Azərbaycan Respublikasının Milli Məclisinin deputatı və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev fevralın 19-da Avstriyanın paytaxtı Vyana şəhərinə səfərə gedəcək. Bu haqda Milli Məclisin mətbuat xdiməti məlumat yayıb.
Deputatımız səfər çərçivəsində bir sıra görüşlər keçirəcək, ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında iştirak edəcək və sessiyanın gündəliyində olan aidiyyatı məsələlər haqqında çıxış edəcək.
Azay Quliyev fevral ayının 22-də ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 2-ci iclasına qatılacaq. İclasda qurumun əsasnaməsinə əlavə və dəyişikliyin edilməsi, Yunanıstan və Moldovanın üzvlüyə qəbulu, İpək Yolunun bərpası təşəbbüsünü dəstəkləyən qətnamə layihəsi, bu ilin martın 13-14-də Azərbaycan Respublikasının Milli Məclisi ilə birlikdə Bakıda təşkil olunacaq “ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Beynəlxalq Bakı Konfransı”na dair məsələlər müzakirə olunacaq.
Səfər fevralın 24-də başa çatacaq. (qht.az)