OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) iddia edib ki, Azərbaycan hökuməti İsrail şirkətindən aldığı proqramla Azərbaycanda 1000-ə yaxın şəxsin telefonunu dinləyir, telefonlar vasitəsilə onları izləyir. Həmin siyahıda siyasi fəalların, məşhur jurnalistlərin də adları var.
Ekspertlər deyir ki, 44 günlük müharibədən sonra media, cəmiyyət, hökumət, siyasi qüvvələr arasında yaranan həmrəylik bəzi qüvvələri narahat edir. Ona görə də bu cür məqalələrlə insanları bir-birinə qarşı qoymağa cəhd edirlər.
Siyahıda adı olan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Report”a açıqlamasında bildirib ki, belə bir yazının hazırlanması və siyahının yayılması Azərbaycana qarşı təxribatdır:
“Əks halda, böyük layihənin içindən kiçik Azərbaycan fraqmentini qabardıb, yalnız Azərbaycanın üzərinə gəlməzdilər. Bu, daxili həmrəyliyi pozmaq üçün Azərbaycana qarşı təxribatdır”.
Baş redaktor vurğulayır ki, bu məsələ ilə bağlı ölkənin xüsusi xidmət orqanlarının rəhbər heyətinə aid şəxslərlə qeyri-rəsmi məsləhətləşmə aparıb, onların məsələyə münasibətini öyrənib.
Həmin şəxslər Rauf Arifoğluna bildiriblər: “Hər bir xüsusi xidmət orqanı kimi, bizim də dinlədiyimiz adamlar, şübhəlilər var və bunların hamısı qanuni yollarla həyata keçirilir. Bizim dinlədiyimiz şəxslərin siyahısı ilə yayılan siyahı arasında heç bir əlaqə, o cümlədən, oxşarlıq yoxdur. Biz xüsusi proqramla xaricdə kimləri isə dinləyə bilsəydik, əmin olun, bunlar ilk növbədə, xarici düşmənlərimiz, Ermənistan ərazisindəki terrorçular, Azərbaycana qarşı cinayət törətmiş vəzifəli ermənilər olardılar. Siyahıda bir nəfər də olsun erməni terrorçunun adı yoxdursa, bu siyahının etibarlılığı barədə danışmağa gərək də qalmır”.
Baş redaktor bildirib ki, qeyri-rəsmi rəyə birmənalı inanmağın tərəfdarı deyil: “Lakin ortada dəmir məntiq var: niyə Azərbaycanın izlədiyi telefonlar arasında Qarabağdakı terrorçuların, Arayik Arutyunyanın, Robert Köçəryanın, yaxud, Sarqsyanın, indiki Ermənistan rəhbərliyindən heç kimin telefonu, kompüteri yoxdur? Əgər Fransadakı müxalif jurnalisti “Pegasus”la izləmək mümkündürsə, niyə İrəvandakı Roberti izləmək mümkün olmasın? Suallar çoxdur”.