Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva sosial şəbəkə hesabından Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə münasibətilə QHT nümayəndələrini təbrik edir.
Boyukmillet.com təbrik paylaşımını təqdim edir:
“Hörmətli Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri !
2021-ci il bir çox taleyüklü hadisələrlə bəşəriyyətin, eləcə də bizim yaddaşımızda silinməz izlər qoydu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən qazanılan tarixi zəfərin davamı olaraq işğaldan azad olunmuş torpaqlarımıza qayıdış prosesinin surətləndirilməsi, aparılan abadlıq-quruculuq işləri, geridə qoyduğumuz ilin anlamını göstərməklə yanaşı qarşıdan gələn ilin məsuliyyət və önəmini ifadə edir.
Qürur hissi ilə qeyd etmək istərdim ki, yola saldığımız 2021-ci ildə vətəndaş rifahının yaxşılaşdırılması, eyni zamanda insan hüquq və azadlıqlarının təmini, şəhid ailələri, müharibə veteranları, əlilliyi olan və digər həssas qruplara aid olan şəxslərin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq arenada təbliği, ailə dəyərlərinin təşviqi, elm, təhsil və mədəniyyətin inkişafı, əhalinin sağlamlığının və ətraf mühitin qorunması, ictimai nəzarətin təşkili istiqamətində verilmiş qərarların və həyata keçirilən siyasətin cəmiyyətə dolğun çatdırılmasında Qeyri-Hökumət Təşkilatları tərəfindən mühüm işlər görülüb. İstər əldə edilən zəfərdən sonrakı proseslərdə, istər hələ də davam edən COVID-19-la mübarizə tədbirlərində QHT nümayəndələri həyata keçirilən müqəddəs missiyada özünəməxsus yer tutur.
2021-ci il həm də cənab Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması ilə yadda qaldı. Bu baxımdan 2021-ci il bizim üçün də yeniliklər ili oldu. Agentliyin əsas hədəfi qeyri-hökumət təşkilatlarının inkişafı, onların potensiallarının artırılması, fəaliyyətləri üçün əlverişli mühitin yaradılmasından ibarətdir. Bu hədəfə çatmaq üçün Sizlərlə birlikdə faydalı və keyfiyyətli əməkdaşlıq edəcəyimizə əminəm.
Hörmətli Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri !
Qarşıdan gələn 2022-ci ili böyük ümid ilə qarşılamağa hazırlaşırıq. Sizinlə birlikdə azad edilmiş torpaqlarımıza etdiyimiz səfərlər zamanı böyük qayıdış istiqamətində görülən işlərin canlı şahidi olmağımız qarşıdan gələn ilin də bizlər üçün necə böyük məsuliyyət olduğunu bir daha təsdiq edir. Hər bir daşında tarix yatan, babalarımızın müqəddəs ruhlarının məskəni olan dilbər güşələrimizin dirçəldilməsində pay sahibi olmaq yüzminlərlə öz ata-baba yurdundan didərgin salınmış məcburi köçkünlərə və Dünya Azərbaycanlılarına ifadəsi mümkünsüz xoşbəxtlik bəxş edəcəkdir.
Hər birinizi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə münasibətilə təbrik edir, şərəfli missiyanızda uğurlar arzulayıram.”