Əhalinin rahatlığının təmin olunmasında və turizm infrastrukturunun inkişafında vacib məsələlərdən biri də müasir xidmət sahələrinin yaradılmasıdır. Muxtar respublikada turistlərin tələbatına uyğun xidmət sahələrinin yaradılması əsas hədəflərdəndir. Hazırda Naxçıvan şəhərində “Saat Meydanı” Kompleksi inşa olunur.
Boyukmillet.com xəbər verir ki, martın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kompleksdə olmuş, görülən işlərlə maraqlanmışdır.
Bildirilmişdir ki, ümumi sahəsi 10 min kvadratmetr olan kompleks dairəvi formada tikilmiş 2 mərtəbəli binadan, 6 metrlik saat qülləsindən və meydandan ibarətdir. Binanın birinci mərtəbəsində 4 restoran və 1 kafe fəaliyyət göstərəcək, sakinlərə və turistlərə Naxçıvan, eləcə də Türkiyə, Çin, gürcü, yapon, ingilis mətbəxlərinin nümunələri təqdim olunacaqdır. Gənclərin asudə vaxt keçirtmələri üçün hərtərəfli şərait yaradılacaq, 3 kinoteatr istifadəyə veriləcəkdir. Həmçinin burada geyim və hədiyyə dükanları, uşaq əyləncə bölməsi fəaliyyət göstərəcəkdir.
Binanın ikinci mərtəbəsində 43 standart, 4 suit və 1 vip olmaqla 48 otaqlı otel yerləşir. Müasir memarlıq üslubunda inşa olunmuş kompleksin meydanında isə konsert səhnəsi və fəvvarə qurulmuşdur. Ərazidə oturacaqlar qoyulacaq, dekorativ ağac və güllər əkiləcəkdir.
Ali Məclisin Sədri gənclərin və turistlərin maraqlarının nəzərə alınması, xidmət sahələrində kitab mütaliəsi üçün şəraitin yaradılması və yerli ərzaq məhsullarının satışının təşkil olunması barədə tapşırıqlar vermişdir.