“Rusiya XİN Ermənistanın lobbiçiliyini həyata keçirdiyi üçün, azərbaycanlı jurnalistlərin sualına ermənisayağı reaksiya verilir”
Məhəmməd Əsədullazadə:“Azərbaycanlı jurnalistin məlum sualı düzgün olub və Zaxarova buna obyektiv cavab verməli idi”
Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarovanın brifinqi zamanı azərbaycanlı jurnalist İqbal Rüstəmov Moskvada Konstantin Zatulinin təşəbbüskarı olduğu “Lazarev klubu” ikinci rus-erməni forumu keçirəcəyi və bu forumda Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin iştirak edib-etməyəcəyi ilə bağlı sual verib.
Jurnalist məsələ ilə bağlı Mariya Zaxarovaya sual ünvanlayan zaman, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu xatırladıb və Qarabağ separatçılarının bu forumda iştirakının yolverilməz olduğunu qeyd edib.
Lakin Mariya Zaxarova jurnalistin sözünü kəsib: “Bir dəqiqə dayanın. Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri olması ilə bu forum arasında nə əlaqə var? Siz sualınızda iki məsələni birləşdirirsiniz, halbuki onları birləşdirmək lazım deyil. Əlbəttə ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir və rəsmi səviyyədə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Habelə Moskvada, siz düzgün olaraq qeyd etdiyiniz kimi, vətəndaş cəmiyyətləri və qeyri-hökumət təşkilatları tərəfindən təşkil olunan yüzlərlə fərqli mövzulu forumlar keçirilir. Söhbət belə forumlardan birindən gedir.
Sizdə bu forumda hansısa yolla rəsmi şəxslərin iştirak etdiyi haqqında məlumat varsa, bizə ötürün. Məndə belə bir informasiya yoxdur”.
Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib ki, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətləri tərəfindən müxtəlif tədbirlərin keçirilməsi hüququ Rusiya qanunvericiliyində təsbit olunub: “Əgər tədbirdə rəsmi olaraq dövlət orqanı nümayəndələrinin iştirakından söhbət gedirsə, mən bunu şərh etməyə hazıram. Ancaq bunun üçün konkret məlumatlar olmalıdır”.
Onu da qeyd edək ki, Zaxarova birinci dəfə deyil belə xoşagəlməz mövqe sərgiləyir. O bir neçə dəfə belə açıqlamalar səsləndirib. Paşinyan təzə hakimiyyətə gələndə məsələ qaldırdı ki, qondarma rejim danışıqlarda tərəf kimi iştirak etsin. O zaman Azərbaycandan olan jurnalist bununla bağlı ona sual verəndə Zaxarova onu acılamışdı və onu provakativ sual verməkdə ittiham etmişdi. Həmçinin, azərbaycanlı jurnalistin verdiyi sualın mahiyyətini dəyişmişdi və bu qalmaqala səbəb olmuşdu. O zaman bununla bağlı Azərbaycan tərəfindən bir sıra etirazlar səsləndi. Bundan başqa, bir müddət əvvəl Zaxarova bəyan etmişdi ki, Azərbaycana gələn erməni əsilli Rusiya vətəndaşları təqib edilirlər. Azərbaycan Xarici İşlər Nazirliyi buna öz etirazını bildirmişdi. İndi də artıq üçüncü dəfə Zaxarova öz “ənənəsinə” sadiq qalaraq belə qeyri-obyektiv, xoş olmayan mövqe sərgiləyir. Onun bu qərəzli yanaşmalarını ekspertlər necə dəyərləndirir?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Məhəmməd Əsədullazadə Zaxarovanın qərəzli mövqedən çıxış etdiyini bildirdi:“Zaxarova zaman-zaman Azərbaycana yönəlik qərəzli mövqe sərgiləyib. Bütün bunlar da təsadüfi deyil. Çünki Rusiya XİN rəhbəri Azərbaycana qarşı daim qeyri-obyektiv yanaşması ilə yadda qalıb. Xüsusən də bunu azərbaycanlı jurnalistlərə qarşı edirlər. Sergey Lavrov da bir neçə il əvvəl bənzər mövqe ortaya qoymuşdu. “Lazarev klubu” deyərdim ki, XİN rəhbəri Lavrov tərəfindən himayə edilir. Burada əsas məqsəd Ermənistanda Rusiyanın ümumi siyasətini publikaya yaxın çatdırmaq, Qarabağ məsələsində birbaşa İrəvanın mövqeyini müdafiə etməkdir. Azərbaycanlı jurnalistin məlum sualı düzgün olub və Zaxarova buna obyektiv cavab verməli idi. Ancaq biz bunun əksini gördük. Zaxarovanın aqressiv formada sərt mövqe bildirməsi təbii ki, prosesdə ermənilərin mövqeyini müdafiə etmək anlamına gəlir. Rusiya Minsk Qrupunun həmsədri kimi öz vasitəçilik missiyasında heç də obyektiv deyil. Zaxarovanın nə deməsindən asılı olmayaraq, Rusiya XİN Ermənistanın lobbiçiliyini həyata keçirir. Ona görə də, Azərbaycan jurnalistlərinin sualına ermənisayağı reaksiya verilir”.
Vidadi ORDAHALLI