Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Naxçıvanın Neolit mədəniyyəti” adlı monoqrafiya nəşr olunub

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın “Naxçıvanın Neolit mədəniyyəti” adlı monoqrafiyası işıq üzü görüb.
Akademiyanın Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən nəşr olunan monoqrafiyada ilk dəfə olaraq Naxçıvan ərazisində Neolit mədəniyyətinin özünəməxsus xüsusiyyətləri və mənşəyi təhlil edilib.
Əsərdə Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən 2013-2018-ci illərdə I Kültəpə yaşayış yerində aparılan qazıntılar zamanı aşkar olunan çoxsaylı materiallarla 1951-1964-cü illərdə aşkar edilmiş arxeoloji materiallar kompleks halda tədqiqata cəlb edilib. Monoqrafiyada Naxçıvan ərazisindəki Neolit dövrü abidələrinin qalıqları, evlərin quruluşu, ocaq tipləri, qəbir abidələri, əmək alətləri, silahlar, keramika məmulatlarının özünəməxsus xüsusiyyətləri haqqında məlumatlar öz əksini tapıb. Neolit dövründə mövcud olan iqtisadi və mədəni əlaqələr, təsərrüfat həyatı ilə bağlı məsələlər araşdırılıb, Kültəpə mədəniyyətinin Cənubi Qafqaz, Urmiya hövzəsi və Mesopotamiyanın qədim mədəniyyətləri ilə qarşılıqlı mədəni əlaqələri müəyyənləşdirilib. Aparılan müqayisəli təhlillər əsasında Kültəpə yaşayış yerinin Cənubi Qafqazda formalaşmış Neolit mədəniyyətinin əsas ocaqlarında biri olduğu, həmçinin Azərbaycanın Mezolit mədəniyyəti ilə bağlı olduğu və yerli zəmində formalaşdığı qeyd edilib.
Giriş, beş fəsil, nəticə, ədəbiyyat və illüstrasiyalardan ibarət monoqrafiya “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatda çap olunub. Nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev, rəyçiləri isə tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadə və tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimlidir.
Kitabın “İllüstrasiyalar” adlı hissəsində Naxçıvanın Neolit dövrü abidələrinin yerləşdiyi ərazilərin xəritəsi verilib, arxeoloji qazıntılar zamanı aşkar edilmiş bəzi maddi mədəniyyət nümunələrinin fotoşəkilləri oxuculara təqdim edilib. Əsərin ərsəyə gəlməsində Azərbaycan, türk, rus, ingilis dillərində olan 130 elmi mənbə ilə yanaşı, internet resurslarından da istifadə olunub.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …