Cümə , 22 Noyabr 2024
Drone Cameras

AŞPA Monitorinq Komitəsinin həmməruzəçilərinin və Paşinyanın Ədliyyə nazirinin Azərbaycana qəsdi…

Samir Adıgözəlli: “Əgər məsələni ətraflı araşdırsalar görəcəklər ki, Ermənistanın ədliyyə naziri tamamilə yalan danışır və AŞPA kimi beynəlxalq təsisatı aldatmaq niyyəti güdür”

Ermənistan rəsmi səviyyədə beynəlxalq ictimaiyyəti, xüsusən də beynəlxalq təşkilatları aldatmaqdan əl çəkmir. Vətən müharibəsi dövründə də, müharibədən keçən bir il ərazində də beynəlxalq aləmə Azərbaycan haqqında əsassız məlumatlar verir. Ermənistan rəsmiləri “hərbi əsirlər” yalanını isə dövriyyədən yığışdırmaq istəmir, əlləri çatan beynəlxalq təşkilatlara “hərbi əsirlər” nağılı danışmaqda davam edirlər. Hazırda Ermənistanın Azərbaycana qarşı apardığı şərləmə kampaniyasının əsas komponenti də “hərbi əsirlər” məsələsidir. 

Ermənistan mətbuatının yazdığına görə, bu ölkənin ədliyyə naziri Karen Andreasyan AŞPA Monitorinq Komissiyasının Ermənistan üzrə həmməruzəçiləri Kimmo Kilyunen və Boriana Aberqlə görüşündə iddia edib ki, Azərbaycanda saxlanılan “hərbi əsirlər” guya “işgəncə”lərə, “şiddət”ə məruz qalır. Erməni nazirin Azərbaycanda saxlanılan “erməni məhbuslar”a qarşı “işgəncə” və “pis rəftarla” bağlı “faktlar”ı həmməruzəçilərə təqdim etdiyi, bu “faktlar”ın AŞPA-da səsləndiriləcək hesabatlara daxil ediləcəyinə ümid etdiyi qeyd edilir.

Ermənistan rəsmiləri kiminlə görüşürlər bu qondarma məsələni ortaya atırlar. Demirlər ki, Azərbaycan tərəfindən saxlanılanlar “hərbi əsirlər” yox diversantlardır.

  • “Ermənistan öz aləmində “hərbi əsirlər” oyunundan Azərbaycana qarşı beynəlxalq təzyiq vasitəsi kimi istifadə etdiyini düşünür”

İctimai Siyasi Proseslərin Beynəlxalq Araşdırılması Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın Azərbaycanda hərbi əsiri olmadığını və müharibə bitdikdən, üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycanın Ermənistanın bütün əsirlərini qaytardığını bütün dünya bilir. “Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bizdə Ermənistanın hərbi əsirləri yoxdur. Üçtərəfli bəyanata əsasən, Azərbaycan bütün erməni əsirlərini Ermənistana geri qaytarıb. Azərbaycanın rəsmi mövqeyi mütəmadi olaraq beynəlxalq ictimaiyyətə, beynəlxalq təşkilatlara çatdırılıb. Bundan sonra da bu istiqamətdə işləri davam etdirməliyik”.

Ermənistan tərəfin informasiya cəbhəsində təxribatlarını davam etdirdiyini qeyd edən S.Adıgözəllinin sözlərinə görə, onlar “hərbi əsirlər” nağılı ilə beynəlxalq təşkilatlara təsir etmək istəyirlər: “Ermənistan bütün vasitələrdən istifadə edərək beynəlxalq təşkilatları inandırmağa çalışır ki, guya Azərbaycanda erməni “hərbi əsirlər”i var və o “əsirlər” “işgəncəyə məruz qalıblar”. Ermənistanın “hərbi əsirlər” kimi qələmə verdiyi şəxslər müharibə bitdikdən və üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisində təxribatlar törədən diversantlardır, terrorçulardır. Bu diversantlar müxtəlif hərbi cinayətlərə əl atıblar. Onlar haqqında cinayət işləri açılıb və günahları sübut olunub. Bilirik ki, erməni təxribatçıları müharibədən əvvəl atəşkəs dövründə də daim atəşkəsi pozub, dinc əhalini, yaşayış məntəqələrini atəşə tutublar.Yəni ermənilər hər zaman Azərbaycana qarşı təxribatlar törədib, bu gizli deyil”.

S.Adıgözlllinin sözlərinə görə, Azərbaycan müharibə zamanı əsir düşən ermənilərlə, erməni hərbçilərilə olduqca humanist davranıb, onlara hər cür qayğı göstərib, müalicələri ilə məşğul olub, üçtərəfli bəyanatdan sonra isə onları Ermənistana təhvil verib. Müharibədən sonra zərərsizləşdirilən erməni diversantlarına gəlincə, S.Adıgözəlli qeyd etdi ki, onlara qarşı da hər hansı bir şiddətdən, təzyiqdən söhbət gedə bilməz. Ermənistan tərəfin həmişə olduğu kimi əsassız və haqsız danışdığını vurğulayan S.Adıgözəllinin bildirdiyinə görə, Azərbaycanın qələbəsini və Ermənistanın məğlubiyyətini həzm edə bilməyən bu ölkənin rəsmi şəxsləri yalan danışmaqla, təxribatla məşğul olur, bizim zəfərimizə kölgə salmaq istəyirlər. “Azərbaycan ordusunun möhtəşəm zəfəri altında sınan, darmadağın olan Ermənistan bu qələbəni kölgə altına salmaq üçün əlindən gəlini edir. Ermənistan öz aləmində “hərbi əsirlər” oyunundan Azərbaycana qarşı beynəlxalq təzyiq vasitəsi kimi istifadə etdiyini düşünür. Bu da Ermənistanın və onun havadarlarının tez-tez sərgilədiyi formatdır. Amma yanılırlar, dünya tükü-tükdən seçir, sadəcə münasibət bildirmir.

Bilirsiz, hazırda Azərbaycan tərəfi Ermənistana qarşı bir neçə məhkəmə davası açıb və Ermənistanın törətdiyi bütün müharibə cinayətlərini detalları ilə bu məhkəmələrə təqdim edib. Elə bir müharibə cinayəti yoxdur ki, Ermənistan onu törətməsin. Azərbaycanın bu istiqmətdə apardığı genişmiqyaslı işlər öz təsirini göstərməkdədir. Azərbaycanın beynəlxalq aləmdə  Ermənistanın bütün cinayətlərini ifşa etməsi, buna beynəlxalq hüquq müstəvisində qiymət verilməsinə çalışması, bir neçə istiqamətdə məhkəmə davaları açdırması Ermənistan rəsmilərinin şər kampaniyasını gücləndirməsinə səbəb olub. Əslində, AŞPA Monitorinq Komissiyasının Ermənistan üzrə həmməruzəçilərinin bu ölkənin ədliyyə nazirinin nağıllarına inanmaq əvəzinə məsələni dərindən araşdırması lazımdır. Məsələni ətraflı araşdırsalar görəcəklər ki, Ermənistanın ədliyyə naziri tamamilə yalan danışır və AŞPA kimi beynəlxalq təsisatı aldatmaq niyyəti güdür”-deyə S.Adıgözəlli qeyd etdi.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …