyyətdədir: “Bunun üçün Türk Silahlı Qüvvələri (TSK) çox gərgin bir dönəmdən keçir. Əsgərlərimiz bütün vəzifələrini şərəflə və böyük bacarıqla yerinə yetirilər. Türkiyənin haqq, hüquq və mənfəətləri üçün bu fəaliyyətləri davam edəcək”.

Qeyd edək ki, Hulusi Akar dünən Türkiyə Silahlı Qüvvələrinin (TSK) Baş Qərargah rəisi, hava və dəniz qüvvələri komandirləri ilə birgə Liviyaya səfər edib.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …