Cümə , 22 Noyabr 2024
Drone Cameras

Vüqar Rəhimzadə: Mina xəritələrinin alınması vətəndaşlarımızın həyatını xilas edəcək

“Tarixi zəfərimizdən sonra Azərbaycanın həyatında yeni mərhələyə – işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verilib. Bu işlərin sürəti xeyli dərəcədə ərazilərimizin minalardan təmizlənməsindən asılıdır. Çünki düşmən işğalından azad edilmiş torpaqlarımızda təhlükəsizliyi təmin etmədən bərpa və quruculuq işlərinin həyata keçirilməsi mümkünsüzdür”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə açıqlamasında bildirib.

O, qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından 7 ay keçsə də, məğlub Ermənistan beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq, minalanmış sahələrin xəritələrini Azərbaycana vermək istəmirdi: “Bununla da düşmən 100-dən artıq hərbçimizin, mülki vətəndaşlarımızın minaya düşərək həlak olmasına, yaralanmasına səbəb olub. Azərbaycan 10 noyabr Bəyanatının imzalanmasından dərhal sonra mütəmadi olaraq bununla bağlı sərt mövqeyini ortaya qoyaraq, beynəlxalq birliyə çağırış edir, Ermənistandan bu xəritələrin alınmasını tələb kimi irəli sürür. Reallıq bundan ibarətdir ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Regionda sülhün və təhlükəsizliyin bərqərar olması istiqamətində yeni səhifə açılır, Azərbaycan qarşı tərəfə sülh razılaşması ilə bağlı təkliflərini təqdim edir, amma Ermənistan bu reallıqlarla barışmaq əvəzinə təxribatçı əməllərini davam etdirir”.

V.Rəhimzadə vurğulayıb ki, Ermənistanın iyunun 12-də Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi artıq təcavüzkar dövlətin 44 günlük İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqlarla barışmasının təsdiqidir: “Ermənistan 44 günlük müharibə dövründə Azərbaycanın “Dəmir yumruq” əməliyyatının nəyə qadir olduğunu gördü. Ən əsası 30 ilə yaxın müddətdə ona havadarlıq edən dövlətlərin dəstəyinə arxalanaraq beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmağın, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə əməl etməməyin sonda hansı nəticələrə gətirib çıxardığının şahidi oldu. Azərbaycan Vətən müharibəsinin gedişində BMT Təhlükəsizlik Şurasının və digər təşkilatların qərar və qətnamələrini təkbaşına icra etməklə bir daha bütün dünyaya sübut etdi ki, beynəlxalq hüquq mövcuddur və hər bir məsələnin həllində mütləqdir. Gec-tez haqqın, ədalətin bərpası qaçılmazdır. Bu baxımdan Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini Azərbaycana təqdim etməsi növbəti siyasi və diplomatik uğurumuzdur”.

Mehriban Əliyeva və İlham Əliyev

Mehriban Əliyeva və İlham Əliyev

Baş redaktor bildirib ki, Prezident İlham Əliyev iyunun 12-də 10 ölkənin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən də bu məsələyə xüsusi diqqət yönəldib: “Müharibədən sonra regionda yeni reallıq, yeni vəziyyət yarandığını və Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması prosesinə dərhal başladığını önə çəkən dövlətimizin başçısı bir daha vurğuladı ki, vandalizm və barbarlıq – işğal illəri ərzində Ermənistan dövlətinin torpaqlarımızda etdiklərini göstərmək üçün bu iki sözdən istifadə etmək olar. İndi yüz minlərlə azərbaycanlı geriyə qaytarılmalıdır. Lakin minalara görə bunu etmək mümkün deyil.

“Bu yaxınlarda beynəlxalq təşkilatların fəal təmasları sayəsində biz ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq”, – söyləyən Prezident İlham Əliyev bu inamı da ifadə edib ki, tezliklə yaxşı xəbərlər olacaq. Ermənistan bizə bütün minaların, basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir”.

“İyunun 12-də Ağdam rayonu üzrə mina xəritələrinin Azərbaycana verilməsi Prezident İlham Əliyevin ifadə etdiyi əminliyin, dövlətimizin uğurlu siyasətinin nümayişidir” söyləyən V.Rəhimzadə bildirib ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib. Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili başda olmaqla Gürcüstan Hökumətinin dəstəyi, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolu xüsusi qeyd edilir.

İlham Əliyev

İlham Əliyev

Baş redaktor mayın 28-də dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş Ağdam şəhərinə növbəti səfəri çərçivəsində Ağdam şəhərinin Baş Planının təqdim olunması mərasimini xatırladaraq, Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsinin nəzərdə tutulan işlərin qısa zamanda görülüb başa çatdırılacağına dəstəyini xüsusi vurğulayıb: “Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək.

Artıq böyük qayıdış tezləşir. Dövlətimizin başçısı İlham Əliyevin Ağdam ictimaiyyəti ilə görüşündə qeyd etdiyi kimi, elə bir Ağdam qurulacaq ki dünya üçün örnək olacaq. Nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və bundan sonra Ağdam rayonunda çox görüşəcəyik. Bu gün buradayıq və bundan sonra əbədi burada olacağıq”.

Check Also

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib. Boyukmillet.com xəbər verir ki, turistlər işğaldan azad edilmiş …