Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Martın 18-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyinin digər rəhbər heyəti HHQ-nin yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış iki hərbi hissəsinin açılış mərasimində iştirak ediblər.
Şəxsi heyət üçün yaradılan şəraitlə tanış olan Müdafiə naziri ərazidəki qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqələri, yeməkxanalar, sinif otaqları, ərzaq və əşya anbarları, hamam-camaşırxana qazanxana kompleksləri, sıra meydanı, nəzarət buraxılış məntəqəsi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.
Bildirilib ki, hərbi hissələrdə yaradılan şərait HHQ-nin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına müsbət təsir göstərəcək, hava məkanımızın daha etibarlı qorunması məqsədilə döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılmasını təmin edəcək.
Sonra general-polkovnik Z.Həsənov əsaslı təmirdən çıxan hərbi hissənin ərazisindəki Uçuşların idarəedilməsi məntəqəsi və pilotsuz uçuş aparatlarının (PUA) yerüstü idarəetmə stansiyasına da baxış keçirib. Müdafiə nazirinə məruzə edilib ki, müasir avadanlıqlarla təchiz edilmiş idarəetmə məntəqəsi və yerüstü stansiya hərbi aviasiya vasitələrinin və PUA-ların uçuşlarının fasiləsiz və keyfiyyətli koordinasiyasını təmin edəcək.
Müdafiə naziri hərbi aviasiyanın imkanlarının daha da artırılması ilə əlaqədar komandanlığa müvafiq tapşırıqlar verib.