Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Donetskdə Qarabağa göndərilmək üçün könüllü terrorçu dəstələr yığılır?

Samir Adıgözəlli: “Donetskdə hansısa terrorçu qruplaşmaların hazırlanaraq sülhməramlıların nəzarətində olan bölgəyə göndəriləcəyi ilə bağlı yayılan məlumata ciddi yanaşmalıyıq”

Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizdə son zamanlar terrorçuların yerləşdirildiyi barədə məlumatlar yayılır. Ayrı-ayrı seqmentlərdə yayılan məlumatlara görə, müxtəlif ölkələrdən terror qruplaşmaları sülhməramlıların nəzarət etdiyi Azərbaycan ərazilərinə gətirilir.

Teleqram kanalında da belə bir məlumat yayılıb ki, separatçı Donbasda (Donetsk) Azərbaycana qarşı döyüşmək üçün “könüllülər”- terrorçular toplanır. Onların Qarabağa, Rusiya sülhməramlılarının nəzarəti altındakı ərazilərə göndəriləcəyi bildirilir.

Bu informasiyanı Teleqramda hərbi ekspert Podolyaka yayıb.

“Könüllü” dəstələrinin toplanılaraq Qarabağa göndərilməsi barədə məlumatlar nə dərəcədə real ola bilər?

  • “Baş verənlər Azərbaycanın Qarabağda antiterror əməliyyatları keçirməsini qaçılmaz edir”

İctimai-Siyasi Proseslərin Beynəlxalq Araşdırılması Mərkəzinin rəhbəri, politoloq Samir Adıgözəllinin bildirdiyinə görə, bu tamamilə inandırıcı bir informasiyadır və separatçı Donetskdən terrorçuların Azərbaycan ərazisinə gönədiləcəkləri barədə məlumata ciddi yanaşılmalıdır. S.Adıgözəlli xatırlatdı ki, son günlər sülhməramlıların nəzarətində olan ərazilərimizə terrorçuların, silahlı dəstələrin yerlışdirilməsi ilə bağlı xəbərlər yayılır. Bütün bu məlumatların dərindən araşdırılmalı olduğunu deyən S.Adıgözəllinin sözlərinə görə, əlaqədar dövlət qurumları Qarabağa terrorçuların gətiriləcəyi, yaxud gətirilib artıq yerləşdirildiyi barədə yayılan məlumatlara ciddi yanaşmalı və hər bir ştrixi, epizodu dərindən araşdırmalıdır: “İstənilən bu kimi məlumata ciddi əhəmiyyət verilməli, onlar araşdırılmalı və təhlil edilməlidir. Sülhməramlıların nəzarətində olan ərazilərimizin ətrafında cərəyan edən proseslər, hadisələr, yayılan məlumatlar birmənalı olaraq araşdırılmalıdır. Doneskdən, başqa yerlərdən “könüllü” terrorçu dəstələrin Qarabağa gətiriləcəyi barədə yayılan məlumatın, təbii ki, dövlətin müvafiq qurumları tərəfindən araşdırılmasına ehtiyac var. Amma çox təəssüflər olsun ki, yayılan məlumat tam reallığı da əks etdirə bilər. Son zamanlar rus sülhməramlılarının nəzarətində olan bölgəyə terrorçu silahlı dəstələri yığılır, silahlar gətirilir, bir sözlə, separatçılar silahlandırılır, proses isə sülhməramlıların gözləri qarşısında baş verir. Söz yox ki, birbaşa Rusiyanın müdaxiləsi, rəyi olmadan burada hər hansı bir proses baş verə bilməz. Əgər burada silahlanma baş verirsə, bölgəyə separatçı ərazilərdən silahlı terrorçular gətirilirsə, bunun birbaşa məsuliyyəti Rusiyanın üzərindədir”.

S.Adıgözəlli hesab edir ki, Rusiya sülhməramlıları üçtərəfli bəyanatdan irəli gələn missiyanı yerinə yetirmək əvəzinə separatçıların güclənməsinə, bölgənin yenidən separatizm yuvasına çevirilməsinə şərait yaradır. “Rusiya sülhməramlılarının terrorçuların hərəkətlərinə göz yumub onların sıralarının daha da genişlənməsinə şərait yaratması faktdır. Ona görə də, Donetskdə hansısa terrorçu qruplaşmaların hazırlanaraq sülhməramlıların nəzarətində olan bölgəyə göndəriləcəyi ilə bağlı yayılan məlumata ciddi yanaşmalıyıq, bu bizi narahat edən məsələdir. Bu baxımdan hesab edirəm ki, bütün bu kimi halların qarşısı alınmalıdır. Baş verənlər Azərbaycanın Qarabağda antiterror əməliyyatları keçirməsini qaçılmaz edir”-deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …