Cümə , 22 Noyabr 2024
Drone Cameras

İTV-nin Qarabağ müxbiri: “Əsgərimizdən sonra azad olunmuş ərazilərə ilk səfər etmək qürurverici idi” – MÜSAHİBƏ

Boyukmillet.com Modern.az-ın yeni müsahibəsini təqdim edir.

Milli Mətbuat günü ərəfəsində Azərbaycanın 44 günlük şərəf tarixini yazanlarla bağlı layihəmizi davam etdiririk.

Modern.az-da növbəti müsahimiz 20 illik hərbi jurnalist fəaliyyətinin 13 ilini Qarabağ bölgəsində keçirən Şöhrət Eyvazovdur. Onu həm də “Boş qalmış erməni papaqları” adlı reportajları ilə tanıyırıq.

Qarabağ müharibəsi veteranı olan həmkarımız hərbi sahədə fəaliyyətinə görə “Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi”, “Azərbaycan Ordusunun yaranmasının 100 illiyi” medallarına, media sahəsində fəaliiyətinə görə isə “Tərəqqi” medalına layiq görülüb. O, həm də 44 günlük müharibənin informasiya cəbhəsində səmərəli fəaliyyətinə görə  “Zəfər media mukafatı” alıb. 
 

– Müharibə xəbərini necə aldınız? Həmin vaxt haradaydınız?

– Öncə söhbətə hər iki Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalanların xatirəsini yad etməklə başlamaq istərdim. Onların arasında media şəhidlərimiz, o cümlədən bu yaxınlarda Kəlbəcər istiqamətində peşə fəaiyyətlərini yerinə yetirərkən şəhid olan Məhərrəm İbrahimov və Sirac Abışov da var. Ruhları şad olsun! Bilirsiniz ki, qəhraman əsgərimizdən sonra azad edilmiş ərazilərə ilk səfərləri etmək qürurverici, həm də təhlükəlidir və bu təhlükə həmin ərazilərin minalardan tam təmizlənməsinə qədər davam edəcək.

O ki qaldı müharibə xəbərini eşitməyimizə, 2007-ci ildən İctimai Televiziyanın Qarabağ müxbiriyəm. 13 ildir cəbhə bölgəsində yaşayan və ya işləyən digər soydaşlarımız kimi adı atəşkəs olsa da, müharibə qanunlarıyla yaşamağa öyrəşmişik. Lakin 27 sentyabr günü Tərtər, Ağdam və digər cəbhəyanı bölgələrdə atəş səslərinin daha intensiv olduğunu eşidən kimi döyüş əməliyyatlarının başladığnı anladıq və  operator Vüsal Quliyevlə dərhal Tərtər istiqamətinə yollandıq. Qarağacı kəndinə dönən yolda Ermənistan Ordusunun atdığı top mərmiləri yaxınlığımza düşdü. Elə həmin gün bu istiqamətə digər quruplar ezam olduğununa görə Füzuli-Cəbrayıl istiqamətinə yollandıq.

– Birdən-birə müharibənin içinə düşdüyünzə görə ən çox nədə çətinlik çəkirdiniz?


– Əslində bütün xalqımız kimi, biz də 26 il idi ki bu günü gözləyirdik. Bundan əvvəl 2014-cü il Avqust və 2016-cı il Aprel döyüşlərində iştirak eləmişdik. Digər tərəfdən, mən I Qarabağ müharibəsində zabit kimi ön xətdə xidmət etmişəm və ehtiyatda olan kapitanam. Buna görə də, ekstremal situasiyalarda jurnalist davranışına və informasiya təhlükəsizliyini qorumağa hazır idim. 44 günlük müharibənin təxminən 1 ayını Füzuli-Cəbrayıl bölgəsində, qalan vaxtı isə Tərtər-Ağdam bölgəsində olduq. Ən çox çətinlik Bərdə terrorundan məlumat verəndə oldu – erməni daşnaklarının vəhşiliyi insanın qanını dondururdu. Amma, soydaşlarımızın qorxmamasını, əksinə, düşmənə nifrət hissini də müşahidə edirdik və tamaşaçılara çatdırırdıq. Müsahiblərimdən birinin, “Evimiz dağılsa belə, azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızın gölgəsində yaşayaram” – deməsini də unutmuram. 


– Ayrı-ayrı kəndlərin, şəhərlərin qələbə xəbərlərini alanda hansı hissləri keçirirdiniz? Ən çox hansı xəbərə sevindiniz? 

– Hər yaşayış məntəqəsi azad ediləndə sevinmişəm hamımız kimi. Ən çox isə Cəbrayılın və Xudafərin körpüsünün azad edilməsi xəbərini eşidəndə və informasiyanı verəndə sevinmişəm. Qardaşım mayor Eyvazov Fərahim də elə bu istiqamətdə idi və həmin gün onun ad günü idi. İctimai Radioda Cəbrayılın azad edilməsi haqqında danışanda onu  və digər ad günü olan hərbçilərimizi də təbrik elədim. 


– Bu  müharibə sırasında erməni terrorunun dəhşətli üzünü gördünüz.  Ən çox  üzüldüyünüz an hansı oldu?


– Erməni terrorunun dəhşətli üzünü 1993-cü ildən hərbçi, 2001-ci ildən hərbi jurnalist kimi dəfələrlə görmüşəm. Xüsusilə də, 8 mart günü öldürülən 8 yaşlı Fariz Bədəlovun, nənəsiylə birlikdə qətlə yetirilən Zəhra Quliyevanın timsalında… Bu barədə çox reportajlar hazırlamışam. Lakin kütləviliynə görə Bərdə terroru Xocalı faciəsindən sonra erməni vəhşiliyinin ən böyük sübutlarından biri kimi tarixdə qalacaq. Maşınlarında yananlar, övladını qucaqlaşıb birlikdə  ölənlər və daha bu kimi epizodlar indi də gözümün qabağındadır. 


– 44 gün boyunca heç yorulduğunuz, çəkilişlərə ara vermək istədiyiniz məqamlar oldumu? 


– Yorulmağına yorulurduq, amma qəhrəman Azərbaycan əsgərinin həmin vaxt döyüşdə, ön xətdə daha çətin vəziyyətdə olduğunu düşünəndə, hansısa kəndimizi, şəhərimizi azad olunması xəbərini çatdıranda ruhən güclənirdik. Mən həm də boş qalmış erməni əsgərlərinin papaqları barədə xəbərlər verəndə çox sevinirdim. Bunu da deyim ki, səyyar kolleksiyamda erməni əsgərlərinin döyüş meydanında qoyub qaçdıqları 17 papaq var. Bu papaqları əsasən Cəbrayıldan, Hadrutdan, Zəngilandan, Qubadlıdan, Füzulidən, Suqovuşandan, Ağdamdan toplamışam. 


– Kolleksiyanızda daha nələr var? 


– Zirehli gödəkcələr, hərbi mundurlər, xəritələr, qumquma və digər ləvəzimatlar. Bunların hamısınən yararlı vəziyyətdə olması erməni fərariliyinin sübutudur. 10 mindən çox erməni fərarisi qaçarkən demək olar ki, hər şeyi atırdı. Bu kolleksiyanı tək Qarabağ bölgəsində deyil, müharibədə yanımızda olan qardaş Türkiyədə də göstərmək istəyirəm. Xüsusu ilə də  hərbi xidmətim dövründə ixtisasartırma kurslarında olduğum İstanbul və Ankarada “Boş qalmış erməni papaqları” kolleksiyamı nümayiş etdirməyə çalışacam. 


– Möhtəşəm Qələbə Günümüzü necə xatırlayırsınız?

– Qarabağda doğulsam da, ana yurdum Zəngəzur, ata yurdum isə Dərələyəzdir. Nə qədər ki, Qarabağ işğalda idi, hamımız Qarabağlıydıq. İndi isə, bizi Zəngəzur, Dərələyəz və digər yurd yerlərimiz gözləyir!

Bu Qələbə isə hər şeydən əvvəl erməni mifinin dağıdılması və  üzbəüz döyüşdə Azərbaycan Əsgərinin gücünün nümayişi idi. Ən əsası isə 44 günülk müharibə Aəzrbaycanın hərb, mülki və informasiya cəbhələrinin birliyinin sübutu kimi tarixdə qalacaq. Bu tarixin yaradılmasında və yazılmasında az-çox iştirakımla fəxr edirəm və edəcəm!

Check Also

MŞ-nin sədr müavini: Xarici qüvvələr Azərbaycana qarşı mediada dezinformasiyalar yaymağa cəhd edirlər

Xarici qüvvələr Azərbaycana qarşı mediada Qarabağ məsələsi, din, insan haqları mövzusunda dezinformasiyalar yaymağa cəhd edirlər. …