Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İrlandiyalı oyunçu: “Qarabağ”ın futbolçularının üz ifadələrini unutmayacağam”

İrlandiya “Dandolk”undan Şimali İrlandiya “Linfild”inə transfer olan Kris Şild hər iki komandanın avrokuboklarda “Qarabağ”a qarşı oynadığı qarşılaşmaları xatırlayıb.

Boyukmillet.com-un məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi “Linfild”in 2019-cu il avqustun 22-də Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Azərbaycan təmsilçisinə 3:2 hesabı ilə qalib gəlməsini fantastik nailiyyət adlandırıb.

İrlandiyalı futbolçu həmin görüşü “Windsor Park” stadionunda canlı izlədiyini söyləyib: “Qarabağ” əvvəlki mərhələdə “Dandolk”u Çempionlar Liqasında mübarizədən kənarlaşdırmışdı. Bu səbəbdən, onlara Belfalstda qalib gəlmək “Linfild” üçün fantastik nəticə idi. “Qarabağ”ın futbolçularının üz ifadələrini heç vaxt unutmayacağam. Onlar “Linfild”in sürətli qollarından tam sarsılmışdılar. İkinci hissədə Şeyn Laverinin qolu sadəcə fərdi ustalığın möhtəşəm nümunəsi idi. Əminəm ki, o gecə oyun iştirakçılarının yaddaşında uzun müddət qalacaq”.

Qeyd edək ki, “Qarabağ” 2019/2020 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya “Dandolk”unu iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb – 1:1, 3:0. Növbəti mərhələdə Kipr APOEL-inə iki oyunun nəticəsində yenilən (2:1, 0:2) Azərbaycan təmsilçisi Avropa Liqasının “pley-off” mərhələsində Şimali İrlandiya “Linfild”i ilə üz-üzə gəlib. “Qarabağ” səfər matçında 2:3 hesabı ilə uduzsa da, evdə qalib gəlib – 2:1. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv səfərdə daha çox qol vurduğu üçün Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

Check Also

17 yaşlı futbolçu Neymarın rekordunu qırıb

Braziliyanın “Palmeyras” klubunun futbolçusu Estevao Villian Neymarın rekordunu qırıb. Boyukmillet.com xəbər verir ki, 17 yaşlı …