“Xocalı faciəsinin törədildiyi gün həyatımın ən ağır günüdür. Soyqırımda anamın qohumları arasında vəhşicəsinə qətlə yetirilən və girov götürülənlər olub”.
Bunu “Report”un yerli bürosuna müsahibəsində faciədə yaxınlarını itirmiş, Marneuli sakini Solmaz Çıldırlı deyib.
Onun sözlərinə görə, Xocalıda 30 il bundan öncə törədilən amansız qətliam heç bir zaman unudulmayacaq: “Anamın qohumlarının itkisinin ağrı-acısından göz yaşları qurumurdu. O, artıq bir ildir vəfat edib. Xocalıya getməyi çox arzulayırdı”.
S.Çıldırlı deyib ki, Azərbaycanın şanlı Zəfəri ilə faciənin günahsız qurbanları və girovluqda ölənlərin qisası alınıb: “Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. İndi biz Xocalıya getmək arzusu ilə yaşayırıq”.
Soyqırımda yaxınlarını itirən Zərifə Bayramova da faciə ilə bağlı acı xatirələrini bölüşüb: “Heç bir zaman unudulmayacaq faciədir. Qohumlarını itirən anam Xocalı ağrısı ilə yaşadı. Yaxınlarımla birgə Xocalıya ayaqyalın getməyi arzu edirəm”.
Digər müsahib Lətifə Şabanova Xocalıda yaxın qohumunun girov götürüldüyünü deyib: “Onu Ağdamda qarşılayıblar, dişləri çıxarılmışdı, əyni-başı cırıq halda, qan içində idi”.
O, Xocalı qurbanlarının qanının yerdə qalmadığına görə sevindiyini qeyd edib.
Qətliam törədilərkən Ağdamda qonaq olmuş Aqnet Çıldırlı da ürək ağrısı ilə şahidi olduğu hadisələrdən danışıb: “Faciədə həyat yoldaşımın bir çox yaxını həlak olub. Amansız hadisənin dəhşətləri indi də gözümün qabağındadır, unutmaq mümkün deyil. Qırğından canlarını qurtaran qadınları, uşaqları, yaşlıları Ağdam xəstəxanasına daşımağa kömək edirdik. Hamısı ayaqyalın, başıaçıq, ayaqları don vurmuş halda idilər, güclə yeriyirdilər”.
Uşaqlıq illəri Xocalıda keçmiş Gülnarə Bayramova faciədə qətlə yetirilən yaxınlarının bəzilərinin meyitlərinin tapılmadığını deyib: “Vertolyotla daşınan meyitlər yaxınlarımıza məxsusdur. Həsənovlar ailəsinin yarısı qətlə yetirildi”.
O, yaxınları ilə birgə Xocalıya getmək arzusunu dilə gətirib: “Uşaqlığım orada keçib. Yay aylarını Xocalıda dincələrdik. Çox gözəl və səfalı yerləri indiyəcən gözümün qarşısındadır. O yerlərə həsrət qalmışıq. Anamın Xocalı həsrətinə ürəyi dözmədi, vəfat etdi. Xocalıya getməyi çox arzulayırıq, qurbanlar da demişik”.