İnsan orqanlarının alqı-satqı obyekti olmaması barədə Azərbaycan Respublikası qanunlarının tələblərinə zidd olaraq ölkə ərazisində orqan alveri ilə məşğul olan, Azərbaycan vətəndaşlarını asılı vəziyyətə salıb qanunsuz tələblər irəli sürən, insanları orqanlarının transplantasiyasına vadar edən transmilli şəbəkənin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət işi başlanılaraq araşdırmalar aparılır.
DTX-nin İctimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. Vahid Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.
Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər.
Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.