Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Müttəfiq ölkə liderlərinin Prezident İlham Əliyev haqqında qiymətləndirmələri Azərbaycana verilən dəyərdir” – Aydın Quliyev

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə toplantısında üzv ölkə liderlərinin Azərbaycan və onun lideri barədə dedikləri, siyasi dəyərləndirmələr reallığa uyğun olmaqla münasibətlərin nə qədər səmimi və açıq olduğunu bir daha göstərdi.

Bunu Trend-ə açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. O bildirib ki, Zirvə görüşü regionda yaradılmış yeni reallıqlardan sonra dövlətlərarası inteqrasiyada geniş imkanlar açıldığını və bütün bunlarda Azərbaycanın müstəsna rolu olduğunu nümayiş etdirir:

“Zirvədə Prezident İlham Əliyevin siyasətinin nəticələri barədə fikirlər bir daha təsdiq etdi ki, Azərbaycan bu bölgənin ən üstün imkanlara malik yeganə nəqliyyat-logistika mərkəzidir. Əfqanıstan, Pakistan və Türkiyə liderlərinin Azərbaycana və Prezident Əliyevə yönəlik yüksək şəxsi dəyərləndirmələri obyektiv və ehtivalı xarakter daşımaqla Azərbaycanın gedərək artan gücündən xəbər verir. Əfqanıstan prezidentinin, Türkiyə prezidentinin, Pakistan liderinin İlham Əliyev barədə sadə və hər kəsin başa düşəcəyi tərzdə dedikləri fikirlər təkcə səmimi duyğuların yox, həm də Azərbaycan Prezidentinin apardığı siyasətin doğurduğu real təzahürdür. İlham Əliyev barədə dost və qardaş ölkə rəhbərlərinin “atanız da sizinlə qürur duyardı”, ” dastan qələbəniz ” kimi fikirlər Azərbaycanın Vətən müharibəsində qələbəsinin həqiqi məzmununa dərindən bələdçiliyin bariz ifadəsidir. İqtisadi əməkdaşlıq təşkilatı liderlərinin fikirləri Azərbaycanın beynəlxalq mövqelərinin Vətən müharibəsindən sonra həqiqətən daha da gücləndiyini ifadə edir. Zirvə görüşündə səslənən fikirlər Azərbaycanın ətrafında getdikcə daha güclü və səmimi bir müttəfiqlər çevrəsinin formalaşdığını göstərir. İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin liderlərinin Azərbaycan prezidentinə yüksək qiymət vermələri Azərbaycanın apardığı regional və beynəlxalq siyasətin tam dəstəkləndiyini nümayış etdirir”.

Baş redaktor deyib ki, Vətən müharibəsində qardaş Türkiyənin, Pakistanın və Əfqanıstanın Azərbaycana birmənalı dəstəyi özünü daha qabarıq göstərdi: “Əslində, bu birmənalı dəstəklər bəzi qeyri-region qüvvələrinin müharibə proseslərinə ermənipərəst mövqedən müdaxilə niyyətlərinə heç bir imkan vermədi və Azərbaycanın xalis qələbəsini təmin etdi. Vətən müharibəsinin qalib Ali Baş Komandanı olaraq İlham Əliyev barədə dövlət başçılarının yüksək təəssüratları azı iki motivə söykənir. Əvvala, bu, onun ifadəsidir ki, Türkiyə, Pakistan və Əfqanıstan liderləri Qarabağ zəfərinin ilk növbədə İlham Əliyevin yüksək şəxsi qabiliyyətlərinin, zəhmət və təşkilatçılığının üzərində dayandığını yaxşı bilirlər. Digər tərəfdən, dost və qardaş ölkə liderləri müharibə dövründə olduğu kimi, müharibədən sonra da Azərbaycan liderinin yanında olduqlarını hər kəsə göstərmək istəyirlər”.

Siyasi ekspert deyib ki, müttəfiq və tərəfdaş ölkə liderlərinin İlham Əliyev haqda qiymətləndirmələri bütünlüklə ölkənin və şəxsən Prezidentin gücünə verilən layiqli dəyərdir. Qardaş və müttəfiq ölkə liderlərinin Azərbaycan Prezidentinin rolu barədə fikirləri onların İlham Əliyevlə birlikdə hələ daha böyük birgə layihələr icra etmək niyyətlərindən xəbər verir: “Sübut olundu ki, bu gün həqiqətən də Azərbaycan, Türkiyə, Pakistan və Əfqanıstan liderlərinin səmimi münasibətlərinə bənzər digər regional modellər göstərmək çətindir”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …