“Bu, Azərbaycan dövlətinin vətəndaşlara göstərdiyi qayğının bariz nümunəsidir”
Fikrət Yusifov: “Prezident İlham Əliyev böyük humanistlik göstərərək sahibkarlara dəymiş ziyanın büdcədən ödənilməsi ilə bağlı qərar qəbul etdi”
Məlum olduğu kimi, Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Məlum olub ki, sahibkarlara dəyən ziyanla əlaqədar dövlət vəsaiti hesabına onlara yardım göstəriləcək.
Prezident İlham Əliyev bununla bağlı müşavirədə çıxış edərək bir sıra məqamlara toxunub: “Azərbaycan çox güclü sosial siyasət aparır. Bu siyasət özünü müxtəlif sahələrdə büruzə verir. Bu, bizim siyasətimizdir, biz bu siyasətə sadiqik və bunu bütün sahələrdə aparacağıq. Ona görə, baş vermiş yanğınla bağlı, əlbəttə ki, ilk növbədə, biz burada əziyyət çəkən, maddi ziyan dəyən sahibkarların vəziyyətini başa düşməliyik, onlara kömək göstərməliyik və göstərəcəyik. Məsələni tam araşdırıb təklifləri vermək üçün komissiya yaradılacaq. Əlbəttə ki, komissiya bir müddət işləyəcək. Ancaq biz operativ olaraq sahibkarlara ilkin mərhələdə maddi dəstək göstərməliyik ki, onlar bu vəziyyətdən çıxa bilsinlər. Gələcəkdə onları işlə təmin etmək üçün müvafiq addımlar atılacaq. O ki, qaldı ticarət mərkəzinin sahibkarlarının fəaliyyətinə, əlbəttə ki, onlar dövlət tərəfindən sahibkarlara veriləcək məbləğin ödənilməsini tam təmin etməlidirlər və edəcəklər”.
O da məlumdur ki, sözügedən sahibkarlar mallarını sığortalamayıblar. Buna baxmayaraq, onlara bununla bağlı ediləcək yardım, göstərilən dəstək dövlətin ortaya qoyduğu nümunədir. Hansı ki, heç bir ölkədə sahibkarlara belə humanist yanaşma, qayğı yoxdur. Azərbaycan dövləti sosial ədalət prinsipindən çıxış edərək belə bir nümunə ortaya qoydu. Ümumilikdə, bu nəyin nəticəsidir?
Sözügedən məsələ ilə bağlı fikirlərini Boyukmillet.com-la bölüşən iqtisad elmləri doktoru Fikrət Yusifov bununla bağlı bir sıra məqamlara toxundu: “Bu, Azərbaycan dövlətinin vətəndaşlara göstərdiyi qayğının bariz nümunəsidir. Məsələ ondadır ki, Prezident İlham Əliyev bu qəbildən olan hadisələr zamanı hər zaman xalqın yanında olur. Nəzərə almaq lazımdır ki, sözügedən ticarət mərkəzində fəlakət baş verib. İnsanlar bir neçə saatın içində böyük maddi zərərlə üzləşiblər. Təbii ki, belə olan halda, ölkə başçısının onların yanında olması və onlara maddi yardımın göstərilməsi ilə bağlı qərar verilməsi çox önəmli hadisədir. Bu, Azərbaycan dövlətinin sosial siyasət yeritməsini, xalqın maraqlarından çıxış etməsini bir daha sübut etdi. Həmişə olduğu kimi, bu dəfə də Prezident çətinliyə düşən insanları darda qoymadı və çox humanist bir addım atdı. Təbii ki, Azərbaycan dövlətinin bu məsələdə sərgilədiyi münasibət unikal yanaşmadır. Çünki adətən dünya təcrübəsində belə hallar sığorta qurumları tərəfindən aradan qaldırılır. Əmlak sahibi ödədiyi sığorta müqabilində yardım alır. Ancaq Azərbaycanda sığorta bazarı hələ ki, lazımi səviyyədə təşkil olunmayıb və bu sahədə bir sıra boşluqlar var. Bu hadisə bir daha göstərdi ki, sığorta bazarının inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Sığorta bazarı hələlik inkişaf etmədiyi üçün, Prezident İlham Əliyev böyük humanistlik göstərərək sahibkarlara dəymiş ziyanın büdcədən ödənilməsi ilə bağlı qərar qəbul etdi. Bununla bağlı İqtisadiyyat Nazirliyində xüsusi komissiya yaradılıb. Komissiya hazırda bu istiqamətdə ciddi iş aparır. Hesab edirəm ki, yaxın günlərdə kompensasiyaların ödənilməsi ilə bağlı ciddi işlər görüləcək”.