Cümə , 22 Noyabr 2024
Drone Cameras

“İki ölkə erməniləri revanşa hazırlayır!”

Son günlər Ermənistanla yanaşı, Rusiya və İranın da bəzi addımları regionda vəziyyətin yenidən gərginləşməsinə səbəb olub. İranın yük avtomobilləri Laçın dəhlizini keçməklə erməni separatçılarına hansısa müəmmalı yüklər çatdırır və Rusiya sülhməramlıları buna hər cür şərait yaradır. Sülhməramlılar Ermənistan ordusunu və separatçıların qalıqlarını bu ərazilərdən çıxarmaq əvəzinə, onlara hansısa postların qurulmasında yardım göstərir, Ermənistandan Qarabağa hərbi qüvvələrin daşınmasına göz yumurlar. Rəsmi Bakı isə yaranan gərginlik fonunda həm Tehrana, həm də Moskvaya diplomatik dildə narazılığını bildirir.

Boyukmillet.com xəbər verir ki, “AzPolitika.info” bölgədə yaranan gərgin və həssas durumla bağlı siyasi şərhçi, professor Qabil Hüseynlinin fikirlərini öyrənib.

  • Qabil müəllim, son günlər Azərbaycan-Ermənistan sərhədində müşahidə olunan gərginlik tədricən Rusiya-Azərbaycan münasibətlərinə sirayət edir. Əvvəl Moskvanın qeyri-rəsmi sözçüsü Vladimir Jirinovski sərsəm fikirlər işlədir, daha sonra Rusiya müdafiə naziri Sergey Şoyqu Ermənistan ordusuna hərbi-texniki dəstək veriləcəyini elan edir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) Baş katibi Azərbaycan-Ermənistan sərhədinə baş çəkir, Kremlin nəzarətindəki media Azərbaycana qarşı kampaniyaya başlayır və s. Bu fonda Rusiya-Azərbaycan münasibətlərinin indiki vəziyyətini necə xarakterizə edərdiniz?
  • Azərbaycan Prezidentinin Moskvaya səfəri zamanı Rusiya Prezidenti bildirdi ki, onun ölkəsi Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrini daha da inkişaf etdirmək fikrindədir və bununla əlaqədar Azərbaycana böyük nümayəndə heyəti göndərəcək. Biz də düşündük ki, bunlar səmimi ifadələrdir. Bunun ardınca erməni tərəfinin sanki yeni müharibəyə təhrik edilməsi prosesi başlandı. Rus sülhməramlıları Laçın dəhlizindən erməni silahlı qüvvələrinin yeni dəstələrini Azərbaycanın suveren ərazisinə buraxmağa başladı.

Hələ Xankəndində olan 11 minə qədər Ermənistan ordusunun əsgərləri də üçtərəfli razılaşmaya əsasən çıxarılmalı idi, amma bunu da etmədilər. İndi görünən budur ki, Rusiya açıq kartlarla oynamağa başlayıb. Əlaltından və ya gizlicə həyata keçirdiyi Ermənistanın silahlandırılması prosesi indi açıq şəkildə reallaşdırılır. Erməni müdafiə naziri ilə görüşən Rusiya müdafiə naziri Şoyqu təxribatçı fikirlər səsləndirərək, erməni ordusunun yenidən qurulması, silahlandırılması barədə danışır. Hətta nümayişkəranə şəkildə erməni nazirə xəncər bağışlayaraq deyir ki, Ermənistan ordusunun silahlandırılmasına başlandığını hesab edin. Bunların hamısı Azərbaycan xalqının və siyasi rəhbərliyinin əsəblərini tarıma çəkən məqamlardır.

Digər tərəfdən də, sanki İranla koordinasiya edilən hərəkətin şahidi oluruq. İran təqribən Ermənistan silahlı qüvvələrinin Xankəndinə daşınması ilə eyni vaxtda bu dəfə avtomobillərinin nömrəsini dəyişmədən, hətta onlara İran bayrağı taxaraq böyük avtomobil karvanı ilə Qarabağ bölgəsinə daxil olur. Belə təəssürat yaranır ki, İran və Rusiya 44 günlük müharibədə Azərbaycanın əldə etdiyi qələbəni həzm edə bilmir və bu iki ölkə revanş məsələsində ermənilərə kömək etmək barədə qərara gəlib. Mənim zənnimcə, çox mürəkkəb proseslər cərəyan edir.

  • Jirinovskinin bir-birinin ardınca verdiyi sərsəm açıqlamalar diqqətdən yayınmır. Gah deyir “Dağlıq Qarabağ” Rusiyaya birləşdirilə bilər, gah deyir bizim Qafqazda maraqlarımız var, gah da Azərbaycanı təhdid edir…
  • Jirinovski həmişə danışır. Danışanda da Azərbaycan xalqının ünvanına, Azərbaycan siyasi rəhbərliyinə müxtəlif təhqirlər yağdırır. Amma bunu onun öz təşəbbüsü kimi qiymətləndirmək doğru olmazdı. Jirinovskini danışdırırlar, onun dili ilə nələrinsə anonsunu verməyə çalışırlar. Guya regionda Rusiyanın strateji maraqları var və bunlara mütləq əməl edilməlidir, Rusiya 200 il əvvəl də burada maraqlarını reallaşdırıb, indi də reallaşdırmalıdır və s. Sanki dünya cəngəllik qaydaları ilə idarə olunur, beynəlxalq hüquq, suveren dövlətlərin hüquqlarına hörmətlə bağlı qanunlar yoxdur.

Açıqca deyilir ki, Azərbaycanı Gürcüstandan da pis hala salarıq və s. Yəni təxribatçı fikirlər səsləndirirlər. Onlar başa düşmürlər ki, Azərbaycanın yanında Türkiyə və Pakistan kimi qüdrətli dövlətlər var, onlar istənilən vaxt Rusiyanın buradakı beynəlxalq hüququn əleyhinə yönələn hərəkətlərinə qarşı çıxa, onu yerində oturda bilərlər və bölgə ağır müharibə təhlükəsi ilə qarşılaşsa da, Azərbaycan xalqının maraqlarının tapdanılmasına imkan verilməz. Mən dəqiq bilirəm ki, belə də olacaq.

  • Sizcə, ruslar bizdən nə istəyir?
  • Məncə, bu, rus xarici siyasətinin uğursuzluğudur. Azərbaycan Rusiyanın maraqlarına toxunacaq, onu təbdən çıxara biləcək heç bir addım atmır. Doğrudur, Ermənistanı ərazilərimizdən qovub çıxararkən onu tam məhv olmaqdan xilas etdilər, rus sülhməramlıları əslində bu bölgəyə daxil olmaqla erməni ordusunun tam sıradan çıxarılmasının qarşısını aldı. Üstəlik, Qarabağ ərazilərində erməniləri qoruyub saxladılar, qaçanları da geri qaytarmağa çalışdılar. Rusiyanın erməni sevgisi var, bu sevginin də böyük tarixi mövcuddur. Çar Rusiyası dövründən başlayan erməni sevgisi Qərbi Azərbaycan və Qarabağ torpaqlarına ermənilərin məskunlaşdırılması ilə nəticələndi.

Bəs, indi nə istəyirlər? Rusiyanın maraqlarını tapdalamaq, Moskvaya qarşı Qərb dövlətləri ilə alyansa getmək, Qərblə inteqrasiya və s. məsələlərdə Ermənistan bizdən qabaqdadır. Ermənistan Avropa İttifaqı ilə daha ciddi əməkdaşlıq razılaşması imzalayıb. Azərbaycan bu ittifaqla heç bir ciddi sənəd imzalamayıb, yalnız ikitərəfli münasibətlər haqqında sənədin imzalanmasını nəzərdə tutan danışıqlar prosesi gedir. Bu istiqamətdə də ciddi nəticə, hələ ki, müşahidə olunmur. Hazırda Azərbaycanın Rusiyanın strateji maraqlarının əleyhinə çevrilən heç bir addımı yoxdur. Azərbaycan yalnız ərazi bütövlüyünün qorunması, torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizə aparıb. Bu da Rusiyaya heç bir zərər vermir. Əslində, Rusiya yaxşı fikirləşsə, 10 milyonluq əhalisi və perspektivli iqtisadiyyatı olan Azərbaycanla əməkdaşlıq Rusiyaya daha çox xeyir verə bilər. Tutalım ki, onlar bizə “Avrasiya İttifaqına tez daxil ol, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ərizə ver” kimi şeylər deyə bilərlər. Amma, bu iş belə olmur. Azərbaycanın da bu məsələdə müəyyən təklifləri, fikirləri var. Azərbaycan ərazi bütövlüyünü tam bərpa etsin, torpaqlarından erməni işğalçılarını tam çıxarsın, sən Rusiya da buna mane olma, bundan sonra Azərbaycan ola bilsin ki, Avrasiya Birliyinə, hətta KTMT-yə qoşulmaq barədə düşünə bilər. Amma bunlar proseslərə imperiya amirliyi, neo-imperialist düşüncə ilə yanaşırlar. Azərbaycanı Jirinovskinin səfeh və heç bir məntiqə sığmayan fikirləri ilə aşağılamağa cəhd edirlər.

Azərbaycan beynəlxalq münasibətlərdə aktiv rol oynayan, səsi və sözü dünyanın hər yerində eşidilən, üstəlik, Qərbin enerji təchizatında, lojistik əlaqələrin qurulmasında rolu olan ölkədir. Görünür, burada da Rusiya sanki Azərbaycanın Avropa qaz bazarına daxil olmasını, Avropa ilə lojistik əlaqələr qurmasını qısqanır. Ancaq Azərbaycan onunla rəqabətə girmək niyyətində deyil, onun iqtisadi maraqlarına zərbə vurmaq haqqında düşünmür. Azərbaycanın istər Rusiya, istərsə də İrana qarşı ziyan verən addımları olmayıb. Halbuki, biz Rusiya ərazisində yaşayan 26 türkdilli xalqı maarifləndirmək üçün radio və televiziya kanalı aça bilərik. Bu dalğalar Rusiya daxilində müəyyən mərkəzdənqaçma meyllərini şirnikləndirə bilər. Biz, eyni zamanda böyük həvəslə cənubdakı soydaşlarımızı televiziya və radio dalğaları ilə fəallaşdıra bilərik. Bunu etmək üçün bizə uzağı bir ay vaxt lazımdır. İran bunu anlamaq istəmir və gözümüzün qarşısında həyasızcasına bizim ərazilərə yanacaq, silah-sursat daşıyır. Sənin yük avtomobillərinə neçə dəfə cənublu soydaşlarımız od vurdu. Sən bundan ibrət götürüb düşünmürsən ki, sabah bu od-alov başına yağar. 40 milyon insanın ayağa qalxması İranı sarsıda bilər. Bu dövlətlər nə fikirləşir, necə fikirləşir, anlaşılmır. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək uğrunda mübarizəsinə pəl vurmağa, badalaq gəlməyə, Azərbaycanı təkləməyə və ruhdan salmağa cəhdlər edirlər. Bunlar sözün əsl mənasında heç bir beynəlxalq hüquq normasına sığmayan açıq təxribatlardır və Azərbaycan istənilən vaxt hər iki dövlət haqqında BMT-də məsələ qaldıra bilər.

  • Demək istəyirsiniz ki, Rusiya bizdən KTMT və Avrasiya Birliyinə daxil olmağı tələb edir və bu baş tutmayanda şantaja keçir?
  • Təkcə bunu istəsələr, anlamaq olar. Eyni zamanda, qabaqlarında ləbbeyk deyən ermənilərə də imtiyazlar qoparmağa çalışırlar. Əslində, Azərbaycan üçün bu qurumlara tədricən inteqrasiya etmək ciddi problemlər yaratmır. Avrasiya İttifaqına daxil ola bilərik, KTMT-də isə müşahidəçi statusu ilə otura və istədiyimiz zaman da oradan uzaqlaşa bilərik. Amma hər şeyin həyata keçirilməsinin beynəlxalq praktikada sınaqdan keçirilən forma və yolları var. Onlar bu yolu seçmirlər, hər şeyi əmr və nümayişkəranə şəkildə Azərbaycana qıcıq verməklə həyata keçirmək istəyirlər.

Müdafiə Nazirliyinin məlum bəyanatından sonra onlar Bakının mübarizə əzmini gördülər. Eləcə də indiyə qədər biz İrana nota verməmişdik, daha çox diplomatik kanallar vasitəsilə danışıqlar aparılmışdı. Amma indi İrana nota verdik. Rusiyaya isə bir neçə gün əvvəl nota təqdim edilib. Həmçinin, Müdafiə Nazirliyi öz qəti mövqeyini açıqlayaraq elan etdi ki, Azərbaycan ərazilərində “at oynadılmasına” izin verilməyəcək, bununla bağlı adekvat tədbirlər görüləcək. Bu, o deməkdir ki, Azərbaycan istənilən vaxt müharibədirsə müharibəyə, anti-terror əməliyyatıdırsa, əməliyyat hazırlayıb həyata keçirməyə hazırdır.

  • Siz yeni hərbi qarşıdurma olacağını gözləyirsinizmi?
  • Artıq hərbi gərginliyin bünövrəsini Rusiyanın ötürməsi, habelə İranın dəstəyi ilə Ermənistan qoyub. Faktiki olaraq, bölgəyə canlı qüvvə və texnika yığılması həyata keçirilir. Rusiya müdafiə naziri bu istiqamətdə təhrikedici bəyanatlar verir. Sözün həqiqi mənasında ortalığı qarışdıra biləcək müxtəlif məsuliyyətsiz fikir və bəyanatların şahidi oluruq. Bəyanatlarla yanaşı praktiki addımlar da görünür ki, bu da gələcəkdə Azərbaycan üçün ciddi təhlükəyə çevrilə bilər. Ona görə də Azərbaycan bunların hamısını beşikdə boğmaq məcburiyyəti qarşısında qalıb.

Hesab edirəm ki, indi Ermənistanın zəif, iqtisadi cəhətdən çökdüyü, hərbi qüvvələrinin ağır zərbə alaraq darmadağın olduğu mərhələdə, Rusiya və İran nə edirsə etsin, Azərbaycan ordusu Qarabağda sarsıdıcı zərbələr endirmək gücündədir. Bizim üçün yalnız türk hərbi bazalarının Azərbaycanda yaradılması və infrastrukturun qurulmasına hazırlıq prosesi qalır. Bunlar da yaxın vaxtlarda, məsələn, Füzulidəki beynəlxalq hava limanının işə düşməsi ilə başa çatacaq. Məncə, bu gün heç nəyi gizlətməyə ehtiyac yoxdur. Güman edirəm ki, Azərbaycanda Türkiyənin hərbi qüdrətini təmsil edən güclər yerləşib və onlar istənilən vaxt Azərbaycanın başlayacağı hərbi əməliyyatlara dəstək vermək niyyətindədir. Amma Azərbaycan bu saat təkbaşına, əlində olan müasir silahlarla və canlı qüvvə ilə də bu işi həyata keçirə bilər. Qeyd edim ki, 44 günlük müharibədən sonra Azərbaycan ordusunun sayı daha 20 min nəfər artırıldı, daha iki ordu korpusu yaradıldı. Eyni zamanda, Azərbaycan öz ordusunun qüdrətini artırmaq üçün lazımi tədbirlər görür.

Mən demirəm ki, sülh danışıqları və imkanları tam tükənib. Ancaq görəndə ki, Qarabağ ərazisinə Ermənistan silahlı qüvvələrinin əlavə hissələri daşınır, bunun səbəblərinə diqqət edirəm. Halbuki, 10 noyabr razılaşmasına görə bir nəfər də Ermənistan əsgəri Azərbaycan ərazilərində qalmamalı idi. Amma 11 min nəfərlik Ermənistan ordusu ərazidə qalır və indi yeniləri də gətirilir. Üstəlik, İran dəstək verməyə başlayıb, Rusiya erməni ordusuna dəstək verməyə başladığını elan edir. Bütün bunlar sözsüz ki, müharibəyə təhrik edən elementlərdir. Aydındır ki, Azərbaycan bunun qarşısında susmayacaq, cavabını verəcək.

  • Azərbaycan Müdafiə Nazirliyinin son bəyanatında Muxtarkənd və digər istiqamətlərdə ermənilərin təxribat xarakterli addımları qeyd edilib. Sizcə, gərginləşən hərbi atmosfer fonunda Şuşa şəhərinə hansısa təhlükə yaradıla bilərmi?
  • Bəli, bu kəndlərdə ermənilər bizi açıq-aşkar təxribata çəkirlər. Mən hələ dövlət sərhədində olan təxribatları demirəm. Hesab edirəm ki, biz sonuncu adama qədər ölsək belə, Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə qadirik. Xüsusilə, Şuşanı göz bəbəyimiz kimi qoruya bilərik və buna hər cür imkanımız var.

“İki ölkə erməniləri revanşa hazırlayır!”

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …