Bazar , 24 Noyabr 2024
Drone Cameras

Fransada qiymət artımına etiraz – “sarılar”ın “boz kardinalı”

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürən dövlətlərdə baş verənlər ölkə ictimaiyyəti üçün də maraqlıdır. Bu baxımdan, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ABŞ, Fransa və Rusiyada baş verən hadisələrə dövlətlərin hakimiyyətlərinin münasibəti və yaranmış problemlərin həlli az əhəmiyyətli deyil. Hətta həmsədrlərin başqa münaqişələrlə bağlı tutduqları mövqe belə Azərbaycan tərəfindən müşahidə olunur, izlənilir. Bu dövlətlərin ədalətli olmaları öz vətəndaşlarına münasibətdə tutduqları mövqe ilə də ölçülür. Başqa sözlə, öz vətəndaşına ədalətli olmayan bir dövlət başqasının problemində, yaxud bu halda Dağlıq Qarabağ müaqişəsinin həllində obyektiv mövqe tuta bilərmi? Ölkəsində problemin həlli həm də adını çəkdiyimiz həmsədrlərin gücünün göstəricisi sayıla bilər. Cəmiyyətin haqlı etirazının zor tətbiqi ilə boğulması, heç şübhəsiz, güclü olmaq demək deyil. Bu dövlətlərin qüdrəti güc tətbiq etmədən həm ölkə daxilində, həm də xaricdəki münaqişələrin danışıqlar, dinc yolla həllindədir. Əksi isə ümidlərin doğrulmaması və məyusluq yaradır.

Fransada 2019-cu il yanvarın 1-dən benzinə tətbiq edilən vergini 2,9 faiz, dizelə isə 6,5 faiz artırılacağına qarşı noyabrın 17-dən “sarı jiletlilər”in etiraz aksiyası keçirilir. Hakimiyyət iddia edir ki, bu addım havanın çirklənməsinə qarşı atılır. Hazırda Fransada Aİ-95 markalı benzinin dövlət tərəfindən tənzimlənən qiyməti 1,47 avro, Aİ-98 1,54 avro, dizel isə 1,48 avrodur. Mövcud qiymətlər gələn il yanvarın 1-dən 2,9 avrosent bahalaşacaq. Dekabrın 1-də Parisdə keçirilmiş etiraz aksiyaları nəticəsində dəymiş zərər ilkin qiymətləndirmələrə görə 3 milyon avrodan çox olub. Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer nümayişlərin ölkə iqtisadiyyatına ciddi təsir göstərdiyini söyləmişdi. Fransa Daxili İşlər Nazirliyi bildirib ki, dekabrın 2-də ölkə üzrə etiraz aksiyalarında 136 min nəfər iştirak edib. Müxalifət isə 5 milyon fransalının aksiyaya çıxacağını planlaşdırmışdı. Dekabrın 4-dək aksiyalar zamanı 3 nəfər ölüb, 222-si asayiş keşikçisi olmaqla 1043 nəfər xəsarət alıb, 1424 nümayişçi saxlanılıb. Aksiyalar ölkənin başqa təbəqələrini də əhatə edir. Dekabrın 3-də etirazçılara səhiyyə işçiləri, 100-dən çox liseyin şagird və müəllimləri, habelə regionlar da qoşulublar. Qeyd edək ki, aksiya iştirakçılarını parlamentdə təmsil olunan və olunmayan bütün siyasi partiyalar, mühacirələr də dəstəkləyirlər. Ölkənin aparıcı siyasi partiyalarının liderləri hakimiyyəti aksiya iştirakçılarının hüquqlarını pozmaqda ittiham ediblər. Fransada keçirilən rəy sorğularının nəticələrinə əsasən, respondentlərin 80 faizi “sarı jiletlilər”i dəstəkləyir. Fransa Milli Cəbhə Partiyasının lideri Marin Le Pen aksiyaların dayandırılmasını, parlamentin buraxılmasını təklif edib. O vurğulayıb ki, Fransa vətəndaşları artırılmaqdansa, vergidə ədalətli olmağı tələb edir. Almaniya, Belçika, Niderlandda da Fransadakı aksiyalara dəstək məqsədilə yürüş və mitinqlər keçirilib. Bu onu göstərir ki, 3 avrosentlik qiymət artımına etirazın miqyası, sosial təbəqəsi genişlənir və iştirakçıların sayı artır. Fransa Prezidenti Emmanuel Makron hökumətə parlamentdə təmsil olunan siyasi partiyaların liderləri ilə yaranmış vəziyyəti müzakirə etməyi tapşırıb. Bundan başqa, dövlət başçısı polis əməkdaşları ilə birlikdə nahar da edib. O bildirib ki, dekabrın 1-də aksiyalar keçirilən ərazilərdə xidməti vəzifələrini icra edən asayiş keşikçilərini mükafatlandıracaq.

Hər halda demokratik olsa, yaxud adlansa belə, Fransada baş verənlərə kənar müdaxilələrin olduğu iddia olunur. Başqa sözlə, bu ölkənin də öz “boz kardinal”ları var. Onlardan birinin Bernard Anri Levi olduğu deyilir. O, Fransa siyasətçisi, jurnalist, filosof və milyarderdir. O, sosialist sayılır. Hazırda Fransa hakimiyyətini müdafiə edir. Bosniyada müsəlmanları müdafiə edib, keçmiş Yuqoslaviyanın bombalanmasını, Kosovo Azadlıq Cəbhəsini dəstəkləyib. Həmçinin Əfqanıstanda terrora qarşı mübarizəni müdafiə edib. B.A.Levi İslam fundamentalizminə qarşı mübarizə aparanlardan sayılır. 2008-ci ilin avqustunda müharibə zamanı Gürcüstana gedərək o vaxtkı dövlət başçısı Mixeil Saakaşvilidən müsahibə götürüb. Eyni zamanda Afrikanın şimalında “ərəb inqilabları”nı dəstəkləyib. Rəngli inqilabların ideoloqlarından sayılır. Suriyadakı Bəşşar Əsəd rejiminə qarşı çıxış edir. Ukraynada Maydan hərəkatını dəstəkləyərək “Le Monde” qəzetində “Hamımız ukraynalıyıq” başlıqlı məqalə yazıb. 2014-cü ildə avropalı idmançıları Rusiyada keçirilən Qış Olimpiya Oyunlarını boykot etməyə çağırıb.

Deməli, Fransadakı bütün aksiyaları ideal şəkildə təşkil edən, etirazçıları sarı jilet və yeməklə təmin edən isə “Le-Parisien” qəzeti sayılır. Bu mətbu orqan Fransa və Avropanın ən varlı adamı Bernar Arnoya mənsubdur. Rəqibləri Arnonu “qoyun dərisi geymiş canavar” adlandırırlar. O, sərt üsulla mübarizə ilə 81 milyard dollar qazanıb. Fransa əks-kəşfiyyatının Arno ilə əlaqəsi olduğu və kəşfiyyatın ona rəqibləri barədə məlumatlar ötürdüyü bildirilir. Hətta iddia olunur ki, 2016-cı ilin prezident seçkilərində Emmanuel Makronun dövlət başçısı seçilməsində Rotşildlər böyük rol oynayıb. 2016-Məlumata görə, 2017-ci ildə Arno Rotşildlərin himayə etdikləri Makrona qarşı açıq mübarizə aparmayıb. Marin Le Pen ikinci tura qaldıqda isə Emmanuel Makronu dətəkləyib. İndi “sarı jiletlilər”in hərəkatı başqa iddianı irəli sürməyə imkan verir. Belə çıxır, Emmanuel Makronun hakmiyyətini Bernar Arnonun dəstəklədiyi “sarı rəngli” inqilabla yıxmaq istəyirlər. Aksiya iştirakçıları hakimiyyətin vergi siyasətinə qarşı deyil, artıq hökumətin istefası, parlamentin buraxılmasını tələb edir və Prezident Emmanuel Makrona qarşı şüarlar söyləyirlər. Maraqlı məqamlardan biri də budur. Bernar Anri Levi dünyada rəngli inqilabları dəstəklədiyi halda, öz ölkəsindəki “sarılar”a qarşı çıxır. Onda belə ehtimal etmək olar ki, rəngli inqilabların ideoloquna qarşı rəngli inqilab həyata keçirilir.

Əslində, “sarılar”ın hərəkatı oktyabrın 12-də bir fransız qadının benzinin qiymətinin bahalaşmasına qarşı petisiya toplaması ilə başlayıb. Sonra aksiya böyüyüb, “Le Parisen” avtomobil sahiblərinin qiymət artımına etiraz petisiyalarını dərc edib. Sosial şəbəkələrdə, xüsusilə bir həftədə hadisələri 4-6 milyon nəfər izləyib. Hazırda aksiyalar davam edir. Fransanın Baş naziri Eduard Filipp “sarılar”la görüşməyəcəyini bildirib. O, yeni vergi ödəmələri ilə bağlı planı parlamentdə təmsil olunan siyasi partiyaların təmsilçiləri ilə görüşdə elan edəcəyini söyləyib. Ancaq Fransada sosial tələblərlə genişmiqyaslı etiraz aksiyaları keçirilir. Bu ölkədə sosial ədalət idealları uğrunda daim mübarizə aparılır. 2016-cı ilin yayında Fransa xalqı mübahisəli yeni əmək məcəlləsi layihəsinə etiraz olaraq aksiyalar keçirib. Bu sənəddə Fransada gün ərzində maksimum 10 saatlıq iş müddətinin 12 saata çatdırılması, əmək müqaviləsində dəyişiklik etmək istəyənlərin işdən azad edilməsi və çox işləyib müqabilində az əməkhaqqının ödənilməsi kimi maddələr yer alır. Əksəriyyətini müxalifətçilərin təşkil etdiyi Senat layihəni dəyişdirərək qəbul etdikdən sonra mətn təkrar parlamentə təqdim olunmuşdu. Həmin vaxt Fransua Olland prezident, Emmanuel Makron isə iqtisadiyyat naziri idi.

Beləliklə, baş verənlərə, “boz kardinallar”ın fəaliyyəti ilə bağlı yayılan xəbərlərə, irəli sürülən tələblərə əsasən, demək olar ki, Fransada “rəngli” inqilab doğulur. Aksiyaların heç də qiymətin bahalaşmasına qarşı olmadığı da aşkar görünür. Bunu həm də iki milyarder Bernarın mübarizəsi, Rotşildlərə qarşı fəaliyyət kimi dəyərləndirmək olar. Odur ki, “sarılar”ın hərəkatının Fransanı dəyişəcəyini ehtimal etmək olar. Əks halda, etirazların yenidən baş qaldıracağı istisna olunmur. Çünki inqilab hədəflərinə çatmayanda yenidən yaranır.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir