Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Daha bir Gürcüstan Prezidenti İrəvanda saxta genosid abidəsinə ikiqat əyildi…

“Zurabişvilinin qondarma “soyqırım” abidəsini ziyarət etməsi Gürcüstan maraqlarından çox, Ermənistanın maraqlarına xidmət edir”

img

Qabil Hüseynli: “Belə hallar millətlərarası münasibətlərin yaxşılaşmasına xidmət etmir”

 

Məlum olduğu kimi, Gürcüstan Prezidenti Salome Zurabişvili Ermənistana rəsmi səfəri zamanı qondarma “erməni soyqırımı”na ucaldılmış “Çiçernakaberd” kompleksini ziyarət edib.

Bununla belə, Zurabişvili Ermənistan Prezidenti Armen Sarkisyan, Baş nazir Nikol Paşinyan və digər şəxslərlə görüşlər keçirib.

Onu da qeyd edək ki, Zurabişvili “soyqırım” muzeyində də olub. Bu o deməkdir ki, Zurabişvili 100 il əvvəl ermənilərin “soyqırıma” məruz qalmasını qəbul edir. Aydındır ki, bu nə Azərbaycanda, nə də Türkiyədə xoş qarşılana bilməz. Halbuki, Ermənistana səfər edən digər ölkə rəsmiləri heç də həmişə protokola görə addım atmırlar. Bəzi dövlət başçıları Ermənistana səfər edərkən “soyqırım” abidəsini ziyarət etmirlər. Gürcüstan Prezidenti də bu ölkənin Azərbaycan və Türkiyə ilə olan yaxın qonşuluq əlaqələrini nəzərə alıb məlum addımı ata bilərdi. Ancaq təəssüflər olsun ki, onun Ermənistana səfəri qondarma “soyqırım” abidəsini ziyarət etməklə başladı. Digər tərəfdən, S.Zurabişvili İrəvandakı çıxışında dedi ki, Gürcüstanda ermənilərin və azərbaycanlıların sülh şəraitində yaşamalarını istəyir: “Gürcüstan vətəndaşları – etnik ermənilər və azərbaycanlıların respublika ərazisində sülh şəraitində yaşaması olduqca önəmlidir”.

O da məlumdur ki, son günlərdə Gürcüstanda ermənilərlə azərbaycanlılar arasında münasibətlərdə müəyyən gərginlik var. Buna səbəb Xocalı soyqırımında iştirak edən terrorçuya abidənin qoyulmasıdır. Məlum məsələ ciddi narazılığa səbəb olub.

Bütün bu deyilənlərlə yanaşı, Gürcüstan Prezidentinin həm qondarma “soyqırım” abidəsini ziyarət etməsi, həm də bu ölkədə yaşayan ermənilərin və azərbaycanlıların sülh şəraitində yaşamasını istəməsi nə dərəcədə bir-birilə uzlaşır? O üzdən, bunu ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli Zurabişvilinin bu addımına mənfi prizmadan yanaşdı: “Xanım Zurabişvilinin qondarma “soyqırım” abidəsini ziyarət etməsi Gürcüstan maraqlarından çox, Ermənistanın maraqlarına xidmət edir. O nəzərə almalı idi ki, bu bir uydurmadır. Bunu da ermənilər uydurub. Gürcüstan Prezidenti bu ölkənin Azərbaycan və Türkiyə ilə olan yaxın münasibətlərini, əlaqələrini nəzərə almalı idi. Eyni zamanda, belə hallardan çəkinməli idi. Gürcüstan kiçik dövlətdir. Bu dövlət qondarma “erməni soyqırımı” məsələsində oyunçu roluna girməməlidir. Nəzərə almalı idi ki, Gürcüstan çoxmillətli dövlətdir. O baxımdan hesab edirəm ki, onun bu addımı yanlış idi. Gürcüstanın həddi deyil ki, belə məsələlərdə kiminsə tərəfini tutsun. Çünki bu ölkənin də başı dərddədir. Gürcüstan neçə illərdir separatizmdən əziyyət çəkir, ərazilərinin bir hissəsinə nəzarət edə bilmir. Zurabişvili Ermənistana səfərində qondarma “soyqırım” abidəsini ziyarət edirsə, o zaman Xocalı soyqırımı ilə bağlı abidəni niyə ziyarət etmədi? O, Ermənistandan əvvəl Azərbaycana səfər edib. Xocalı soyqırımı ilə bağlı ucaldılan “Ana harayı” abidəsini ziyarət edə bilərdi. Belə olsaydı, bəlkə də bu hardasa onun balanslaşdırılmış siyasət həyata keçirməsi təsiri bağışlaya bilərdi. O isə Türkiyənin duyğularına toxunan bir addım atdı. Eyni zamanda, bu, Azərbaycanın maraqlarına qarşıdır. Belə hallar millətlərarası münasibətlərin yaxşılaşmasına xidmət etmir. Bir tərəfdən Zurabişvili qondarma “soyqırım” abidəsini ziyarət edir, o biri tərəfdən Gürcüstanda yaşayan ermənilərin və azərbaycanlıların sülh şəraitində yaşamaları ilə bağlı çağırışlar edir. Ona görə də atılan addımlar bir-birinə uyğun gəlmir”.

Vidadi ORDAHALLI 

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir