Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ay Laçın, azad Laçın

Azərbaycanın dilbər güşələrindən olan Laçın rayonu 29 ildən sonra ilk dəfədir mayın 18-ni azad qarşılayır. İyirmi səkkiz il mayın 18-ni Laçının işğal günü kimi qeyd edən xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi iradəsi və Azərbaycan Ordusunun gücü sayəsində ilk dəfə olaraq bu günü sevinclə qeyd edir.

Boyukmillet.com xatırladır ki, 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu adlanan ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən ordusu Laçını işğal etmişdi.

Erməni işğalçıları bu illər ərzində rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər.

Laçının işğalı nəticəsində 63 341 azərbaycanlı öz yurdundan didərgin salınıb, 300-dən artıq hərbçi, mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8 950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi erməni terroruna məruz qalıb.

Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. İşğal dövründə rayonun meşə fondunun əhəmiyyətli hissəsi Ermənistan tərəfindən məhv edilib.

Buna baxmayaraq, Azərbaycan xalqı ərazilərinin işğal altında olması ilə barışmadı. Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında əks-hücum əməliyyatlarına başlayıb. Qırx dörd gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə qazanılıb. Bu müddət ərzində hər gün irəliləyərək kəndbəkənd, şəhərbəşəhər əraziləri ermənilərin tapdağından azad edən Azərbaycan Ordusu noyabrın 8-də Şuşanı işğaldan azad etməklə düşməni kapitulyasiya aktını imzalamağa məcbur edib.

İlham Əliyev
İlham Əliyev
Azərbaycan dövlətinin Qarabağda qazandığı qələbələr nəticəsində diz çökən Ermənistan hakimiyyəti noyabrın 10-da kapitulyasiya aktına imza atıb. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin 2020-ci ilin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən dekabrın 1-də Laçın rayonu işğaldan azad edilib. Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçına daxil olub və burada dövlət bayrağımız qaldırılıb.

1992-ci ildən rayonda qanunsuz məskunlaşan ermənilər Laçını tərk ediblər. Azərbaycan Ordusu onlara rayonu tərk etmək üçün bütün şəraiti yaradıb. Buna baxmayaraq, Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər.

Azərbaycan dövləti işğaldan azad olunan bütün əraziləri, o cümlədən Laçın rayonunu, onun hər bir kənd və qəsəbəsini bərpa edəcək, yenidən quracaq. Hazırda bununla bağlı böyük layihələr həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Laçın rayonu ərazisində ümumi ehtiyatları 1 124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4 457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2 533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii sərvətlər var. Laçında Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı mövcuddur. Ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü var.

1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. Təbii sərvətlərlə zəngin olan rayonda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur.

Laçınlılar doğma yurdlarına qayıdacaqlar, orada həyat yenidən qaynayacaq.

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …