Azərbaycan Rusiyada da mühüm investorlardan birinə çevriləcək…
Bu gün Azərbaycan üçün xarici iqtisadi strategiyada ən mühüm məsələlərdən biri təkcə xaricdən sərmayə axınına nail olmaq yox, həm də ölkənin özünün beynəlxalq miqyaslı investora çevrilməsidir. Qeyd edilən xüsusda atılan addımlar artıq dünya miqyasında Azərbaycana maraq və diqqəti artırır. İndi bir çox ölkələr Azərbaycan sərmayəsini görməkdə maraqlı olduqlarını açıq bəyan edirlər.
İndilikdə Bakı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Dövlət Neft Fondu (ARDNF) vasitəsilə fəal investisiya siyasəti həyata keçirir. Belə ki, təkcə ötən il ARDNF müxtəlif ölkələrdə daşınmaz əmlaka 115 milyon dollar həcmində investisiya edib. Fondun daşınmaz əmlak portfeli həmin tarixə 2,14 milyard dolları keçib. Hazırda fond Londonda dəyəri 120 milyon funt sterlinq təşkil edən ofis kompleksinə, Moskvada dəyəri 3 milyard 269 milyon rubl təşkil edən “Qalereya Aktyor” ofis-ticarət kompleksinə, Parisdə dəyəri 186,1 milyon avro təşkil edən daşınmaz əmlak kompleksinə, Cənubi Koreyada dəyəri 515,5 milyard Cənubi Koreya vonu olan “Payn Avenyu A qülləsi” ofis binasına, Tokioda dəyəri 58,4 milyard yapon yeni təşkil edən ticarət mərkəzinə, İtaliyada dəyəri 99,6 milyon avro təşkil edən “Palazzo Turati” ofis binasına investisiya edib.
SOCAR da dövləti xətti ilə fəal investisiya siyastəti həyata keçirir. Özü də şirkətin getdikcə dünya enenrji sektorunda xüsusi çəkisinin artması müşahidə olunur. İndilikdə isə yayılan məlumatlardan belə bəlli olur ki, Türkiyədən sonra SOCAR Rusiyanın enerji sektorunda böyük bir investisiya layihəsi həyata keçirməyə hazırlaşır. Elə bu günlərdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, Dövlət Neft Şirkətinin Rusiyadakı Antipin neft emalı zavoduna marağı var. Onun sözlərinə görə, hazırda zavodun alınması ilə bağlı danışıqlar aparılır: “Rusiya bazarı çox böyükdür və bizə maraqlıdır. Ümumilikdə isə SOCAR dünyanın hər yerində danışıqlar aparır”. Belə bir vaxtda Rusiyanın “Kommersant” qəzeti məsələ ilə bağlı maraqlı məlumat yayıb. Qəzet yazır ki, SOCAR və Rusiyanın “Sberbank” bankı “SOCAR Enerqoresurs MMC” adlı birgə müəssisə yaradıb. Artıq bu haqda məlumat Rusiyanın Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrində dərc olunub. Müəssisədə payların 60 faizinin “SOCAR Russia Investments Ltd” şirkətinə, 40 faizinin isə “Sberbank”ın struktur hissəsi olan “SBK Komplekt”ə məxsus olduğu bildirilir. Yeni birgə müəssisənin müflis vəziyyətdə olan Antipin neft emalı zavodunda prosessinqlə məşğul olacağı gözlənilir. Prosessinq sxeminə əsasən, neftin sahibi onu neft emalı zavoduna çatdırır, zavoda neft emalı xidmətlərinə görə ödəniş edir, sonra isə əldə olunan neft mallarını təhvil alır və onların satışını həyata keçirir.
Mənbələrdən biri “Kommersant”a bildirib ki, SOCAR iyula kimi Antipin zavodunda prosessinq işlərini başlamaq niyyətindədir. Qeyd olunur ki, yeni müəssisəni yaratmaqda məqsəd zavodun fəaliyyətində durğunluğun qarşısını almaqdır. Zavodun fəaliyyəti apreldə dayanmışdı. Səbəb kimi emal üçün neftin alınmasına kifayət qədər maliyyə vasitələrinin olmaması göstərilirdi.
“Kommersant” həmçinin qeyd edir ki, birgə müəssisə əldə etdiyi gəlirin bir hissəsini Orenburq vilayətində yataqların işlənməsinə də yatıra bilər. Məlumatda bildirilir ki, birgə müəssisənin baş direktoru Fərid Cəfərovdur. O, SOCAR-ın Rusiyada əsas strukturu olan “SOCAR Rus MMC”nin rəhbəridir.
Birgə müəssisənin nizamnamə kapitalının 10 min rubl, təqribən 260 manat olduğu göstərilir. Bütün bunlar Türkiyədən sonra Azərbaycanın Rusiyada da enerji sahəsində mühüm oyunçulardan biriən çevrilməkdə olduğunu göstərir. Xatırladaq ki, SOCAR Türkiyədə dəyəri 6,3 milyard dollar olan nəhəng STAR neft emalı zavodunun sahibidir. İndi isə qeyd edilir ki, Antipin neft emalı zavodu ilə bağlı layihə SOCAR-ın Rusiya neft sənayesinə ilk nəhəng yatırımı ola bilər. Amma görünən budur ki, Azərbaycan tərəfini Rusiyada təkcə Antipin neft emalı zavodu maraqlandırmır. Belə ki, SOCAR və Rusiyanın “Tatneft” şirkəti neft-kimya məhsullarının tədarükü barədə də saziş imzalayıb. Sənəd Bakıda keçirilən “Caspian Oil and Gas – 2019” sərgi-konfransında imzalanıb. “Tatneft” şirkətinin təmsilçisi bu xüsusda bildirib: “Şirkətimiz yataqların işlənməsi sahəsində əməkdaşlıq üçün açıqdır. Yeni tərəfdaşlar, yeni satış bazarları axtarırıq. “Tatneft” neft hasilatı sahəsində 75 illik təcrübəyə malik şirkətdir. Neftin çıxarılması və emalı sahəsində, neft sənayesi avadanlığının istehsalında, neft-kimya sahəsində və sairdə müəyyən təcrübəmiz var. Ona görə də SOCAR ilə ortaq nöqtələr axtarırrıq”. Onun sözlərinə görə, gələn il üçüncü ölkələrin bazarında SOCAR ilə əməkdaşlıq haqqında da danışmaq olar.
Türkiyə təcrübəsi isə göstərir ki, xarici enerji bazarında fəal iştirak Azərbaycana böyük miqdarda gəlir gətirir və digər dividendlər qazandırır. Belə görünür ki, SOCAR Türkiyə təcrübəsini Rusiyada da tətbiq etmək niyyətindədir. Yəni burada olduğu kimi, SOCAR Rusiyanın neft və qaz, həmçinin neft-kimya sferasında fəal iştirakçı olmağı düşünür. Türkiyədə STAR neft emalı zavodunun sahibi olan SOCAR qardaş ölkədə yeganə neft-kimya kompleksi olan “Petkim”də əsas səhmdardır. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir. “Petkim”in qalan səhmləri isə İstanbul Fond Birjasında dövriyyədədir. “Petkim Holding”in baş direktoru Anar Məmmədov şirkətin kifayət qədər gəlirlə işlədəyini vurğulayır: “Petkim” bu ilin ilk rübünü uğurla yekunlaşdırıb. Bu dövrdə 142 milyon Türkiyə lirəsi xalis mənfəət əldə etmişik. Bu çox gözəl nəticədir. Dünya bazarında neqativ şərtlərə baxmayaraq, bu nəticəni əldə edə bilmişik. Düşünürəm ki, bu da son illərdə həyata keçirdiyimiz optimallaşdırma işlərinin birbaşa nəticəsidir. Artıq STAR zavodundan nafta almağa başlamışıq. Bu günə qədər STAR-dan 100 min tona yaxın nafta almışıq. Təkcə qənaət deyil, naftanın keyfiyyətinin də bizim üçün çox uyğun olduğu qeyd edilməlidir. Hələ STAR zavodunun layihələndirmə mərhələsində, xüsusilə “Petkim”in ehtiyaclarını qarşılayacaq şəkildə ən effektiv nafta olması nəzərdə tutulmuşdu. STAR-ın faydası sadəcə logistika baxımından qənaətdə deyil, naftanın çox yüksək keyfiyyətinə görə istehsalımızda artım olmasında da özünü göstərir. STAR tam gücdə istehsala başladıqdan sonra ildə 1,6 milyon ton nafta alınması nəzərdə tutulur. Bu il üçün “Petkim”ə 800-900 min ton nafta alışı gözlənilir”. İndi Türkiyədəki bu uğurlu təcrübənin Rusiyada da tətbiq edilməsi nəzərdə tutulur.