Lənkəranda Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Boyukmillet.com xəbər verir ki, 8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq şəhidlərin xatirəsi anılıb.
Anım mərasimində rayon rəsmiləri, şəhidlərin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları ilk olaraq yenidən qurulan Şəhidlər xiyabanı xatirə kompleksində adları əbədiləşdirilən lənkəranlı şəhidləri ziyarət etdilər. Abidə önünə tər güllər düzülüb, şəhidlərin ruhlarına dualar oxunub. 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbədə lənkəranlı gənclər də yüksək vətənpərvərlik ruhu nümayiş etdiriblər. Məktəblilər döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı azadlığına qovuşduran və şəhadətə yüksələn lənkəranlı şəhidlərin şərəfinə səmaya 66 ədəd hava şarı buraxıblar.
Şanlı qələbəmizin birinci ildönümünə həsr olunan tədbir Lənkəran Şəhər Mədəniyyət Mərkəzində davam etdirilib.
Mərkəzin foyesində Uşaq Rəssamlıq Məktəbi şagirlərinin Zəfər Gününə həsr olunan rəngkarlıq işləri nümayiş olunub.
Şanlı qələbəyə aparan yolu əks etdirən və şəhidlərimizin hər biri haqqında məlumatların verildiyi filmin nümayişi olub.
Tədbir ədəbi-bədii və musiqili kompazisiya ilə davam etdirilib.
Daha sonra Zəfər Gününə həsr olunan silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilib.