Bir universitetin iki rektoru var və ya yarım ştat işləyən “rektor”
Azərbaycan Texnologiya Universitetində (ATU) aylardır hökm sürən xaotik idarəetmə hər kəsi təngə gətirsə də, mövcud problemləri açıq şəkildə söyləyən əməkdaşlar rektor və oğlu Şamil Süleymanov tərəfindən ciddi təqiblərə, təhditlərə məruz qalır, ya da işdən çıxarılırlar.
Qeyd edək ki, bu ilin ilk aylarında insult keçirən Rektor işdə olmadığı müddətdə, onun oğlu Şamil Süleymanov bütün arzu və xəyallarını Universitetin Tədris işləri üzrə prorektoru Vüqar İsmayılovun əli ilə həyata keçirirdi ki, ona da nazirlik imkan vermədi. Nazirlik öz nümayəndəsini ATU-ya göndərdi.
Uzun müddət ortalıqda görünməyən Akif Süleymanov Təhsil nazirliyinin şöbə müdiri Yaşar Ömərovun universitetə ezam edilməsindən sonra sanki yuxudan ayıldı. Başa düşdü ki, tutduğu post əldən gedir və rəsmi olaraq işə çıxdığını elan etdi. Soruşan lazım idi ki, hörmətli rektor 6 ay idi harada idin, niyə indi ortaya çıxdın. Yəqin ki, bu addım nazirliyin də xoşuna gəlmədi. Çünki rektorun keçirdiyi (keçirmək istədiyi) elmi şuranı ləğv etdi.
Görəsən nə baş verir “rektor” nazirlə də mi müharibə aparır?!…
Artıq 4 aydır ki, Təhsil nazirliyi öz nümayəndəsini ATU-ya ezam edib. Əvvəl bundan çəkinən “İkinci rektor” Şamil Süleymanov, daha sonra görəndə ki, nazirlik baş verən özbaşınalıqlara ciddi reaksiya vermir, daha da azğınlaşdı. Şamil Süleymanov özünü rektor təyin etməklə yanaşı, eyni zamanda prorektorlar da təyin edib. Nicat Ağayev, Babək Həsənov, Mətanət Əhmədova və qohumu Bəylər Mirzəyev Şamil Süleymanov tərəfindən təyin edilmiş xəyali prorektorlardır.
Universitetin rektoru Akif Süleymanovun səhəti 2 ilə yaxındır ki, ona işləməyə imkan vermir. Allah şəfasını versin! Ancaq adama deyərlər nə məcburdu Akif müəllim 70 yaşında, sağlamlığın belə imkan vermədən rektorluq postunu tutmaq, yaxşı olmazmı ki, hörmətlə izzətlə postu təhvil verib gedəsən. Vallah bədbəxtçilikdir, bunun başqa bir adı yoxdur!?
Təqribən 2 həftəyə yaxındır ki, rektor birtəhər də olsa universitetə gəlir. Ancaq buna gəlmək demək olmaz. Rektor yeriyə bilmədiyi üçün Şamil Süleymanovun təyin etdiyi xəyali prorektorlar onu qucaqlarında iş otağına çıxarırlar. Cəmi iki-üç saat işləməyə gücü çatan rektor təkrar insanların köməyi ilə evinə aparılır.
Səhhətində ciddi problem olan Akif Süleymanov universiteti oturduğu yerdən idarə etmək istəyir. Hətda ayağa qalxa bilmədiyi üçün dövlət tədbirlərində dövlət atributu olan himnimizi oxutdurmur, şəhidlərə həsr edilmiş tədbirdə onları bir dəqiqəlik sükutla yad etməyi düşünmür.
Sonda üzümüzü Təhsil nazirinə tuturuq. Axı sizin hər şeydən xəbəriniz var, nümayəndəniz də universitetdədir.
Nəyi gözləyirsiz?
Şəraitsizlikdən əziyyət çəkən tələbələrin üsyan etməyini mi, yoxsa təqib və təhditlərə məruz qalan işçilərin intihar etməsini mi? Yoxsa bir möcüzə gözləyirsiniz ki, ağ atlı oğlan gəlib bütün bu problemləri həll edəcək?
Yaddan çıxarmayın ki, bura təhsil ocağıdır, axı burada gələcəyin mütəxəssisləri yetişir. Bu tələbələri gələcəyə kim hazırlayacaq? – əmək qabiliyyətini itirmiş rektor mu, oğlu Şamil Süleymanov mu, yoxsa onların təhditlərinə məruz qalan müəllimlərmi?!..
Xahiş edirik ki, Ulu Öndərin böyük xəyallarla yaratdığı bu müəssisəni qoruyun. Azərbaycan Texnologiya Universitetini ata və oğulun öz mənafelərinə və şəxsi prinsiplərinə görə məhv etməsinə imkan verməyin…
Universitetin bir qrup müəllimlərindən