Tanınmış jurnalist, Azinforum.az saytının təsisçisi Məhəmmədəli Qəribli öz facebook səhifəsində Naxçıvan həqiqətlərini əks etdirən maraqlı bir status paylaşıb. Muxtar Respublikanın Gömrük Komitəsinin sabiq sədri Asəf Məmmədov və MR MTN-in sabiq naziri Vəli Ələsgərov cütlüyünün bu gün də təhdid, təhqir yoluyla sürdürdükləri mənəvi terrordan bəhs edən statusu Ovqat.com oxucuların diqqətinə çatdırıb.
“Bir neçə gündür ki, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sabiq sədri, general Asəf Məmmədovla bağlı yayılan xəbərləri və həmin informasiyalara verilən reaksiyaları izləyirəm. Bir qrup şəxs öz adları ilə Asəf Məmmədovun xeyrinə əsl “trolluq” edir. Asəf Məmmədovun işdən qovulmasının səbəbləri ilə bağlı paylaşılan informasiyaların altında təhdid, hədə və təhqir dolu şərhlər yazırlar. Hətta belə iddialar da səsləndirirlər ki, jurnalistlər bu məsələyə qarışıb, nəsə yazması doğru deyil. Diqqətimi daha çox Babayev soyadlı şəxslərin xüsusi canfəşanlığı çəkdi.
Qeyd edim ki, Asəf müəllimin soyadı Məmmədov olsa da, o, Babayevlərlə eyni tayfadandır. Sadəcə, onu nənəsi böyütdüyü üçün, soyadı başqadır. İlkin gümanım budur ki, “trolluğu” edənlər yad adamlar deyil, Asəf müəllimin öz doğmalarıdır. O doğmaları ki, istefaya göndərilən müəllimin vəzifədə olduğu onilliklər boyu Gömrükdə və onun ətrafında “at oynadıblar”.
Bir neçə il bundan əvvəl, məhz bu Babayevlərin təhdidi ilə mən də üzləşmişəm. Həmin hadisə Asəf Məmmədovun yaxın dostu olan Naxçıvan MR MTN-in sabiq naziri Vəli Ələsgərovun vəzifədə olduğu dönəmə təsadüf edir.
Yadınızdadırsa, Türkiyədə FETO əməliyyatı aparılanda Sədərək Gömrüyünün Mirməhəmməd adlı rəisi də qonşu ölkədə saxlanılmışdı. Mövzu nəinki Azərbaycan, hətta bütün dünya mətbuatının diqqət mərkəzindəydi. Təbiidir ki, həmin səsli-külyli işlə bağlı mediada Asəf Məmmədovun da adı hallandırılırdı. Çünki Asəf Məmmədov Sədərək Gömrüyünün rəisinə bilavasitə nəzarət funksiyasını həyata keçirirdi. Asəf Məmmədovun dostu olan sabiq MTN rəhbəri Vəli general dostuna xoş gəlmək üçün bu istiqamətdə güya araşdırma aparmaq qərarına gəlmişdi.
Vəli Bakıda olan bir jurnalist dostu vasitəsilə güya “dəqiqləşdirmişdi” ki, Asəflə bağlı informasiyaları mətbuata mən ötürürəm. Başı eyş-işrətə qarışan Asəf müəllimin də, təbiidir ki, informasiyanı analiz etmək kimi qabiliyyəti yox idi. Bu səbəbdən də Vəliyə tez inanmışdı. Onun Vüqar Babayev adlı bir qohumu (Gömrükdə işləyirdi-M.Q) avtomobilini minib bir-bir mənim yaxın qohumlarımın evinə sürmüşdü. Onları çox pis formada hədələməyə başlamışdı. Həmin bu Vüqar Babayevi mən uşaqlığından tanıyıram. Rəhmətlik “çayçı Mazanın” oğludur.
Şərurda onun atasını tanımayan yoxdur. Çox zəhmətkeş və mehriban şəxs olan Mazan əmi Şərurun mərkəzində çayxana işlədirdi. Həmin bu Vüqar da uşaq vaxtından orda çay satırdı, yəni atasına kömək edirdi. Mənə Asəfin adından Vüqarın hədələrini gömrükdə işləyən Orxan adlı bir uzaq qohumum vasitəsilə çatdırdılar. Orxan Həsənov Ali Məhkəmənin sabiq rəhbəri Südabə Həsənovanın qardaşı oğludur. Düzü, Mazan əminin oğlunun bu qədər böyüdüyünə inanmağım gəlmədi. Amma sonra təhdidlərin miqyasının genişləndiyini görəndə, baş verənlərə tam inandım və ciddiyə almağa başladım.
Təhdidin də məğzi bu idi ki, Vəli Ələsgərov mənə Naxçıvana gəlməyi qeyri-rəsmi olaraq qadağan edirdi. Təbiidir ki, Asəfin sifarişi ilə. Vəlinin necə harın və “bespredel” adam olduğunu bildiyim üçün, bir neçə il Naxçıvanda xeyrə-şərə gedə bilmədim. Bununla bağlı hətta “Mən Naxçıvana niyə gedə bilmirdim?” başlıqlı müəllif yazısı da yazmışam. Həmin yazı bir çox KİV-lər tərəfindən tirajlanıb. İndi anlaya bilmirəm, yəni Asəf müəllimin Babayev soyadlı qohumları generalın reabilitasiyasına bu qədər inanırlar ki, köhnə hegemonluqlarını davam etdirirlər?
Sözardı: Yazıda bəhs olunan Babayevlər və Asəf Məmmədovla mənim də qohumluq əlaqələrim mövcuddur”.