Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyi “Vətən Müharibəsində iştirak edən qazilərə Azərbaycanın tarixi və görməli yerlərinə səyahətlərin təşkili və sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsini icra edir.
Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyindən QHT.az-a verilən məlumata əsasən ilk tədbir bir qrup qazininin Bakı şəhərində və ətrafında olan tarixi yerlərə səyahətlə başladı. Vətən Müharibəsi qaziləri xüsusi avtobusla Atəşgah məbədinə gəldilər. Daha sonra avtobusla İçəri şəhərə gələrək Şirvanşahlar sarayı və digər tarixi yerləri gəzdilər.
“Vətən Müharibəsində iştirak edən qazilərə Azərbaycanın tarixi və görməli yerlərinə səyahətlərin təşkili və sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsi çərçivəsində gəzintidə qazilərin istirahətini maraqlı təşkil etmək üçün məşhur Kah-kaha restoranına gəldilər. Layihə rəhbəri Şəbnəm Rəfaelqızı bir daha onları salamlayaraq, layihə barədə geniş məlumat verdi. Bu layihənin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənməsinə görə minnətdarlığını bildirdi. Psixoloqlar Vəfa Abbasova və Könül Abbasova qazilərlə maraqlı söhbət apardılar. Tədbirə dəvətli olan QHT sədri Mətanət Əsgərqızı qeyd etdi ki, bu tədbir əslində dövlətin Vətən Müharibəsi qazilərinə diqqətin nəticəsidir. Hər kəsin borcu şəhid ailələrinə və Vətən Müharibəsi qazilərinə qayğı göstərməkdir. Restoran rəhbərliyi qazilərin şərəfinə bir sürpriz etdi. Canlı musiqi dəqiqələrində Xudayar təsnifi, vətənpərvərlik mahnıları oxundu. Qazilərdən də mahnı oxuyan oldu. Daha sonra yemək , çay-kofe və şiriniyyat stolu düzənləndi. İştirakçılar Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri , Layihə rəhbəri Şəbnəm Rəfaelqızına minnətdarlıq bildirildi. Qazilər qeyd etdilər ki, illərdir Bakı şəhərində yaşasalar da Atəşgahda və Şirvanşahlar sarayında olmayıblar. Müharibədən sonra bəzən düşünürdülər ki, yaddan çıxıblar. Lakin bu gün keçirilən 7-8 saat onlara istirahət bəxş etməklə yanaşı , həm də yadda və diqqətdə olduqlarını sübut etdi. Layihə rəhbəri Şəbnəm Rəfaelqızı qeyd etdi ki, çəkilən şəkillər, video görüntülər isə tezliklə onlara hədiyyə olaraq göndəriləcək. Tədbirin sonunda Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri layihənin işıqlandırılmasında dəstəyə görə mətbuat nümayəndələrinə , tədbirdə iştirak edən Xeberler 24 kanalının nümayəndəsi Zəhra Qədirovaya , xüsusi ilə QHT.AZ, Boyukmillet.com, Sabahinfo.az, Sosialmedia.az, AktualTV.az, amia.az, sabaha-inamla.az, Sosialxeber.az , günaydın.az , saytlarına və TV8, Xeberler 24 kanalına minnətdarlığını bildirdi.
“Vətən Müharibəsində iştirak edən qazilərə Azərbaycanın tarixi və görməli yerlərinə səyahətlərin təşkili və sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsinin ikinci tədbiri İsmayıllı rayonuna ziyarətlə başlayacaq.