Cümə , 22 Noyabr 2024
Drone Cameras

Müdafiə nazirinin müavinləri azad edilmiş ərazilərdə olub

Müdafiə nazirinin müavinləri – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev yeni inşa olunaraq şəxsi heyətin istifadəsinə verilən infrastruktura baxış keçirib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müasir tələblər nəzərə alınmaqla inşa olunan infrastrukturda şəxsi heyətin bütün zəruri ehtiyacları tam qarşılanıb.

Burada qərargah binası, yataqxana, hamam-sanitar qovşağı, ehtiyat qidaların saxlanması üçün ərzaq anbarı, əşya anbarı, qazanxana, ideoloji sinif, xidməti, məişət və silah otaqları mövcuddur. Şəxsi heyətin qidalanması üçün nəzərdə tutulan yeməkxana binası müasir standartlara cavab verən məişət texnikası və inventarla təchiz edilib.

Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb. Bundan əlavə, hərbi qulluqçuların asudə vaxtlarının səmərəli təşkili üçün idman şəhərciyi salınıb. Ərazidə abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilib.
Nazir müavinləri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı müvafiq göstərişlər verib.

Sonra general-leytenant N.Osmanov və general-leytenant Ə.Əfəndiyev şəxsi heyətlə görüşərək onların qayğıları ilə maraqlanıb, hərbi qulluqçuları qarşıdan gələn Ramazan bayramı münasibətilə general-polkovnik Zakir Həsənovun adından təbrik edərək xidmətlərində uğurlar arzulayıb. Hərbi qulluqçular yaradılan yüksək şəraitə, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda müdafiə nazirinin aidiyyəti üzrə müvafiq tapşırıqları şəxsi heyətə çatdırılıb, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Check Also

Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir

Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu …