Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib.
boyukmillet.com AZƏRTAC-a istinadən xəbər verir ki, bayram tədbiri Dərbənd azərbaycanlıları milli-mədəni muxtariyyəti və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutub.
Dərbənd azərbaycanlıları milli-mədəni muxtariyyətinin sədri Telman Tahirli tədbiri açaraq Həmrəylik Gününün əsas qayəsindən bəhs edib. O deyib: “Bu bayramın əsas qayəsi bütün dünyada azərbaycanlıların həmrəyliyinə nail olmaq, milli-mənəvi dəyərləri yaşatmaq, həmçinin tarixi Vətənimizlə əlaqələrimizi möhkəmlətməkdir. Çox şadam ki, uzaq məsafəyə baxmayaraq, Rusiyadakı azərbaycanlılar birlik nümayiş etdirərək bayramı qeyd etmək üçün bu gözəl gündə bir araya gəliblər”.
Dərbənd şəhər dairəsi deputatları Məclisinin sədri Mövsüm Rəhimov Azərbaycan xalqının tarixi, mədəniyyəti, çoxəsrlik adət-ənənələrindən bəhs edib. O, həmçinin dağıstanlıların, o cümlədən dərbəndlilərin Rusiya-Azərbaycan dostluq əlaqələrinin inkişafında böyük töhfə verdiklərini qeyd edib. M.Rəhimov tədbir iştirakçılarını qarşıdan gələn Yeni il münasibətilə təbrik edib, öz soydaşlarına sülh, əmin-amanlıq və ailə xoşbəxtliyi arzulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının direktoru Qurban Qurbanov, Dərbənd Administrasiyası başçısının müavini Vidadi Zeynalov, şəhər Məclisinin deputatı Susanna Mirzəxanova-Feyziyeva, şəhər təhsil şöbəsinin müdiri Gülnaz Səmədova, Dərbənd şəhərinin fəxri vətəndaşı Hüseynbala Hüseynov və digər natiqlər qeyd ediblər ki, Azərbaycan Rusiyanın etibarlı iqtisadi və siyasi tərəfdaşıdır. Uzun illərdir ki, xalqlarımızı mehriban qonşuluq və dostluq əlaqələri birləşdirir.
Bayram tədbiri böyük konsert proqramı ilə başa çatıb.