Bazar , 22 Dekabr 2024
Drone Cameras

Naxçıvandakı birgə hərbi təlimdən sonra üç ölkənin müdafiə naziri bir araya gəldi – düşmən narahatdır

Elxan Şahinoğlu: “Türkiyə ordusu artıq Naxçıvanda yerləşib, qalır bunu, sadəcə, rəsmiləşdirmək”

İyunun 7-dən 11-dək Naxçıvanda Türkiyə və Azərbaycan birgə hərbi təlimləri yüksək səviyyədə başa çatdıqdan sonra Azərbaycan işğalçı Ermənistanın həyəcanına səbəb olan daha bir hərbi tədbirə ev sahibliyi etdi. Söhbət Qəbələ şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin toplantısından gedir.

Üçtərəfli görüşdə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Levan İzoriya iştirak ediblər. Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, tərəflər həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçiriblər.

Bundan öncə Zakir Həsənov Hulusi Akarla görüşüb. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə naziri, general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin gündən-günə inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb. Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu cür görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib. Türkiyəli nazir də, öz növbəsində, Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin genişlənməsində bu cür görüşlərin vacibliyindən danışıb. Görüşdə regional və qarşılıqlı əməkdaşlığa dair digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Qəbələ görüşü yüksək səviyyədə başa çatıb. Zakir Həsənov görüşdən sonra keçirilən brifinqdə bildirib ki, digər sahələrdə olduğu kimi müdafiə sahəsində də üç qonşu dost ölkə əməkdaşlığı uğurla davam etdirilir: “Keçən il Türkiyədə memorandum imzalandı. Həmin memoranduma uyğun olaraq bizim üçtərəfli formatda görüşlərimizin hüquqi bazası yarandı. İl ərzində üçtərəfli əməkdaşlığın planında olan məsələlərin icrası müzakirə olunub”.

Həsənov bildirib ki, görüşdə Türkiyənin terrorizmlə mübarizəsini hər üç tərəf dəstəklədiyini bəyan edib: “Hər üç tərəf Türkiyənin terrorizmlə mübarizəsini dəstəkləyir. Görüşdə həmçinin Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi. Hərbi əməkdaşlıq sahəsində görülmüş işlər müzakirə olundu. Onu da qeyd etmək istəyirəm ki, hərbi əməkdaşlıqda birgə təlimlər xüsusi rol oynayır. İlbəil birgə təlimlərin sayı artır. Məsələn, 2018-ci ildə Türkiyə ilə birgə yeddi təlim keçirilib. 2019-cu ildə isə 13 birgə təlimin keçirilməsi planımızda var. İlin sonuna kimi bunların hamısı icra olunacaq”.

“Görüşdə biz Gürcüstan tərəfini də bu təlimlərə qatılmağa dəvət etdik. NATO xətti ilə Azərbaycan-Türkiyə-Gürcüstan təlimləri də Gürcüstanda həyata keçirilib. Həmçinin Gürcüstanda dağ təlim mərkəzində çox uğurlu təlimlər icra olunub. Hər üç tərəf bu təlimlərin uğurla həyata keçirilməsinə razılıq verib və təlimlərin davam etdirilməsinə dair qərar qəbul olunub”, – deyə Zakir Həsənov qeyd edib.

“Əvvəlcə 600 il Qafqaz Albaniyasının paytaxtı olmuş turizm şəhəri Qəbələyə indiyə qədər gəlmədiyim üçün peşman olduğumu vurğulamaq istəyirəm. Hər mənada – təbiəti, insanları ilə mükəmməl şəhərdir. Hər kəsin gəlməsini tövsiyə edirəm”. APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Qəbələdə keçirilən üçtərəfli görüşündən sonra təşkil olunan brifinqdə bildirib. Göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlıq edən H.Akar əlavə edib ki, Cənubi Qafqaz mövzusunda ortaq mövqeyə sahib olan Zakir Həsənov və Levon İzoriya ilə bir araya gələrək, regional məsələləri və ölkələrin vəziyyətini müzakirə ediblər: “Əməkdaşlığımızın mövcud vəziyyəti, perspektivləri barədə fikir mübadiləsi apardıq. Üç ölkənin yerləşdiyi coğrafiya neft və təbii qaz kimi önəmli enerji mənbələrinin işlənməsi, onların dünyanın digər bölgələrinə çatdırılması baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiya beynəlxalq aktyorların da qarşı-qarşıya gəldiyi, üzərində xüsusi durduğu bölgədir. Bu səbəbdən üç ölkənin əməkdaşlığı, birlikdə fəaliyyət göstərməsi çox önəmlidir”.

Türkiyəli nazir qeyd edib ki, Türkiyə, Azərbaycan və Gürcüstanın əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir: “Müdafiə, hərbi və təhlükəsizlik sahəsində üç ölkənin də maraqlarına xidmət edən əməkdaşlıq mövcuddur. Yeni planlar hazırlanır. İnanıram ki, gələcəkdə yalnız müdafiə, hərbi və təhlükəsizlik sahəsi ilə məhdudlaşmayacaq, digər sahələri də əhatə edəcək. Əməkdaşlığın miqyası genişlənəcək. Bu əməkdaşlıq digər ölkələr üçün örnək olacaq. Yaxın zamanlarda ölkələrimiz arasında müdafiə sahəsində imzalanan əməkdaşlıq protokolunun müsbət nəticələrinin şahidi olacağıq”.

Elxan Şahinoğlu: ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Türkiyənin müdafiə naziri Hulusi Akarın Azərbaycana səfəri iki hissədən ibarət oldu: “Hulusi Akar əvvəlcə Naxçıvanda azərbaycanlı həmkarı Zakir Həsənovla ”Sarsılmaz qardaşlıq-2019″ Azərbaycan-Türkiyə birgə döyüş təlimlərini müşahidə etdi. Təlimlər 4 gün davam etdi. İki ölkənin birgə keçirdiyi təlimlərdə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olundu. Təlimi izləyənlər arasında Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov da var idi. Vasif Talıbov daha sonra Hulusi Akarla görüşdə Türkiyənın Naxçıvana verdiyi hərbi dəstəklə bağlı maraqlı rəqəmlər söylədi: “1997-ci ildən bu günə qədər Naxçıvan Muxtar Respublikasında 600-ə yaxın Türkiyə hərbçisi xidmət keçib. Eyni zamanda Heydər Əliyev adına Hərbi Liseyi bitirən 80-ə yaxın kursant Türkiyənin ali hərbi məktəblərində təhsillərini davam etdirib. Türkiyə Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdə dəstəyini əsirgəməyib, muxtar respublikadakı ordu, birləşmə və hissələrin ərzaq, geyim, əşya, texnika, tibbi avadanlıqlar və dərman vasitələri ilə təminatında təmənnasız köməklik göstərib”. Bunların açıq söylənməsi olduqca vacibdir, mesaj xarakteri daşıyır. Əslində Vasif Talıbovun səsləndirdiyi rəqəmlər ondan xəbər verir ki, Türkiyə ordusu artıq Naxçıvanda yerləşib, sadəcə, bunu rəsmiləşdirmək lazımdır”.

Hülusi Akar Zakir Həsənov Naxçıvan ile ilgili görsel sonucu

E.Şahinoğlunun fikrincə, onsuz da ermənilər də açıq deyirlər ki, Türkiyənın Naxçıvanda hərbi varlığı onlarda şübhə doğurmur və son hərbi təlimlər Ermənistana qarşı yönəlib: “Bu fikirdə həqiqət ondan ibarətdir ki, Azərbaycan və Türkiyə ordusunun Naxçıvanda keçirdiyi birgə hərbi təlimlər Ermənistanı Naxçıvana qarşı mümkün təxribatlardan çəkindirməlidir. Türkiyənin Naxçıvanda hərbi bazası məhz ona görə Azərbaycan üçün vacibdir ki, Dağlıq Qarabağ və ətraf rayonların azad olunması uğrunda hərbi əməliyyatın başlanması halında Naxçıvanın təhlükəsizliyi tam təminat altında olmalı və Naxçıvana əlavə hərbi qüvvələrin göndərilməsinə ehtiyac qalmamalı, həmin qüvvələr işğal altındakı ərazilərin ətrafında cəmləşməlidir. Ermənistan da eyni siyasətdən çıxış edir. Ermənistanın Türkiyə və İranla sərhədini Rusiya qüvvələri qoruyur. Bu da Ermənistana imkan verir ki, qoşunlarının əsas hissəsini Dağlıq Qarabağda və Azərbaycanla sərhəd boyu yerləşdirsin”.

Hülusi Akar Zakir Həsənov Naxçıvan ile ilgili görsel sonucu

Ekspert Hulusi Akarın Azərbaycana səfərinin ikinci mərhələsində Qəbələyə gəlişinə diqqət çəkdi: “Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirildi. Burada Azərbaycanın və Türkiyənin müdafiə nazirləri ikitərəfli danışıqlar apardılar. Zakir Həsənov bir daha qeyd etdi ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub, bu əlaqələr gündən-günə inkişaf edir və möhkəmlənir. Zakir Həsənov daha sonra Qəbələyə gələn Gürcüstanın müdafiə naziri Levan İzoriya ilə görüşüb. Zakir Həsənov bu görüşdə də önəmli fikirlər söyləyib. Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsinə diqqət çəkən Zakir Həsənov NATO ilə əməkdaşlığı da unutmayıb: ”Əməkdaşlığımız NATO-nun keçirdiyi proqramlar çərçivəsində və digər sahələrdə aparılır və bu əməkdaşlığın fəaliyyət sahələrinin daha da genişləndirilməsi vacibdir”. Görüşdə Azərbaycanın və Gürcüstanın müdafiə nazirlikləri arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb. Gürcüstan NATO üzvü olmaq istəyir, Azərbaycanın belə bir hədəfi hələ ki, yoxdur. Buna baxmayaraq, Zakir Həsənov iki ölkənin NATO proqramlarında birgə iştirakına diqqət çəkir, o cümlədən boru xətlərinin birgə qorunması vacibliyini vurğulayır. Boru xətlərinin qorunması məsələsində də Azərbaycanla Gürcüstanın NATO-nun imkanlarından istifadəsi nəzərdə tutula bilər. Bu isə o deməkdir ki, Azərbaycanın müdafiə naziri gürcü həmkarı kimi NATO ilə sıx inteqrasiyanın tərəfdarıdır. Qəbələdəki ikitirəfli və üçtərəfli görüşlər həm də ona görə vacib idi ki, rəsmi Tiflis Azərbaycanla strateji münasibətlərə diqqət yetirsin, bu əməkdaşlığa xələl gətirən addımlardan çəkinsin. Çünki rəsmi Tiflisin Azərbaycan və Türkiyə ilə artan hərbi əməkdaşlığı birinci növbədə Gürcüstanın maraqlarına xidmət edir”.

Vaqif Dərgahlı ile ilgili görsel sonucu

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı “Yeni Müsavat”a bildirdi ki, bu, müdafiə nazirlərinin 7-ci görüşü olub: “Görüşün yekunlarına dair protokol imzalandı. Nazirlər razılaşdılar ki, bundan sonra da görüşlər, təmaslar davam etdirilsin. Hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsini, xüsusilə ikitərəfli və üçtərəfli təlimlərin keçirilməsini vurğuladılar. Həmçinin ekspertlərin qarşılıqlı səfərlərinin təşkili, köməkçilərdən ibarət işçi görüşlərinin keçirilməsi barədə müzakirələr oldu”. MN rəsmisi birgə təlimlərin Ermənistanda həyəcanla izlənilməsi, həmçinin Rusiya səfirinin də bu barədə açıqlama verməsinə də toxundu: “Nazirlər dedilər, mən də təsdiqləyə bilərəm ki, hər üç tərəf aparılan bu danışıqların heç bir qarşı tərəfə deyil, regiondakı stabilliyə, sabitliyə xidmət etdiyini, burada həyata keçirilən layihələrin təhlükəsizliyinə istiqamətləndiyini vurğuladılar. Yəni bu üçtərəfli görüşlərin digər heç bir dövlətə aidiyyəti yoxdur”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir