Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Aslan İsmayılov: “Səfir Elmira Axundova dərhal geri çağırılmalıdır” — Nizami Gəncəvi ilə bağlı skandal BÖYÜYÜR…

“Xarkov şəhərində Nizami Gəncəvinin abidəsinin ucaldılmasına qarşı çıxan Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova dərhal geri çağırılmalıdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında tanınmış hüquqşünas Aslan İsmayılov səfir Elmira Axundovanın Ukraynanın Xarkov şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılmasına mane olmaq üçün fəaliyyətə keçməsinə münasibət bildirərkən deyib.

Aslan İsmayılov bu xəbəri eşidəekən öncə inanmaq istəmədiyini bildirib:

“Bu xəbəri mən bir neçə mənbədən dəqiqləşdirmək istədim. Çünki hər hansı səfir və ya məmur tərəfindən bu cür hərəkətin edilməsi ağılabatan deyil. Burada bir neçə məqamı qeyd etmək istəyirəm. Əvvəla, burada səfir Elmira Axundovanın özbaşına fəaliyyəti ilk növbədə Azərbaycanın dövlət başçısına hörmətsizlikdir.

Digər tərəfdən isə səfirin bu cür hərəkəti Azərbaycan xalqına hörmətsizlikdir. Əlbəttə ki, mən Mirzə Fətəli Axundovu “qaraguruhçü” kimi “rusbaş” adlandırmıram. Amma Mirzə Fətəli Axundovu Nizami Gəncəvi ilə müqayisə etmək də böyük haqsızlıq və Azərbaycan xalqına hörmətsizlikdir”.

Hüquqşünas qeyd edib ki, Mirzə Fətəli Axundov ömrü boyu Rusiyanın tərəfdarı olub, bu imperiyanı tərənnüm edib:

“Ukrayna kimi bir dövlətdə, xüsusilə də indiki Rusiya-Ukrayna arasında yaranmış qarşıdurma vəziyyətində Mirzə Fətəli Axundovun abidəsinin bu ölkədə ucaldılmasını təklif etmək Azərbaycan dövlətinə qarşı təxribatdır. Mən əminəm ki, Ukraynada bizim səfirdən fərqli olaraq ağılı başında olan siyasətçilər, diplomatlar var və onlar buna qarşı çox ciddi təpki göstərəcəklər.

Digər vacib məqam odur ki, Azərbaycanın xarici ölkələrdə atdığı istənilən addımda çalışırıq ki, ölkəmizin qədim tarixini və həmin dövrlərin görkəmli şəxsiyyətlərini təbliğ edək, onları dünyaya tanıdaq. Nizami Gəncəvi XII əsr Azərbaycanının görkəmli mütəfəkkiridir. Bütün dünya bilir ki, XII əsrdə Azərbaycanın Nizami Gəncəvi kimi görkəmli şəxsiyyəti olub. Yəni, bu o deməkdir ki, Azərbaycanın hələ XII əsrdə də böyük tarixi olub. Mirzə Fətəli Axundov isə XIX əsri əhatə edir. İndi səfirin Nizami Gəncəvi əvəzinə Mirzə Fətəli Axundovla Azərbaycanı tanıtmaq istəyi belə ağılsızlıqdır. Bütün bunlar bir daha göstərir ki, Xarkovda Nizmai Gəncəvinin abidəsinin qoyulmasına əngəl yaratmaq Azərbaycan xalqına qarşı törədilən təxribatdır. Səfir Elmira Axundova 30 il Azərbaycan xalqına düşmənçilik mövqeyində olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin siyasətini davam etdirir. Hesab edirəm ki, bu hərəkətinə görə səfir Elmira Axundova geri çağırılmalıdır”.

Xatırladaq ki, səfir Elmira Axundova Ukraynanın Xarkov şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılmasına mane olmaq üçün fəaliyyətə keçib.

Belə ki, E.Axundova Xarkov meriyasına müraciət ünvanlayaraq, adıçəkilən şəhərdə salınması planlaşdırılan “Filosoflar parkı”nda Nizami Gəncəvinin abidəsinin ucaldılmasına qarşı çıxıb. O, dahi Nizaminin abidəsinin əvəzinə, Mirzə Fətəli Axundovun heykəlinin ucaldılmasını təkid edib.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …