“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu 2020-ci il sentyabrın 27-də uğurlu əks-hücum əməliyyatına başlamaqla xalqın suverenliyini, Avropanın təhlükəsizliyini və bütün Cənubi Qafqazın çiçəklənən gələcəyini təmin etdi”.
Boyukmillet.com xəbər verir ki, bunu “Report”a ABŞ politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys bildirib.
“Azərbaycan Prezidenti İlham Əliyev dövlət idarəetməsində liderlik, qətiyyət və cəsarət nümayiş etdirib və daim BMT Baş Assambleyasının qətnamələrində əks olunmuş prinsipləri müdafiə edib. Suverenliyi tam bərpa etməklə Azərbaycan öz tarixinin ən vacib geosiyasi məqsədinə çatdı”.
Onun fikrincə, 1989-cu il noyabrın 9-da Berlin divarı söküldükdən və Almaniya birləşdikdən sonra Avropa tarixində bu cür miqyasa və Azərbaycan hökumətinin İkinci Qarabağ müharibəsi zamanı əldə etdiyi təsirli nəticələrə malik böyük hərbi-siyasi hadisə baş verməmişdi.
“İkinci Qarabağ müharibəsi Avropa tarixinin son 30 ilinin ən vacib hadisəsidir. Azərbaycan Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyünü bərpa etdi və Bakını Avropanın hərbi əməliyyatlar meydanı xaricində beynəlxalq siyasi platformanın və hərbi taktikanın “Sarmaşıq Liqası”na daxil etdi. Hazırda Qarabağda müşahidə olunan iqtisadi inkişaf böyük təəssürat oyadır. Bu effektiv siyasət Avropadan kənarda yerləşən digər ölkələr üçün ilham mənbəyi rolunu oynayır”, – o deyib.
Ekspert Azərbaycan hökuməti tərəfindən bu qədər sürətlə işlənib hazırlanmış əhəmiyyətli iqtisadi layihələrin, Füzuli Beynəlxalq Hava Limanının və strateji nəqliyyat dəhlizlərinin rəsmi Bakının liderliyini və azad edilmiş ərazilərin inkişafına sadiqliyini nümayiş etdirən konkret fəaliyyətlər olduğunu vurğulayıb.