Azərbaycan Ordusunun əməliyyat (komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
Boyukmillet.com xəbər verir ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər fevralın 28-dən martın 19-dək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir.
Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun Əməliyyat (Komando) hərbi hissələrində müvafiq vəzifələrə təyin olunur.
Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:
– kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);
– xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
– təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
– doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
– şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda, 1 nüsxədə);
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda, 1 nüsxədə);
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış (1 nüsxədə);
– 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə);
– qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;
– hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (1 nüsxədə).
Qeyd edək ki, məlumatda müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunub.