Qazaxıstan və Azərbaycan ortaq tarixi, mədəniyyəti, ənənələri bölüşən qardaş ölkələrdir. Dövlət müstəqilliyi əldə edildikdən sonra bu ənənəvi münasibətlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və qazax xalqının lideri Nursultan Nazarbayevin səyləri nəticəsində qorunub saxlanılıb və daha da inkişaf etdirilib. Həm Heydər Əliyev, həm də Nursultan Nazarbayev müstəqil dövlət qurucuları kimi öz adlarını əbədi olaraq xalqlarının tarixinə qızıl hərflərlə yazıblar.
Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Kazinform agentliyinin xüsusi müxbirinə müsahibəsində söyləyib.
Əli Həsənov deyib:
“Birmənalı şəkildə demək olar ki, Qazaxıstanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında son 30 il ərzində baş vermiş bütün müsbət dəyişikliklərdə həlledici rol məhz N.Nazarbayevə məxsusdur. Qazaxıstan onun müdrik siyasəti nəticəsində beynəlxalq siyasətin nüfuzlu aktoruna, sürətlə inkişaf etmiş və dünyanın aparıcı iqtisadiyyatları sırasına qoşulmağı hədəfləyən sənaye ölkəsinə çevrilib.
Nursultan Nazarbayevin bütün fəaliyyəti öz xalqının rifahına xidmətə həsr olunub. O, həmçinin sadəcə qazaxların deyil, türk-müsəlman dünyasının tanınmış siyasi xadimidir. Buna görə də əminik ki, N.Nazarbayevin qəbul etdiyi növbəti qərar da qazax xalqının taleyində müsbət addım olacaq”.
Ə.Həsənov vurğulayıb: “Azərbaycan inanır ki, bu qərar qazax xalqının firavan gələcəyini təmin edəcək. Şübhəsiz ki, Azərbaycan dövləti Qazaxıstanla, onun formalaşmaqda olan yeni rəsmi strukturları ilə dostluq, tərəfdaşlıq kursunu bundan sonra da davam etdirəcək”.