1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması Azərbaycan dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu, 90 illik rus işğalına son qoyuldu və Azərbaycan yenidən öz müstəqil dövlətçilik ənənələrinə qayıtdı. 23 ay ərzində mövcud olan bu dövlət Şərq-müsəlman tarixində bir çox ilklərə imza atdı. Ən əsası isə, ölkənin müstəqilliyini qorumaq, əhalinin təhlükəsizliyini təmin etmək, erməni işğalına son qoymaq üçün milli ordu yaratdı. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da Əlahiddə Azərbaycan Korpusu təşkil edildi və bununla da ilk nizami hərbi hissənin yaradılmasının əsası qoyuldu, milli ordu quruculuğuna start verildi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət – orduya çağırış haqqında fərman verildi. 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyuldu.
Avqustun 1-də Xosrov bəy Sultanov dövlətin ilk müdafiə naziri təyin edildi və ordu quruculuğu sahəsində ilk addımlar atıldı. Qısa müddətdə Milli Ordu Nuru paşanın rəhbərliyi altındakı Qafqaz İslam Ordu hissələri ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. Bu vaxt Azərbaycan ordusunda Həbib bəy Səlimov, Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski kimi zabitlər, generallar xidmət edirdi.
Dekabrın 25-də hərbi nazir vəzifəsində Xosrov bəy Sultanovu general Səməd bəy Mehmandarov əvəz etdi, general-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edildi. Bundan sonra Milli Ordu quruculuğu işləri daha da sürətləndi və işğalçı erməni-daşnak qüvvələrinə qarşı uğurlu əməliyyatlar aparıldı. Lakin təəssüf ki, 1920-ci il aprelin 28-də Cümhuriyyət süqut etdi və onun yerində yaradılan bolşevik hökuməti Milli Ordunu ləğv etdi.
Sovet dövründə Azərbaycanda ordu quruculuğu işləri isə məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
1969-cu ildə hakimiyyətə gəlişindən sonra Ulu Öndərin müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı, 1971-ci ildə Bakıda hərbi kadrlar hazırlayan məktəb – Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Bundan sonra Azərbaycanda hərb sənətinə maraq daha da gücləndi, burada hazırlanan azərbaycanlı kadrlar tezliklə yüksək çinli, təcrübəli hərbçilərə çevrildilər.
Qürurvericidir ki, C.Naxçıvanski adına həmin Hərbi Lisey Azərbaycan müstəqilliyini bərpa edəndən sonra yeni ordu quruculuğunda da mühüm rol oynadı.
1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ulu Öndərin çox böyük diqqət yetirdiyi sahələrdən biri də ordu quruculuğu oldu.
1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi, Silahlı Qüvvələrin maddi-texniki təminatı yaxşılaşdırıldı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı artırıldı, döyüş ruhu yüksəldildi.
Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı günü – 26 iyun tarixini Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan etməsi Azərbaycanda ordu ruhunu daha da artırdı. Az sonra – 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradıldı.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biridir.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə Ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
Bütün bunların nəticəsində rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində düşmən üzərində möhtəşəm qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qarabağ kimi çox çətin problemi həll edərək Ermənistanı, dünyadakı erməni diasporunu, erməni kilsəsini və onların havadarlarını diz üstə çökdürərək reallığı qəbul etməyə məcbur etdi – işğala son qoyuldu.
Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
Biz bu gün Azərbaycan Silahlı Qüvvələri Gününü qeyd edirik!
Bu günü Bayram etməyə haqqımız var, çünki biz qalib dövlətin qürurlu vətəndaşlarıyıq!
Çünki biz qalib ordunun Müzəffər Ali Baş Komandanının əsgərləriyik!
Azərbaycan xalqı, Bayramın mübarək!
Azərbaycan ordusu, Bayramın mübarək!
Bu xalqın qalib Prezidenti, bu ordunun Müzəffər Ali Baş Komandanı, Bayramın mübarək!
Əziz Ələkbərli,
Millət vəkili