Almaniyannın ABŞ əsgərlərini öldürməkdə ittiham olunaraq 11 il həbs cəzasına məhkum edilən Türkiyə vətəndaşı Adəm Yılmazı Vaşinqtonun tələbinin əksinə olaraq, Türkiyəyə təhvil verməsi Vaşinqtonla Berlin arasında gərginliyə yol açıb.
Boyukmillet.com xəbər verir ki, A.Yılmaz 2006-ci ildə Əfqanıstanda bir neçə dəfə ABŞ əsgərlərinə hücum etməkdə ittiham olunurdu.
2007-ci ildə Almaniyanın Suerland şəhərindən saxlanılan Adəm Yılmaz, 2010-cu ildə məhkəmənin qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ildə isə Almaniya məhkəməsi Adəm Yılmazın cəzasını tam bitirmədən azadlığa buraxılması və dərhal ölkədən çıxarılması haqda qərar verib.
ABŞ Almaniyadan həmin şəxsi təhvil verilməsini tələb etsə də, Berlin bu istəyin əksinə gedərək, A. Yılmazı Türkiyəyə təhvil verib. Rəsmi Berlin ABŞ-ın tələbini rədd etməsini, bir nəfərin eyni cinayətə görə yenidən məhkum olunmasını qadağan edən Almaniya qanunları ilə əsaslandırıb.
Bu hadisə ABŞ-la Almaniya arasında gərginlik yaradıb.
“Bloomberq”in yazdığına görə, ABŞ-ın dövlət katibinin mavini Con Sallivan və Almaniya xarici işlər naziri Heiko Maasın çərşənbə günü Vaşinqtonda keçirdiyi görüşdə əsas müzakirə predmeti Adəm Yılmazın ABŞ-a deyil, Türkiyəyə göndərilməsi olub. İki ABŞ vətəndaşını öldürməkdə ittiham olunan şəxsin Türkiyəyə göndərilməsi Vaşinqtonu çox qəzəbləndirib.
Almaniya XİN rəhbəri ilə Vaşinqtonda keçirilən görüşdən sonra ABŞ-ın ədliyyə nazirinin müşaviri Matt Vitaker sərt açıqlama ilə çıxış edib. Amerikalı nazir Almaniyanı Adəm Yılmazı təyyarəyə mindirərək, Türkiyəyə göndərməsi ilə onun məhkəmədən qaçırılmasına icazə verməkdə ittiham edib:
“Almaniyanın təhlükəli bir terrorçunu, iki amerikalı əsgəri öldürən şəxsi, məhkəmədə mühakimə olunmaq üçün ABŞ-a təhvil verilmək əvəzinə, Türkiyəyə göndərməsi bizi çox təssüfləndirib”.