Bu gün Şanlı Azərbaycan Ordusunun yaranmasından 103 il keçir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də elan edildikdən sonra, həmin ilin iyun ayının 26-da Müsəlman Korpusunun adının dəyişdirilmiş və Əlahiddə Azərbaycan Korpusu adlandırılmışdır. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən 26 iyun Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir.
Boyukmillet.com xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev deyib.
O bildirib ki, Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusu, yəni ilk nizami ordu yaradıldıqdan sonra orduya çağırışlar başlamışdır. Təəssüf hissi ilə qeyd etməliyik ki, 1920-ci ilin aprel ayının 28-də Xalq Cümhuriyyətinin süqutu bütün bu sahədəki prosesləri dayandırmışdır.
Azərbaycan ordusunun yenidən formalaşması, hərbi qulluqçuların hazırlanması prosesi bir daha 1969-cu ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur. Ulu Öndər ordu quruculuğuna yüksək diqqət ayırması nəticəsində 1971-ci ildə Cəmşid Naxçıvanskinin adına hərbi lisey yaradıldı. Hərbi liseyin yaradılması və qorunub saxlanması Ümummilli Liderin yalnız gərgin əməyi, uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Belə ki, həmin müddət ərzində dəfələrlə SSRİ rəhbərliyinin bu hərbi məktəbin bağlanmasına, bu məqsədlə yoxlayıcı komissiyalar göndərməsinə baxmayaraq, məktəbin fəaliyyəti təmin edilmişdir. Əlavə olaraq da hərbi qulluqçularımız Bakı Ali Birləşmiş Komandanlıq və Ali Hərbi Dənizçilik məktəblərində təhsil almış, eləcə də hərbi təhsil almaq məqsədilə SSRİ-nin digər hərbi məktəblərinə göndərilmişdir.
SSRİ dağıldıqdan və ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə yaranmış özbaşınalıq ordu quruculuğundan da yan keçmədi. Ordunun vahid mərkəzdən idarə edilməməsi, habelə nizami ordunun qurulmaması ölkəmizə ağır fəsadlar hesabına başa gəldi.
Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də xalqın tələbi ilə hakimiyyətə yenidən qayıtdıqdan sonra bütün sahələr kimi, ordu quruculuğunun da əsası qoyuldu. Bu sahədə həyata keçirilən uğurlu və məqsədyönlü siyasətin nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatı yenidən formalaşdı, şəxsi heyətin döyüş ruhunun yüksəldilməsinə və mənəvi-psixoloji hazırlığının artırılmasına böyük diqqət yetirildi.
Habelə, yüksək ixtisaslı hərbi qulluqçuların hazırlanması məqsədilə 1999-cu ildə Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradılmış, habelə 2001-ci il Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi formalaşmışdır. Məhz bu dövrdə ordumuzun müasir yeniliklərə uyğun qurulması nəticəsində NATO ilə əməkdaşlığa başlanmış və bu əməkdaşlıq nəticəsində minlərlə hərbi qulluqçumuz xarici ölkələrdə həyata keçirilən proqramlarda iştirak edərək, geniş təcrübə və hərbi biliyə yiyələnmişlər.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, rəşadətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sahəyə ayırdığı yüksək diqqət və qayğı nəticəsində daha da təkmilləşdirilmiş, müasir silahlarla təchiz edilmişdir. Məhz dövlətimizin başçısının bu sahəyə ayırdığı diqqətin nəticəsində ordumuzun silah arsenalı müasir silahlarla təchiz edilmiş, habelə yüksək ixtisaslı kadrlar hazırlanaraq, şəxsi heyətin döyüş, mənəvi-psixoloji hazırlığı ən yüksək səviyyəyə qalxmışdır.
Dünyanın ən güclü ordularından birinə çevrilmiş şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə üzərinə qoyulmuş tarixi missiyanın öhdəsindən layiqincə gələrək bizə tarixi Qələbə bəxş etmişdir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmənə ardıcıl və sarsıdıcı zərbələr vuran rəşadətli ordumuz tarixi Qələbə çalaraq əzəli və əbədi Vətən torpaqlarını düşmən işğalından birdəfəlik azad etməyə müyəssər oldu. Qazanılmış tarixi Qələbə Ermənistanı, dünyadakı erməni diasporunu, erməni kilsəsini və onların havadarlarını reallığı qəbul etməyə məcbur etdi və düşmənin işğalına birdəfəlik son qoyuldu. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Ordumuz misli görünməmiş bir tarix yazaraq, düşməni döyüş meydanında darmadağın etmişdir. Düşmən ordusu pərən-pərən düşdükdən sonra on minlərlə hərbçisi fərarilik edərək Ermənistan ordusundan qaçmışdır. Məhz bu müharibə dövlətimizin başçısının ordu quruculuğuna ayırdığı diqqətin, eyni zamanda, müdafiə sənayesi məsələsini hər zaman dövlətin əsas xətlərindən biri kimi müəyyən edərək önəm verməsinin, eləcə də uzaqgörən xarici diplomatiyanın bəhrəsi idi.
Qəhrəman Ordumuzun göstərdiyi şücaət, döyüş meydanında həyata keçirdiyi uğurlu taktiki əməliyyatlar və şəhidlərimizin qanı-canı bahasına biz tarixi Qələbənin şahidi olduq. Qazanılmış bu Qələbə şanlı tariximizin ən böyük hadisələrindən biri olmaqla yanaşı, hər zaman xalqımızın yaddaşında qalacaq.
Vətən müharibəsində ordumuzdan bir nəfərin belə olsun fərari olmaması, yaralı əsgər və zabitlərimizin öz müalicələrini yarımçıq saxlayaraq yenidən döyüş meydanına qayıtmaq həvəsləri, üzərlərinə düşən tarixi missiyanı uğurla başa vurmaları Vətənə olan sevginin ən yüksək səviyyədə təcəssümüdür. Xalqımızın istər ön cəbhədə, istərsə də arxa cəbhədə həyata keçirdiyi qəhrəmanlıqlar, vəhdətimiz, birliyimiz, nəticəsində bu Qələbə mümkün oldu.
Vətən müharibəsindən sonra dövlətimizin başçısı tərəfindən müharibə iştirakçılarının təltif edilməsi, habelə onların qayğılarının həll edilməsi istiqamətində çox mühüm addımlar atılır. Eyni zamanda, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, ailələrinə səbir arzu edirik.
Qəhrəmanlarımızın bayramı mübarək olsun.