Rəqqasə və agent dedikdə bir çox insan dərhal Mata Harini xatırlayır. Ancaq Türkiyə kəşfiyyatına xidmət edən daha bir əfsanəvi qadın kəşfiyyatçının olduğunu isə bir çoxları bilmirlər.
1910-cu ildə İstanbulda dünyaya gələn Türkiyə kəşfiyyatının Mata Harisinin əsl adı Əminə Ədalət Peedir. Onun haqqında internetdə bir çox rəsmlər və məlumatlar olsa da, araşdırıldığı zaman onun çox ilginc həyatı olduğunun şahidi olmaq mümkündür.
Musavat.com Türkiyə Cumhuriyyəti dönəmində vətənə xidmət edən bir agent-rəqqasə haqqında maraqlı faktları sizlərə təqdim edirik.
Əminə səhnəyə çıxmağa ilk olaraq orta məktəb dövrlərindən başlayıb. 14 yaşında isə Almaniyaya köçür və rəqs etməyə burada davam edir. Daha sonra Almaniyada əmisinin qaynı Anri Pee ilə ailə qurur.
Əminə Almaniyada məşhur bir rəqqasəyə çevrilir. Bir gün axşam yenə səhnədə çıxış edən Əminəyə alman zabiti yaxınlaşaraq Adolf Hitlerin təbliğat naziri Yozef Göbbelsinin onunla görüşmək istədiyini deyib. Əminə bu təklifi qorxaraq məcburən qəbul edir. Yozef Göbbelsin qəbuluna gətirilən Əminə nazirdən Almaniya üçün agentlik etmək təklifi alır. Əminə isə bu təklifi düşünəcəyini deyib, oradan uzaqlaşır.
Almanlar üçün agentlik etməyi rədd edən Əminə həyat yoldaşı ölənə qədər Türkiyə üçün agentlik edib. 1942-ci ildə Türkiyəyə gəlib. Lakin orada da çox qalmayıb.
Hitlerin köməkçisi Freqlayr ilə yaxın münasibətlər quran Əminə yavaş-yavaş bu fürsətdən istifadə edərək, faşist liderinə yaxınlaşmağa başlayıb. Bu yaxınlıq sayəsində o, istəyinə nail olub. O, sadəcə bir rəqqasə deyildi, həm də Türkiyə Cumhuriyyətinin Milli Kəşfiyyat İdarəsinin ilk agenti idi.
Əminə Almaniyanın Parisi işğal etmək planını ifşa edib və bu barədə xəbəri Ankaraya çatdırıb. Bu xəbər o dönəm üçün çox mühüm idi. Çünki belə bir hadisənin olacağı heç kəsin ağlına gəlmirdi. Əminənin sayəsində Türkiyə vətəndaşları geri çağırılmışdı və zərər görmələrinin qarşısı alınmışdı.
Əminə Ədalətin Atatürk ilə də xatirələri olub. Həmin dönəmdə yaxın ətarfındakı insanlara hər zaman bu xatirəni danışırmış. Sənəti üzrə əldə etdiyi uğurlara görə tədbirlərin birində Atatürk Əminəni təbrik edərək, yanağından öpüb. Əminə Ədalət bir həftə boyunca yanağını yumadığını deyib.
Sənətinə 70 yaşına kimi davam edən Əminə Ədalət bir neçə türk filmlərində də rol alıb. Həyatı xatirələrlə dolu olan Əminə Ədalət 1985-ci ildə Darülacezedə dünyasını dəyişib. (Musavat.com)
Turan Oruc