Cümə , 22 Noyabr 2024
Drone Cameras

Prezidentin QHT-lərə ayırdığı vəsait kimləri narahat edir? – Cəsarət Hüseynzadə yazır

Cəsarət Hüseynzadə, 

“İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri

Vətəndaş cəmiyyəti təşkilatları dövlət qurumu sayılmasa da, dövlətin və cəmiyyətin inkişafından əsas və vacib institutlardan  biri sayılır. Xüsusən də ölkəmizin uzun müddət müharibə şəraitində olması və hazırda post müharibə dövrünə qədəm qoyması 3-cü sektoru dövlətin və cəmiyyətin mənafeyinin qorunması missiyasında xüsusi rola malik olduğunu vacib edir.

Çünki bu sektor vətəndaş təşəbbüsünü ifadə etdiyindən,  sərbəst sürətdə vacib mesajları dünya birliyinə çatdırmaq səlahiyyətindədir və bu davranış beynəlxalq miqyasda qəbul olunur. Onu da unutmamalıyıq ki, mütəmadi olaraq ölkəmizə qarşı qərəz də bəzi dövlətlərin əli ilə məhz beynəlxalq və regional təşkilatlar vasitəsi ilə ifadə olunmuşdur və proses damalı olaraq həyata keçirilməkdədir.

Belə olduğu halda biz niyə qeyri -hökumət təşkilatlarını daha da gücləndirib, onların  milli maraqların müdafiəsi istiqamətində fəaliyyətində maraqlı olmayaq?

Yeni çağırışlara  cavab verən vətəndaş cəmiyyəti mühitinin formalaşması üçün təşəbbüs

Prezident İlham Əliyev tərəfindən 2020-ci ildə irəli sürülən islahatlar paketi ölkəmizdə zamanın çağırışlarına cavab verən mühiti formalaşdırmaqdadır.  Aparılan islahatlar dalğasına uyğun olaraq,  bir çox sahələrdə yeni təşəbbüslərə uyğun idarəetmə formalarının yaradılmasına ehtiyac duyulduğundan 19 aprel 2021-ci il tarixində Cənab Prezidentin fərmanı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bazasında QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaradıldı.

Fərmanda çox mükəmməl formada Agentliyin qısa zaman kəsiyində fəaliyyətə başlaması və QHT-lərə dəstək göstərilməsi üçün müddətlər müəyyən edilməklə tapşırıqlar qoyulmuşdur.

Fərmanın icrası qeyd olunan müddətdə təmin olunsaydı, hazırda QHT-lər müvafiq qrant layihələrini Agentliyə təqdim etmək mərhələsində olmalı idi. Cənab Prezidentin imzaladığı fərmana əsasən, Agentliyin fəaliyyətə başlaması üçün Nazirlər Kabineti müvafiq sənədləri təsdiqləməsi və  maliyyə təminatın həyata keçirilməsi vacibdir.

Sözsüz ki, hər birimiz proseslərin gecikməsi ilə bağlı QHT-lərə Dövlət Dəstəyi Agentliyini və Nazirlər Kabinetini tənqid edirdik. İlk baxışda prosesinin Nazirlər Kabinetindən və QHT-lərə Dövlət Dəstəyi Agentliyindən asılı olduğu görünsə də,   sən demə “görülməli işlərin görülməsi” üçün “gözə görünməz” məqamlar da var imiş. Əks halda Agentlik tərəfindən hazırlanan müvafiq sənədlərə Baş nazir niyə imza atmasın?

Prezidentin Fərmanının icrası üçün Baş nazirin Sərəncamı var, lakin Sərəncamın icrasından xəbər -ətər yoxdur.

 Xalq arasında deyildiyi kimi, Zurnanın zırt dediyi yerə gəldik. QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı qərarın qəbul edilməsinə cavabdeh olan Nazirləri Kabineti sən demə bu qərarların qəbulu üçün fərmanın imzalandığı  gündən hərəkətə keçibmiş. Və 10 gün müddətində Nazirlər Kabineti bununla bağlı sərəncam hazırlayıb və Baş nazir 29 aprel 2021-ci il tarixində Prezidentin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında həmin Sərəncamı imzalayıb. Sərəncama əsasən iş bölgüsü aparılıb. Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları prosesə cəlb olunub.

 Sözsüz ki, qurumun fəaliyyətinin təmin olunması üçün əsas məsələ maliyyə vəsaiti və əməkdaşların işə qəbuludur. Hər 2 prosedurada  əsas söz sahibi isə Maliyyə Nazirliyidir.

O, Maliyyə nazirliyi ki, hər zaman QHT sektoruna “ögey övlad” münasibəti bəsləyib.  İndi isə bəzi qurumlar QHT-lərlə bağlı prosesi ləngidib fəaliyyətləri ilin sonuna sürükləməklə, Prezidentin QHT-lərə ayırdığı vəsaiti müxtəlif istiqamətlərə, bəlkə də “asfalt” döşəməyə sərf etmək niyyətinə düşüb.  

Versiyalar çoxdur, nəticə isə birdir – qeyri-hökumət təşkilatları zəifləməkdə davam edir və ötən illərin ən ağır zamanını yaşayır. Yaşayır deyirəmsə, hüquqi anlamda yaşamaqdan söz edirəm. Yəni imza və möhürü var. Lakin imzalamağa və möhürləməyə iş yoxdur.

QHT-lərlə  işləyən əsas dövlət qurumu ilə bağlı qərarlar qəbul edərkən, bəzi spesifik məqamlara da diqqət ayrılmalıdır. Proses aparılarkən qərarın bir dövlət qurumu ilə bağlı deyil,  vətəndaş cəmiyyəti, QHT sektoru ilə bağlı olduğuna diqqət edilməlidir. Yaddan çıxarmaq lazım deyil ki, həmin QHT sektorunun əsas dəstək ünvanı  Azərbaycan dövlətdir və fəaliyyəti də ölkəmizin haqq işinin müdafiə edilməsi, milli maraqlarımın təmin olunması istiqamətində səfərbər olmaqdır.

Azərbaycanda bir çox dövlət qurumların ləğv olunması və yenidən qurulması ilə bağlı təcrübə var. Heç bir nümunədə belə paradoksal vəziyyət yaranmayıb. Maraqlıdır bu paradoksal vəziyyətin yaranmasında hansı qüvvələr maraqlıdır?   

Prezidentin QHT-lərə ayırdığı vəsait kimləri narahat edir?

Təəssüf ki, fərmanın icrasına qoyulan vaxt başa çatsa da, hələ ki Agentliyin və QHT-lərin fəaliyyəti üçün maliyyə vəsaiti aktiv edilməyib. Xatırladaq ki, bu maliyyə vəsaiti Cənab Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə imzaladığı Fərmanla 6 milyon 316 min 97 manat  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayrılıb.

 “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin 2021-ci il üçün Xərclər Smetası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2021-ci il Sərəncamı ilə həmin vəsaitin 4  milyon 395 min 97 manatı isə layihələrin həyata keçirilməsi üçün QHT-lərə qrant verilməsi üçün nəzərdə tutulub.

QHT Agentliyi də QHT Şurasının hüquqi varisi olduğu üçün büdcədə nəzərdə tutulan vəsaitin hazırkı quruma ödənilməsində heç bir problem olmamalıdır.

Həm də ona görə ki, bu vəsaitin əsas hissəsi QHT-lərin layihələrinin maliyyələşməsi üçün nəzərdə tutulub.  Həmin vəsaitin vətəndaş cəmiyyətinə verilməməsi nəticəsində ölkədə fəaliyyət göstərən yüzlərlə QHT-nin fəaliyyəti iflic vəziyyətinə düşüb. QHT-lərin əsas donoru QHT Şurası olduğundan  və Şuranın da ləğv edilməsi və  Agentliyin yaradılması səbəbindən bir ilə yaxındır QHT-lərin əksəriyyəti dəstəksiz qalıb.  Vətəndaş cəmiyyəti təşkilatların maliyyələşməsində və fəaliyyətində ciddi problemlər özünün pik nöqtəsinə çatıb.

Qeyd etmək lazımdır ki, QHT-lərin fəaliyyəti təkcə layihələrinin icrası ilə məhdudlaşmır. Bu sahədə peşəkar fəaliyyət göstərən insanlar var. Həmin şəxslər ölkənin ictimai siyasi həyatında iştirak edir, ictimai fəaliyyətlə məşğuldurlar. Bu fəaliyyətləri həyata keçirmək üçün müxtəlif xərclərin qarşılanması tələb olunur.  Təşkilatlın ofis icarəsi, kommunal -nəqliyyat, kommunikasiya xərcləri, mühasib xidməti və s. xərcləri var. Bunları ödəmək üçün isə vəsait yoxdur. 

Ən əsası isə QHT sektorunda robotlar çalışmır, insanlar çalışır. Onlar da hər biriniz kimi qidalanır, ailələri var, onların qarşısında öhdəlikləri var. Hər məmurun vəzifəsini layiqincə yerinə yetirmək öhdəliyi olduğu kimi. 

2013-2014-cü illərdə vətəndaş cəmiyyəti üçün qoyulan məhdudiyyətlər fonunda zəifləyən QHT sektoru ilə bağlı bu gün ki vəziyyət anlaşılmaz hal alıb. Hazırda müvafiq addımlar atılmasa,  biz bu sektoru  “reanimasiya”da  görməli olacağıq.

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …