Cümə , 22 Noyabr 2024
Drone Cameras

Səlim Müslümovu hansı cəza gözləyir?

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova qarşı irəli sürülən ittihamlara əsasən, onu 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Boyukmillet.com xəbər verir ki, ona verilən ittihamlar arasında ən ağır maddə rüşvət alma ilə bağlıdır.

Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər fəslinə aid olan 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi üzrə isə ən yüksək cəza kimi 7 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Cinayət qanunvericiliyinə əsasən, cinayətlərin məcmusuna görə cəza təyin edilərkən qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz.

Qeyd edək ki, S.Müslümovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik etdiyi dövrdə nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub. Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılan yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, S.Müslümov Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …