ATƏT Parlament Assambleyasının Lüksemburqda davam edən 28-ci illik sessiyası çərçivəsində Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitənin iclası keçirilib. Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev adıçəkilən Komitənin məruzəçisi irlandiyalı deputat Alen Farrellin hazırladığı Hesabatın və qətnamə layihəsinin müzakirəsində çıxış edib.
ATƏT PA-nın vitse-prezidenti diqqəti sözügedən qətnamə layihəsinin 10-cu bəndinə, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ətraf rayonundakı münaqişənin adı ilə bağlı məsələyə çəkib.
Azay Quliyev cənab Farrellin hazırladığı hesabatda əksini tapan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunu – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanı əhatə edən münaqişə də daxil olmaqla, ATƏT ərazisindəki uzanan münaqişələrin həll edilməsinin regionda davamlı sülh və inkişafın bərqərar olunması üçün əsas şərtlərdən olması fikrini yüksək qiymətləndirib: “Bu münaqişənin həlli bazasını BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsi və ATƏT PA bəyannamələrinin təşkil etdiyinə dair məruzəçinin prinsipial mövqeyini bölüşürəm. Ümumiyyətlə, ATƏT-ə üzv olan dövlətlərin ərazisindəki bütün münaqişələrin həlli məsələsi istisnasız olaraq ATƏT və onun Parlament Assambleyasının gündəliyinin prioritetləri sırasında olmalıdır.
Bununla bərabər, ATƏT-in müvafiq sənəd və qərarlarına uyğun olaraq, ATƏT-in bütün prinsip və öhdəlikləri uzanmüddətli münaqişələrə münasibətdə bərabər və qəti şəkildə tətbiq edilməlidir.
Bu məsələyə dair fərqli yanaşma irəli sürmək güc tətbiqinin beynəlxalq hüquq normalarından üstün olmasının tanınması və ATƏT-in prinsip və öhdəliklərinin pozulması nəticəsində yaranan vəziyyətin qəbul edilməsi mənasına gətirib çıxarır. Xatırlatmaq istərdim ki, bu münaqişəyə dair belə formatda istinad BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə də tam uyğunluq təşkil edir”.
ATƏT PA-nın vitse-prezidenti Qətnamə layihəsində istisna olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ayrı rayonundakı münaqişənin adının dəyişdirilməsinin qəbuledilməz olduğunu və heç bir halda Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunması və tərəflərin yaxınlaşması məqsədlərinə xidmət etmədiyini vurğulayıb.
Azay Quliyev mövqeyini əsaslandırmaq üçün deputatların diqqətini 3 məsələyə çəkib: “Birincisi, adın ilkin variantı ATƏT-in Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionundakı münaqişəyə dair 1992-ci ildə qəbul etdiyi qərarına və münaqişənin adını “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişə” kimi göstərən BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsinə uyğundur.
İkincisi, 1992-ci ilin mayından 1993-cü ilin dekabrına qədərki dövrdə Ermənistan-Azərbaycan münaqişəsi Dağlıq Qarabağ bölgəsi ətrafında yerləşən yeddi rayonu da əhatə edərək geniş miqyaslı müharibəyə çevrilib. Azərbaycan rayonlarının işğalından sonra BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətrafındakı vəziyyətlə bağlı narahatlıq ifadə edən qətnamələr qəbul etmiş, Azərbaycan ərazilərinin işğalını pisləmiş və erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb etmişdir. Bunların hamısı gözardı edilməsi mümkün olmayan faktlardır.
Beləliklə, 1993-cü ildən etibarən biz bu münaqişəni yalnız Dağlıq Qarabağ münaqişəsi adlandıra bilmərik, ona görə ki bu münaqişə bölgənin hüdudlarından kənara çıxmışdır və bununla da, işğal edilən və münaqişədən zərər çəkən ərazilərin sahəsi və əhalisi Dağlıq Qarabağdan bir neçə dəfə çox olmuşdur.
ATƏT PA-nın vitse-prezidenti bildirib ki, zorla doğma torpaqlarını tərk etməli olmuş azərbaycanlılarla birlikdə Dağlıq Qarabağ bölgəsi əhalisinin sayı 180 min, ərazisi isə 4,4 min km2 təşkil etdiyi halda, adını çəkilən 7 rayonun əhalisinin sayı 850 min, ərazisi isə 11 min km2 təşkil edir.
Üçüncüsü, BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının qətnamələri, eləcə də ATƏT-in qərarlarında təsbit olunduğu kimi, Dağlıq Qarabağ regionu Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq hüquq normalarına uyğun olaraq, işğal müvəqqəti bir haldır və suverenliyin ötürülməsinə gətirib çıxara bilməz”.
Azay Quliyev deyib ki, Assambleya üzvlərinə regional təşkilat olan ATƏT PA-nın icrası məcburi və hüquqi baxımdan mütləq olan Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini tam və qeyd-şərtsiz olaraq həyata keçirilməsini təşviq etməli olduğunu xatırlatmağa ehtiyac yoxdur: “Bu baxımdan ümid edirəm ki, siz 10-cu maddənin ilkin redaktəsini dəstəkləyəcəksiniz. Biz Gürcüstan, Azərbaycan, Moldova və Ukraynanın ərazilərindəki uzanan münaqişələrin həllində hər hansı bir istisna və ya ikili yanaşmaya yol verə bilmərik”.