40 hind əsgərinin ölümünə səbəb olan terror hücumundan sonra Hindistanla Pakistan arasında yeni gərginlik yaranıb. Baki-xeber.com xəbər verir ki, Hindistan ordusunun generalı K.J.S.Dhillon iki nüvə ölkəsini qarşı-qarşıya gətirən böhranı daha da dərinləşdirən açıqlamalar verib.
Hind general 40 əsgərin öldürüldüyü canlı bomba hücumunda Pakistan kəşfiyyatının barmağı olduğunu iddia edib. “Qrupun liderlərini izləyib tapdıq, onlar Pakistanın xüsusi xidmət orqanı ISI tərəfindən idarə olunurlar” – Dhillon deyib.
Pakistan isə iddiaları rədd edir.
Qeyd edək ki, keçən həftə Kəşmir bölgəsində hərbi kolonu hədəf alan bomba yüklü avtomobil, 1989-ci ildən bəri ən qanlı hücum kimi dəyərləndirilr. Hücumu Pakistanda yerləşən “Ceyş-i Muhammed” təşkilatı üzərinə götürüb.
Hadisədən sonra hər iki ölkə öz səfirlərini geri çağırıb.
Bu arada, iki nüvə nəhəngi arasına gərginlik internetə də sıçrayıb. İnternetin ən böyük axtarış sistemi “Google”da “dünyanın ən yaxşı tualet kağızı” sözlərini axtarışa verdikdə Pakistan bayrağının şəkilləri görünür.
Pakistan bayrağı şəklində tualet kağızı, hücumdan bir neçə gün sonra ilk dəfə Hindistana bağlı bəzi bloqlarda görülmüşdü. İndi isə “Google”da axtarış nəticələri dəyişdirilib, tualet kağızı fotoları axtarışa verildikdə nəticələrdə Pakistan bayrağı çıxır. “Google” hələlik bununla bağlı heç bir açıqlama verməyib.