Şənbə , 27 Aprel 2024
Drone Cameras

AŞPA-da ilginc olay: “Azərbaycanlı girovların fotolarını görən Serj Sərkisyan bir qədər pauza verdi…”

Hüquq müdafiəçisi Əhməd Şahidov erməni prezidenti çətin vəziyyətə saldı, salondan çıxarıldı

 Yanvarın 22-də Fransanın Strasburq şəhərində AŞPA-nın qış sessiyası öz işinə başlayıb. Yanvarın 26-a qədər davam edəcək qış sessiyasında quruma yeni prezident və İnsan Haqları üzrə Komissar seçilib.

Qış sessiyasında müzakirəyə çıxarılan məsələlər əsasən münaqişə zonalarındakı humanitar fəlakətlər, sülh və barışın əldə olunması, dözümlülük və tolerantlıq, Avropada anti-semitimizm, İslamofobiya və ksenofobiya hallarının artması ilə bağlı olub. Konkret olaraq, Ukraynadakı mövcud münaqişə ocaqlarındakı humanitar fəlakətlə bağlı müzakirələr aparılıb, İsrail və Fələstin arasında sülhün əldə edilməsi yolları araşdırılıb, Avropa Şurasının baş katibi öz prioritetlərini açıqlayıb, İnsan Haqları üzrə Komissar isə 2017-ci il üçün illik hesabatını təqdim edib. Azərbaycan nümayəndə heyəti də AŞPA-nın qış sessiyasına ciddi hazırlaşıb. Rəsmi nümayəndə heyəti ilə yanaşı, vətəndaş cəmiyyətinin üzvləri, hüquq müdafiəçiləri AŞPA-da səfərdədirlər. Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini AŞPA gündəliyinə çıxardan Azərbaycan nümayəndə heyəti bu istiqamətdə intensiv iş aparıblar. Vətəndaş cəmiyyətinin üzvləri müxtəlif ölkələrin AŞPA-dakı üzvləri ilə görüşlər keçirib, onlara girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə broşürlər və fotolar paylayıb və onlardan girovların azadlığa buraxılması istiqamətində dəstək istəyiblər. Türkiyə, Albaniya, Ukrayna, Gürcüstan, İtaliya, Belorus, Avstriya, Fransa və digər ölkələrin AŞPA-dakı nümayəndə heyətləri ilə görüşlər keçirilib və azərbaycanlı girovlarla bağlı onlara ətraflı məlumat verilib. Bu gün, yanvarın 24-də Serj Sərkisyan AŞPA-nın qış sessiyasında çıxış edib. Ermənistan prezidenti çıxışında işğalçı siyasətə haqq qazandırmağa çalışıb. Ermənistan prezidentinin AŞPA-ya gəldiyi anlarda AŞPA binasının əsas foyesində azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə foto və broşürlərdən ibarət stend təşkil olunub.

Stendin təşkilatçısı Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Musavat.com-a açıqlamasında bildirib ki, əsas məqsəd AŞPA-da azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi gündəmə gətirmək, AŞPA üzvlərini məlumatlandırmaq və Ermənistan prezidentinə bu barədə sualların verilməsini təmin etməkdir. Gün ərzində 60-a yaxın AŞPA üzvünün girovlarla bağlı stendi ziyarət etdiyini və məlumat aldığını deyən hüquq müdafiəçisi AŞPA-da girovlar məsələsinin gündəliyə çıxarıldığını bildirib.

Ə.Şahidovun sözlərinə görə, daha bir maraqlı məqam Serj Sərkisyanın çıxışı zamanı yaşanıb. Belə ki, Ermənistan prezidenti çıxış edərkən zalda əyləşən hüquq müdafiəçisi Əhməd Şahidov əlində azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin fotolarını tutaraq, səssiz etiraz aksiyası keçirib: “Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin fotolarını görən Serj Sərkisyan bir qədər pauza verdi və sonra çıxışına davam etdi. Səssiz aksiyanın keçirildiyi sektorda əksəriyyət erməni olsa da, özləri aksiyaya müdaxilə etmədilər və AŞPA təhlükəsizlik xidmətini köməyə çağırdılar. Təhlükəsizlik xidmətinin əməkdaşları hüquq müdafiəçisindən aksiyanı dayandırmağı və zalı tərk etməyi tələb etdilər”.

Ə.Şahidov bildirdi ki, bu tələbdən sonra zalı tərk edib: “Sərkisyanın mühafizəsi gəldi, kameraya baxmaq istədi. Mən hüquq müdafiəçisi olduğumu dedim, ASPA təhlükəsizlik işçiləri dedilər ona dəymək olmaz. Ermənilər də tərs-tərs baxıb heç nə deyə bilmədilər”. (Musavat.com)

Elşad

 

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir