Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Qərbi Azərbaycan İcmasının sədri İqdırda Xocalı soyqırımının Anım tədbirində iştirak etmişdir

Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Türkiyənin İqdır şəhərində Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğunun və İqdır Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləəmə Dərnəyinin birgə təşkilatçılığı ilə Anım tədbiri keçirilmişdir.

Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli də tədbirdə iştirak və çıxış etmişdir.

İqdır Mədəniyyət Evində keçirilən tədbir şəhidlərimizin xatirəsinə sayğı duruşu və Türkiyə və Azərbaycanın Dövlət himnlərinin oxunması ilə başlanmışdır. 

Daha sonra Xocalı faciəsi ilə bağlı kadrlar nümayiş etdirilmiş və Azerbaycan sənətçisi Şirzad Pirallah “Xocalıya İttiham” şerini səsləndirmişdir.

Tədbirdə çıxış edən Azərbaycanın Qars şəhərində Baş Konsulu Nuru Quliyev Xocalı soyqırımının təkcə Azərbaycana yox, bütün Türk dünyasına və insanlığa qarşı törədilmiş soyqırımı aktı olduğunu bildirmişdir. 

Baş Konsul Nuru Quliyev: “Azərbaycan xalqı bu vəhşiliyi heç vaxt unutmadı və 44 günlük Vətən Müharibəsində Xocalı şəhidlərinin qisasının layiqincə aldı. Lakin təəssüf ki, 30 il əvvəl bu soyqırım modern dünyanın, dünyaya demokratiya dərsi verənlərin gözü önünde baş verdi və dünya uzun illər  bu soyqırımına layiqi qiymətini verib, Ermənistanı cəzalandırmadı”, – deyə bildirdi. 

İqdır Azərbaycan Dil, Tarix ve Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin başqanı Ziya Zakir Acar da Xocalı soyqırımı ilə bağlı faktlara diqqət çəkərək, “Xocalı Soyqırımı insanlığa qarşı işlənmiş böyük bir suçdur”, – deyə fikrini yekunlaşdırdı.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əziz Ələkbərli çıxışında ermənilərin öz havadarlarından dəstək alaraq son iki yüz ildə Azərbaycanda və Türkiyədə türk-müsəlman əhaliyə qarşı həyata keçirdiyi soyqırımlara diqqəti çəkdi və bütün bunlara görə ermənilərin, Ermənistan dövlətinin bundan sonar da cavab verməli olduğunu bildirdi. 

Deputat Əziz Ələkbərli: “Biz ərazilərimizin 30 illik işğalına son qoyduq, lakin tarixi torpaqlarımız olan Qərbi Zəngəzur, Göyçə, İrəvan və digər Qərbi Azərbaycan ərazilərimiz hələ də ermənilərin işğalı altındadır və bu işğal sona çatanadək, insanlarımız öz dədə-baba ocaqlarına qayıdanadək mübarizəmiz davam edəcək. Biz bu mübarizədə xalqımızın birliyinə, ordumuzun qəhrəmanlığına və Ali Baş Komandanımızın siyasi iradəsinə arxalanırıq. Eyni zamanda qardaş Türkiyə xalqının və qardaş Türkiyə dövlətinin siyasi və mənəvi dəstəyinə güvənirik”, – deyə bildirdi. 

Tədbirdə Türkiyənin müxtəlif universitetlərindən dəvət olunmuş alimlər – dr. Cavid Mövsümlü, dos. dr. Yaşar Kop, dos. dr. Arzu Abdulyev, Arslantürk Akyıldız və b. da çıxış etdilər.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …