Aydın Quliyev: “İllər boyu Litvada işləmiş səfirlərimizin, Diaspor Komitəsinin heç günahı yoxdur?”
Litvalı jurnalist, publisist Gintaras Visotskas “Caliber” analitik mərkəzinə müsahibəsində deyib ki, litvalıların böyük əksəriyyəti elə bilir ki, “Daşnaksütyun”, “Hnçak”, ASALA “Azərbaycan terror təşkilatları”dır. “…Litvalılardan “Daşnaksütyun”, ASALA və ya “Hnçak” nədir deyə soruşsanız, çox vaxt cavab olaraq eşidəcəksiniz ki, bunlar “Azərbaycan terror təşkilatlarıdır”. Təbii ki, heç də bütün litvalılar bilmir ki, Ermənistanda hələ də Rusiya hərbi bazası var və erməni hərbi təlimatçıları bu il Litva sərhədində keçirilən “Qərb-2021” Rusiya-Belarus təlimlərində iştirak ediblər. Yalnız mənim portalımda Ermənistan-Azərbaycan münasibətlərinə dair məqalələr tapa bilərsiniz.
Litvada təkcə Ermənistanın deyil, Azərbaycanın da xeyrinə arqumentlər verən bir neçə kitab nəşr olunub. Bu, tarixçi Algimantas Lekisin “XX əsrdə Qafqazda xalqların köçü” əsəridir. Bir də “Qara bağın faciəsi” və “Qara bağın işi” məqalə toplularım…” – deyə litvalı jurnalist, publisist Gintaras Visotskas bildirib.
G.Visotskas da başqaları kimi bunun səbəbini erməni saxta təbliğat maşının gecə-gündüz dayanmadan işləməsi ilə bağlayır. Bəli, ermənilər özlərinin terror təşkilatlarının Azərbaycana aid olduğuna dair yalan təbliğat aparır və bizim əleyhimizə kifayət qədər işlər görürlər. Ermənilərin bizə qarşı təbliğatının motivi bizə aydındır, informasiya savaşında bu düşməndən gözlənilən haldır. Düşmən əlindəki bütün vasitələrdən bizə qarşı istifadə etmək üçün illərdir ki, dayanmadan fəaliyyət göstərir və günü-gündən fəaliyyətini daha da gücləndirir. Düşmən öz düşmənçiliyini harada da olsa göstərir. Bəs Azərbaycanın Litvadaki səfirliyi, şəxsən səfir nə işə baxıb ki, Litva cəmiyyətinin Azərbaycan haqqında normal təsəvvürü yaranmayıb və çoxluq erməni terror təşkilatlarını “Azərbaycanın terror təşkilatlar”ı sayır? Səfir orada erməni təbliğatına qarşı heç bir tədbir görə bilmir ki, Ermənistanla Litva arasında dostluq, əməkdaşlıq sürətlə irəliləyir. Bəs diaspor qurumlarımız? Onlar da səfirliyimiz kimi bir-iki tədbir keçirməklə işlərini bitmiş sayıblar? Litva cəmiyyəti indiyə qədər Qarabağ həqiqətlərini bilmir. Əlbəttə, bunun günahı yenə də səfirliyin boynundadır ki, heç bir iş görmür. Azərbaycanın Litvadakı səfirliyinin də Azərbaycanı təbliğ etməkdən başqa hər işlə məşğul olduğu aşkar ortadadır…
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev öz Feysbuk hesabında məsələ ilə bağlı maraqlı təhlil ortaya qoyub: “İllər boyu Litvada işləmiş səfirlərimizin, Diaspor Komitəsinin heç günahı yoxdur? Litvalılar kimi məlumatlı toplum belə səhvə yol verə bilərmi? Bir Litva jurnalisti Azərbaycan resurslarına müsahibə verib ki, Litva cəmiyyətinin əksəriyyəti “Hnçak”, “ASALA” və “Daşnaksütyun”u Azərbaycanın terror təşkilatları sayır. Bizim bəzi düşüncə sahiblərimiz isə burada birmənalı olaraq erməniləri qınamağa başlayıb. Doğrudur, işlər başı ermənilərdir. Ancaq bu məsələdə tək ermənini “qovmaqla” hara getmək olar? Erməni düşməndir, məlum, o çalışacaq ki, özünün bütün qəbahətlərini ya dansın, ya ört-basdır etsin, ya da Azərbaycanın adına yazsın.
Bəs bizim illərlə Litvada fəaliyyət göstərmiş səfirlərimizin, səfirliyimizin, Diaspor Komitəsinin heç bir günahı yoxdur? Bəlkə günahların ən böyüyü elə məhz bunlardadır?
Bəlkə həmin Litva jurnalisti təxribat aparır? Jurnalist hardan bilir ki, Litvada mütləq əksəriyyət bu fikirdədir? O ümumölkə miqyaslı rəy sorğusu aparıb? Görürsünüz, nə qədər suallar çıxdı?
Mən isə inanmıram ki, Litva kimi müasir, fəal, tarixən təşəbbüskar, məlumatlı və yaradıcı bir cəmiyyətdə mütləq əksəriyyət ASALA-nın və digər qaniçən qurumların kimə aid olduğunu bilməsin və səhv etsin”.
İctimai Siyasi Proseslərin Beynəlxalq Araşdırılması Mərkəzinin rəhbəri Samir Adıgözəlli də hesab edir ki, bu sadəcə biabırçılıqdır və öz işinin öhdəsindən gələ bilməyən qurumların qəbahətidir. “Litvalı jurnalistin açıqlaması çox təəssüflər olun ki, acı həqiqətdir. Ermənilərin yalan, saxta təbliğatı yeni deyil, bu illərdir davam edir. Onsuz da erməni diasporu dünyanın çox ölkəsində Azərbaycana qarşı provakasiyalar həyata keçirir, Azərbaycanı qaralamaq üçün hər cür yalan, saxta təbliğat aparırlar. Müharibədən sonrakı dövrdə artıq erməni təxribat maşını Azərbaycana qarşı daha böyük qüvvə ilə işləyir, söz yox ki, bu bir il müddətində erməni diasporu özünü toparlamağa çalışır, hər yerdə Azərbaycanı “terrorçu”, “işğalçı” kimi qələmə verməyə başlayıb. Azərbaycan torpaqlarını işğaldan azad edib və düşmən də təxribatını daha da gücləndirib. Biz bilirik ki, dünyadakı erməni diaspora təşkilatları Ermənistan dövlətindən qat-qat güclüdür”.
Litvalıların çoxunun erməni terror təşkilatını “Azərbaycan terror təşkilat”ı hesab etməsinə gəlincə, S.Adıgözəlli qeyd etdi ki, bunun bir səbəbi erməni diasporunun daim Litva cəmiyyətinə yalan ötürməsi, bizə qarşı həyata keçirdiyi iyrənc təbliğatdır. “Burada biz litvalıları qətiyyən günahlandıra bilmərik. Bu məsələdə günahkar axtarmağa ehtiyac yoxdur, çünki günahkar özümüzük. Azərbaycanın Litvadakı səfirliyinin, diplomatlarının, diaspora təşkilatlarının fəaliyyətsizliyi açıq-aşkar ortadadır. Onlar zamanında Litva xalqı ilə iş apara bilsəydilər, əlaqə qursaydılar nə Litva rəsmiləri qondarma “erməni soyqırımı”na həsr edilən saxta tədbirlərə qatılardılar, nə də erməni terror təşkilatları “Azərbaycan terror təşkilatlar”ı kimi qələmə verilərdi. Belə qənaətə gəlmək olur ki, bizim indiyə qədər Litvada olan səfirlərimiz demək olar işləməyiblər, diasporumuz da həmçinin. Öz işlərini bir-iki anım tədbiri və Novruz bayramı tədbirləri keçirməklə bitmiş sayıblar. Bütün dünyada yerli informasiya resurslarına erməni diasporunun təsirləri var, onların əlindədir. Gəlin görək bizim diaspora təşkilatları nə işlə məşuldur, onların dünyanın informasiya resurslarına çıxış imkanları varmı? Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi var. Dövlət Komitəsinin bu sahədə fəaliyyəti nədən ibarətdir? Çox istərdim ki, Diaspor Komitəsinin bir hesabatı ilə tanış olaq, görək hansı ölkədə Azərbaycanla bağlı vəziyyət nə yerdədir? Sual verirəm, bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin Litva ilə bağlı bir hesabatı varmı? Bu qurumun əlində Litvada və başqa Baltikyanı respublikalarda Azərbaycan əleyhinə gedən təxribatdan, informasiya müharibəsindən xəbəri varmı, əlində hansı informasiyalar var? Bizim bu məsələlərdə səfirliklərimizin, diplomatlarımızın, Diaspor Komitəsinin üzərinə böyük iş düşür. Bundan da başqa bu işlərin öhdəsindən gələ biləcək iş birliyi və əməkdaşlıq proqramları yoxdur…” deyə S.Adıgözəlli qeyd etdi.
İradə SARIYEVA