Yay tətilini deputat seçildiyi dairədə keçirən Cavanşir Feyziyev 115 saylı seçki dairəsinin bir sıra kəndlərində vətəndaşlarla görüşlər keçirib.
Boyukmillet.com xəbər verir ki, hazırda isə deputat şəhid ailələri ilə görüşlərə başlayıb. Keçən günlər ərzində deputat Şəkinin Kiş, Orta Zəyzid kəndlərində və Turan qəsəbəsində Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib. Millət vəkili Kiş kəndində şəhid Elnur Fərhad oğlu Nurullayevin, Orta Zəyzid kəndində şəhid Pənah İslam oğlu Məmmədovun, Turan qəsəbəsində şəhidlər Ülvi Bayram oğlu Abışovun, Elməddin Mikayıl oğlu Məmmədovun və Mübariz Tofiq oğlu Məmmədovun ailələrində olub, şəhid ailələrinin problemləri ilə maraqlanıb. Deputat Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsinin nəticəsi kimi torpaqlarımızın işğaldan azad olunmasını xalqımızın tarixi qələbəsi adlandırıb və bu qələbənin qazanılmasında onların övladlarının rolunu əsl qəhrəmanlıq kimi qiymətləndirib. Şəhid ailələrinə dövlət qayğısından danışan deputat bildirib ki, şəhid ailələri tərəfindən qaldırılan istənilən problemə həm dövlət qurumları tərəfindən, həm də vətəndaşlar və cəmiyyətimiz tərəfindən xüsusi həssaslıqla yanaşılır.
Şəhid ailələrinin hər birində valideynlər öz övladlarının Vətən uğrunda şəhid olduqlarından qürur duyduqlarını bildiriblər. Deputat Cavanşir Feyziyev şəhid ailələrinə qarşılaşa biləcəkləri istənilən problemlərlə, o cümlədən məişət, məşğulluq, təhsil və səhiyyə xidmətləri ilə bağlı ona dərhal məlumat verilməsini xahiş edib və bu işlərdə hər zaman onlara yardım etməyə hazır olduğunu bildirib.