Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “Hamının yatdığı bir zamanda həmin atəşlər nəticəsində yaşlılar, qadınlar və körpə uşaqlar qətl edildi”

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı bildirib ki, Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşüb:

“Ermənistan onların taleyi ilə bağlı bizə məlumat verməlidir. Bizdə olan etibarlı məlumatlara əsasən, onların, demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılıb. Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqları 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapılıb. Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır”.

Dövlət başçısı əlavə edib ki, Ermənistanda çevriliş nəticəsində hakimiyyətə gəlmiş və 1998-2018-ci illərdə hakimiyyətdə olmuş səhra komandirləri Azərbaycan ərazilərinin 30 ilə qədər davam edən işğalı ərzində məkrli arzularına və məqsədlərinə çatmaqda uğursuzluğa düçar oldular: “Əksinə, 2017-ci ildə BMT Baş Assambleyasındakı çıxışımda qeyd etdiyim kimi, Ermənistan tam iflasa uğramış dövlətə çevrilib. Ermənistan o dərəcədə zəifləyib ki, heç öz sərhədlərini belə qorumaq iqtidarında deyil. Ermənistanda hökumət tərəfindən təşviq edilən Azərbaycanofobiya artmaqdadır. Etnik nifrət və düşmənçilik üzərində qurulmuş, erməni cəmiyyətinə aşılanan irqçi ideologiya Azərbaycanın Ermənistan tərəfindən vaxtilə işğal olunmuş ərazilərində etnik təmizləmənin və misilsiz vandalizmin kökündə durur. Ermənistanda rejim dəyişikliyinə baxmayaraq, ölkədə faşist ideologiyası hökm sürməkdə davam edir. Ermənistanda bütün hakimiyyətlər dövründə “milli qəhrəman”a çevrilmiş nasist general Qaregin Njdenin simasında nasizm vəsf edilir.

Mütərəqqi dünyanın artan neofaşizm ilə mübarizə apardığı bir vaxtda, 2016-cı ildə Ermənistanın o vaxtkı prezidenti İrəvanda Qaregin Njdenin heykəlinin açılışını edib. Azərbaycan təkcə Ermənistanın işğalçı qüvvələrini deyil, həm də erməni faşizmini məğlub edib. Biz yenidən öz suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görsək, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik”.

Göründüyü kimi, Prezident BMT tribunasından Azərbaycanın əldə etdiyi qələbənin dəqiq tərifini verərək, bizim həm işğalçı orduya, həm də erməni faşizminə qalib gəldiyimizi bəyan edib. Verilən bu dəqiq izahla bağlı ekspertlər nə düşünür?

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli  “Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, ölkə başçısı BMT kimi mötəbər bir qurumda məsələnin mahiyyətini daha aydın şəkildə ifadə edib: “Azərbaycan doğrudan da yalnız işğalçı orduya qalib gəlməyib, eyni zamanda erməni faşizmini yerində oturdub. Ən başlıcası isə, onların əsl mahiyyətini dünyaya tanıdıb. İşğaldan azad edilən ərazilərə səfər edən xarici ölkələrin nümayəndələri həmin əraziləri Xirosima, Naqasaki ilə müqayisə edir, onlara bənzərliyin çox olduğunu deyirlər. Mənim özüm də işğaldan azad edilən rayonlarda səfərdə olmuşam. Məsələn, Ağdam kimi böyük bir şəhəri yerlə yeksan ediblər, orada bir dənə də olsun salamat bina qalmayıb. Bununla yanaşı, Ermənistan işğal dönəmində flora və faunamızı da vəhşicəsinə məhv edib. Sizi inandırım ki, heç İkinci Dünya müharibəsinin gedişində alman faşistləri belə vəhşiliklər etməyib. Birinci Qarabağ savaşında ermənilər dinc əhalimizə qarşı Xocalı, Qaradağlı və s. kimi  kütləvi qətliamlar həyata keçiriblər. Ermənistan hakimiyyətinin faşist mahiyyəti onların Qaregin Njdeyə olan münasibətində də əks edilir. Həmin faşist cəlladına heykəl qoyublar, dövlət səviyyəsində onunla fəxr etdiklərini gizlətmirlər. Erməni faşizminin daha bir bariz nümunəsini biz 44 günlük müharibənin gedişində gördük. Onlar təmas xəttindən, döyüşlərin getdiyi ərazilərdən qat-qat uzaqda olan Gəncə və digər şəhərləri raket atəşinə tutdular. Hamının yatdığı bir zamanda həmin atəşlər nəticəsində yaşlılar, qadınlar və körpə uşaqlar qətl edildi. Təəssüflə qeyd etməliyik ki, post-müharibə dönəmində də onlar faşizt mahiyyətlərini kənara qoymurlar. Bilirlər ki, işğaldan azad edilən ərazilərə dinc əhali köçəcək. Ancaq yenə də minalanmış ərazilərin xəritəsini bizə təqdim etmirlər. Dinc insanların taleyi ilə alver edirlər. Xəritələri yalnız nəyinsə müqabilində təqdim edirlər. Bəli, biz bu xislətdə olan faşistləri məğlub etmişik. Bu baxımdan da, Prezidentin qələbəmizlə bağlı verdiyi dəqiq təsbiti birmənalı olaraq doğru sayıram. Qoy bundan dünya birliyi də lazımi nəticəni çıxarsın. Belə faşist təzahürlərin yenidən dirçəlməsinə imkan verməsin”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …